12 yaşında Beynəlxalq Riyaziyyat Olimpiadasının ən gənc qızıl medalçısı olan Terens Tao bu gün dünyanın ən tanınmış riyaziyyatçılarından biridir.
AzEdu.az Terens Taonun uşaqlıqdan başlayan riyazi uğurları, elmi kəşfləri və süni intellekt sahəsindəki fəaliyyəti haqqında araşdırma yazısı hazırlayıb.
1985-ci ildə çəkilən bir fotoşəkildə 10 yaşlı Terens Tao məşhur riyaziyyatçı Pal Erdöşlə (Paul Erdős) yanaşı əyləşərək riyazi problem üzərində müzakirə aparır. Həmin vaxt onun gələcəkdə riyaziyyatın müxtəlif sahələrində mühüm kəşflərə imza atacağı hələ məlum deyildi.

Lakin Taonun qeyri-adi istedadı çox erkən yaşlardan özünü göstərməyə başlamışdı. O, hələ iki yaşında olarkən rəqəmləri və sadə toplama əməliyyatlarını öyrənmiş, doqquz yaşında universitet səviyyəsində riyaziyyat dərslərinə qatılmışdı.
Sonrakı illərdə əldə etdiyi elmi nailiyyətlər isə onu müasir dövrün ən məhsuldar riyaziyyatçılarından birinə çevirib.
Terens Tao kimdir?
Terens Tao 17 iyul 1975-ci ildə Avstraliyanın Adelaida şəhərində anadan olub. Atası həkim, anası isə riyaziyyat və fizika təhsili almış müəllim olub.
Onun riyazi qabiliyyəti hələ uşaqlıqdan diqqət çəkib. Beş yaşında məktəbə başlayan Tao qısa müddətdə yaşıdlarından fərqlənməyə başlayıb. Doqquz yaşında Flinders Universitetində riyaziyyat dərslərinə qatılıb.
Tao 1986-cı ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc, 1987-ci ildə gümüş, 1988-ci ildə isə qızıl medal qazanıb. Beləliklə, 12 yaşında olimpiada tarixinin ən gənc qızıl medalçılarından biri kimi tarixə düşüb.
16 yaşında bakalavr və magistr təhsilini başa vuran Tao daha sonra Prinston Universitetində doktorantura təhsili alıb. 1996-cı ildə, cəmi 20 yaşında doktorluq dərəcəsini əldə edib.
24 yaşında Kaliforniya Universitetinin Los-Anceles kampusunda (UCLA) professor vəzifəsinə yüksəlib. 2006-cı ildə isə riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan sayılan Filds medalına layiq görülüb.

Riyaziyyat dünyasını dəyişən üç mühüm nailiyyət:
Terens Taonun elmi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri müxtəlif riyazi sahələr arasında əlaqələr qurmasıdır. Onun harmonik analiz, ədədlər nəzəriyyəsi, kombinatorika və diferensial tənliklər üzrə araşdırmaları riyaziyyatın inkişafına mühüm töhfələr verib.
1. Sadə ədədlərlə bağlı 2000 illik sirrin həlli
Taonun ən məşhur nailiyyətlərindən biri britaniyalı riyaziyyatçı Ben Qrinlə (Ben Green) birlikdə sübut etdiyi Green-Tao teoremidir.
Sadə ədədlər yalnız özünə və birə bölünən ədədlərdir. Onların natural ədədlər arasında paylanması nizamsız görünsə də, müəyyən riyazi qanunauyğunluqlar mövcuddur.
Tao və Qrin 2004-cü ildə sadə ədədlər arasında istənilən uzunluqda ədədi silsilələrin mövcud olduğunu sübut ediblər. Başqa sözlə, yalnız sadə ədədlərdən ibarət, hədləri arasındakı fərq sabit olan silsilələr nə qədər uzun istənilsə də mövcuddur.
Bu nəticə ədədlər nəzəriyyəsində mühüm irəliləyiş hesab olunur və sadə ədədlərin quruluşunun daha dərindən öyrənilməsinə yeni imkanlar yaradıb.
2. 80 illik riyazi problemin həlli
Taonun digər mühüm uğuru məşhur riyaziyyatçı Pol Erdöşün irəli sürdüyü və təxminən 80 il açıq qalan fərziyyənin sübut edilməsidir.
Problem +1 və −1 rəqəmlərindən ibarət sonsuz ardıcıllıqlarla bağlı idi. Əsas sual bu rəqəmlər necə sıralanırsa sıralansın, müəyyən aralıqlarla seçilmiş hədlərin cəminin istənilən qədər böyüyə bilib-bilməyəcəyi idi.
Tao 2015-ci ildə bu fərziyyəni sübut edərək uzun illər riyaziyyatçıların diqqətində olan problemi həll edib.
3. Bir həndəsi fiqurla bütün müstəvini örtmək mümkündürmü?
Riyaziyyatda uzun müddət müzakirə olunan problemlərdən biri də tək bir həndəsi fiqurla müstəvini boşluq qoymadan, lakin təkrarlanan naxış yaratmadan örtməyin mümkünlüyü idi.
Bu məsələ “Eynşteyn problemi” kimi tanınır. Adı məşhur fizik Albert Eynşteynlə əlaqələndirilsə də, əslində almanca “ein Stein” – “bir daş” ifadəsinə əsaslanır.
Terens Tao və Reyçel Qrinfeld (Rachel Greenfeld) 2022-ci ildə yüksək ölçülü fəzalarda belə döşəmənin mümkünlüyünü göstərən araşdırma yayımlayıblar.
2023-cü ildə isə başqa bir tədqiqatçı qrupu ikiölçülü müstəvidə də bu xüsusiyyətə malik tək bir həndəsi fiqur tapıb. Bu kəşf riyaziyyatda uzun müddət müzakirə olunan problemin həllində mühüm mərhələ olub.
Terens Tao süni intellektlə riyaziyyatın gələcəyini necə dəyişir?
Terens Taonun elmi fəaliyyəti ənənəvi riyazi problemlərlə məhdudlaşmır. O, son illərdə süni intellektin riyazi tədqiqatlarda tətbiqi ilə də məşğul olur.
2026-cı ilin aprelində UCLA Taonun daxil olduğu tədqiqat qrupunun ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyindən (DARPA) 5 milyon dollar maliyyə dəstəyi aldığını açıqlayıb.
Üçillik layihənin məqsədi süni intellekt vasitəsilə mürəkkəb riyazi problemlərin hissələrə ayrılması, yeni sübut strategiyalarının hazırlanması və əldə olunan nəticələrin yoxlanılması prosesini sürətləndirməkdir.
Araşdırmada Lean və Isabelle kimi formal sübut yoxlama sistemlərindən istifadə nəzərdə tutulur. Bu sistemlər riyazi sübutların kompüter vasitəsilə addım-addım yoxlanılmasına imkan verir.
Tao hesab edir ki, süni intellekt riyaziyyatçıların iş üsulunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Xüsusilə mürəkkəb məsələlərin kiçik hissələrə bölünməsi, müxtəlif tədqiqatçıların nəticələrinin birləşdirilməsi və sübutların dəqiqliyinin yoxlanılması bu texnologiyanın yaratdığı əsas imkanlardandır.
Beləliklə, uşaqlıqdan qeyri-adi riyazi istedadı ilə seçilən Terens Tao bu gün yalnız mövcud problemlərin həlli ilə deyil, gələcəkdə riyaziyyatın necə inkişaf edəcəyini müəyyənləşdirə biləcək texnologiyalarla da məşğuldur. Onun fəaliyyəti riyaziyyatın təkcə nəzəri elmlə məhdudlaşmadığını, süni intellekt və digər texnoloji istiqamətlərlə də sıx əlaqədə olduğunu göstərir.