Buraxılış imtahanlarına informatika fənninin əlavə edilməsi məsələsi gündəmdədir. Süni intellekt dövründə rəqəmsal bilik və bacarıqların əhəmiyyəti artdıqca informatika fənninin tədrisi ilə yanaşı, bu sahədə şagirdlərin biliklərinin qiymətləndirilməsi də aktuallaşır.
Bu baxımdan informatika fənninin buraxılış imtahanlarına daxil edilməsinin əhəmiyyəti və zəruriliyi müzakirə olunur.
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil mütəxəssisi Vüsət Əzizov informatika fənninin buraxılış imtahanlarına daxil edilməsini müasir dövrün tələblərinə uyğun, aktual və əhəmiyyətli təşəbbüs kimi qiymətləndirib.

“İnformatika fənninin buraxılış imtahanlarına daxil edilməsi müasir dövrün tələbləri baxımından aktual və əhəmiyyətli təşəbbüsdür. Çünki artıq rəqəmsal savadlılıq yalnız İT mütəxəssisləri üçün deyil, bütün peşə sahibləri üçün zəruri bacarığa çevrilib. Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi bir şəraitdə şagirdlərin kompüterdən istifadə etməyi bilməsi kifayət deyil. Onlar informasiyanı təhlil etməyi, rəqəmsal təhlükəsizliyi təmin etməyi, alqoritmik düşünməyi və süni intellekt alətlərindən düzgün istifadə etməyi də bacarmalıdırlar.
Burada bir məqamı nəzərə almaq vacibdir: informatikanın buraxılış imtahanlarına daxil edilməsi şagirdlərin sadəcə əlavə bir fəndən imtahan verməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd onların real rəqəmsal bacarıqlarının qiymətləndirilməsi olmalıdır.
Bu gün məktəblərdə informatika dərslərinin məzmununa yenidən baxılmasına ehtiyac var. Təəssüf ki, bəzi hallarda bu dərslər kompüterin quruluşu, proqram təminatı və nəzəri məlumatların öyrədilməsi ilə məhdudlaşır. Halbuki müasir informatika təhsili proqramlaşdırmanın əsaslarını, məntiqi və alqoritmik düşüncəni, kibertəhlükəsizliyi, məlumatlarla işləməyi, eləcə də süni intellektin imkan və risklərini əhatə etməlidir”.
İnformatika fənnindən imtahan tətbiq olunacaqsa, əvvəlcə bütün məktəblərdə bərabər texniki imkanlar və keyfiyyətli tədris təmin edilməlidir:
"Digər vacib məsələ müəllim hazırlığı və məktəblərin texniki təminatıdır. Əgər biz informatika fənnindən imtahan tətbiq ediriksə, bütün şagirdlərin keyfiyyətli tədrisə və lazımi texniki imkanlara bərabər çıxışını təmin etməliyik. Bakı məktəbi ilə ucqar kənd məktəbi arasında kompüter təminatı və internet imkanları baxımından fərqlər olduğu halda, vahid qiymətləndirmə mexanizminin tətbiqi müəyyən ədalətsizliklər yarada bilər.
Məncə, bu yenilik tətbiq edilməli olsa mərhələli şəkildə həyata keçirilməli, əvvəlcə tədris proqramları yenilənməli, müəllimlər hazırlanmalı, məktəblərin texniki imkanları gücləndirilməli, daha sonra qiymətləndirmə mexanizmi tətbiq olunmalıdır. Həmçinin imtahan sualları əzbərçiliyi deyil, praktiki bilikləri və problem həll etmək bacarığını ölçməlidir".
İnformatika imtahanı ilə bağlı qərar 2-3 il əvvəl açıqlanmalıdır
“Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, süni intellekt dövründə uşaqlara yalnız texnologiyadan istifadə etməyi deyil, həm də texnologiyanın təqdim etdiyi məlumatlara tənqidi yanaşmağı, yanlış informasiyanı müəyyənləşdirməyi və süni intellektin verdiyi nəticələri yoxlamağı öyrətməliyik.
Gələcəyin savadlı insanı yalnız oxumağı, yazmağı və hesablamağı bacaran deyil, eyni zamanda rəqəmsal dünyada müstəqil düşünə və düzgün qərarlar verə bilən şəxsdir. Bu baxımdan informatika fənninin buraxılış imtahanlarında qiymətləndirilməsi təhsil sistemimizin müasir çağırışlara uyğunlaşması istiqamətində mühüm addım ola bilər. Ancaq unutmamalıyıq ki, imtahan təhsilin məqsədi deyil, əldə edilmiş bilik və bacarıqların ölçülməsi vasitəsidir.
Hər bir halda, informatika fənninin buraxılış imtahanlarına əlavə edilməsi ilə bağlı qərar qəbul olunarsa, bu barədə ictimaiyyətə ən azı 2-3 il əvvəlcədən məlumat verilməli və zəruri hazırlıq işləri görülməlidir”.