Azedu.az

“Mütləq geri dönəcəyimizə inanırdıq" - Kəlbəcərli müəllimdən təsirli xatirələr

Müsahibə və reportajlar

25 Noyabr 2026, 17:32
“Mütləq geri dönəcəyimizə inanırdıq" - Kəlbəcərli müəllimdən təsirli xatirələr

22 yaşlı gəncin yaddaşında qalan Kəlbəcərlə 54 yaşında yenidən gördüyü Kəlbəcər arasında 32 illik zaman məsafəsi var. Azər Cəfərov 1993-cü ildə universitetin birinci kursunda oxuyarkən doğma şəhərindən ayrılmağa məcbur olub. İllər sonra isə həyatının böyük bir hissəsini həsrətini yaşadığı Kəlbəcərə qayıdıb. Bir vaxtlar tələbə kimi ayrıldığı şəhərdə bu gün müəllim olaraq fəaliyyət göstərir.

Kəlbəcər şəhər 1 nömrəli məktəbdə çağırışaqədərki hazırlıq fənnini tədris edən Azər Cəfərovla söhbətimizdə işğaldan əvvəlki şəhər xatirələrindən, məcburi köçkünlük illərindən, 30 ildən sonra doğma küçələrə qayıtmağın yaratdığı hisslərdən və Kəlbəcərin gələcəyindən danışdıq.

AzEdu.az müsahibəni təqdim edir:

- Azər müəllim, Kəlbəcərdə keçən uşaqlıq və gənclik illərinizi necə xatırlayırsınız? Doğma şəhərinizin yaddaşınızda qalan mənzərəsi necədir?

- Uşaqlığım, gəncliyim orada keçib. Doğma şəhərimizlə bağlı çoxlu xatirələrim var. Kəlbəcər mənim üçün sadəcə, yaşadığım yer deyil, həyatımın ən gözəl illərinin keçdiyi məkandır. Kəlbəcər şəhəri, Nizami küçəsi 23-də yerləşən ata evimiz, məhəlləmiz, dostlarımız, qonşularımız - hamısı yaddaşımda yaşayır. Hər dəfə Kəlbəcəri xatırlayanda gözümün önündə həmin günlər canlanır.

- 1993-cü ildə Kəlbəcəri tərk edəndə cəmi 22 yaşınız vardı. Həmin günlərdə yaşadıqlarınızdan danışardınızmı?

- Kəlbəcər işğal olunanda 22 yaşım vardı. Həmin vaxt Gəncədə universitetin birinci kursunda oxuyurdum. Baş verən hadisələr həyatımızı tamamilə dəyişdi. Doğma şəhərimizdən, evimizdən, ailə ocağımızdan ayrılmalı olduq. O yaşda insanın gələcəklə bağlı çoxlu arzuları, planları olur. Mən də özümü Kəlbəcərdə, doğma torpağımda təsəvvür edirdim. Amma müharibə bütün həyatımızı dəyişdi.

- Kəlbəcərdən ayrıldıqdan sonra doğma yurd həsrəti gündəlik həyatınıza necə təsir edirdi?

- Kəlbəcər həsrəti bizi heç vaxt  tərk etmədi. Harada yaşamağımızdan asılı olmayaraq, fikrimiz, düşüncəmiz həmişə doğma torpağımızda idi. İnsan öz evindən, uşaqlığının keçdiyi yerdən ayrı düşəndə bunun nə demək olduğunu yalnız yaşayanlar bilər. Hər zaman bir gün geri dönəcəyimizə inanırdıq. Bu inam bizi yaşadırdı.

- Uzun illər sonra Kəlbəcərin azad olunması xəbərini necə qarşıladınız?

- Bu xəbər bizim üçün böyük sevinc idi. İllərlə gözlədiyimiz günə qovuşmuşduq. Kəlbəcərin azad olunması hər  kəlbəcərli kimi mənim də həyatımda ən unudulmaz hadisələrdən biridir. O an yaşadığımız hissləri sözlə ifadə etmək çətindir. Çünki söhbət təkcə bir şəhərin azad edilməsindən getmirdi. Söhbət doğma evimizə, torpağımıza, xatirələrimizə qovuşmaqdan gedirdi.

Kəlbəcərə qayıdanda çox fərqli hisslər yaşadım. Bir tərəfdən böyük sevinc vardı, digər tərəfdən illərlə uzaqda qaldığımız doğma şəhərimizi görmək insanı kövrəldirdi. Mən 22 yaşımda Kəlbəcərdən ayrılmışdım, 54 yaşımda geri qayıtdım. Aradan uzun illər keçmişdi. Bu müddətdə çox şey dəyişmişdi, amma insanın doğma torpağa bağlılığı dəyişməmişdi. Kəlbəcərə qayıtmaq mənim üçün həyatımın ən əlamətdar hadisələrindən biri oldu.

- Bir vaxtlar yaşadığınız evə, Nizami küçəsi 23 ünvanına qayıtmaq imkanınız oldumu? Həmin məkan sizə hansı xatirələri qaytardı?

- Bəli, həmin ünvan mənim üçün çox əzizdir. Çünki orada uşaqlığım, gəncliyim, ailə xatirələrim qalıb. İnsan illərlə doğma evini düşünür, xəyalında canlandırır. Ora qayıtmaq, həmin küçədə yenidən dayanmaq tamam başqa hissdir. Evimiz, həyətimiz, məhəlləmiz mənim yaddaşımda həmişə əvvəlki kimi yaşayır.

- Bu gün Kəlbəcərdə yenidən həyat qurulur. Şəhərdə gördüyünüz dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Kəlbəcərdə aparılan quruculuq işləri bizi sevindirir. Şəhərimiz yenidən qurulur, yaşayış binaları tikilir, insanlar doğma torpaqlarına qayıdırlar. Hazırda Kəlbəcərdə altı yaşayış binasında sakinlər məskunlaşıb. Bu, şəhərin dirçəlişinin göstəricisidir. Ən böyük arzumuz Kəlbəcərin əvvəlki kimi canlı, insanların yaşadığı, uşaqların böyüdüyü bir şəhərə çevrilməsidir.

- Bu gün doğma şəhərinizdə müəllim kimi fəaliyyət göstərirsiniz. Kəlbəcərə qayıdaraq burada çalışmaq sizin üçün nə ifadə edir?

- Bu gün Kəlbəcər şəhər 1 nömrəli məktəbdə "Çağırışaqədərki hazırlıq" fənnini tədris edirəm. Doğma torpağımda müəllim işləmək mənim üçün böyük qürurdur. Bir vaxtlar özüm bu şəhərdə gənc idim, indi isə burada yaşayan uşaqların gələcəyinə töhfə verməyə çalışıram. Məktəbdə təxminən, 120 şagird təhsil alır. Onların arasında olmaq, bilik və təcrübəmi bölüşmək mənə xüsusi sevinc verir.

- "Çağırışaqədərki hazırlıq" fənninin tədrisi zamanı şagirdlərə hansı bilik və bacarıqları aşılamağa çalışırsınız?

- Bu fənn şagirdlərə hərbi biliklər verməklə yanaşı, onlarda vətənpərvərlik hissinin formalaşmasına da xidmət edir. Mən çalışıram ki, uşaqlarımız Vətənin tarixini, dövlətimizin dəyərlərini, hüquq və vəzifələrini yaxşı bilsinlər. Onlara hərbi bilikləri öyrətməklə yanaşı, məsuliyyətli, intizamlı və Vətənə bağlı vətəndaş kimi yetişmələrinin vacibliyini izah edirəm.

- Kəlbəcərdə böyüyən şagirdlərə doğma şəhərlərinin işğal tarixindən və keçmişindən danışarkən hansı məqamlara xüsusi diqqət yetirirsiniz?

- Şagirdlər bilməlidirlər ki, yaşadıqları torpaq hansı tarixi yoldan keçib. Onlara Kəlbəcərin işğalından, insanların yaşadığı çətinliklərdən, doğma yurdlarından ayrı düşən ailələrin həsrətindən danışıram. Eyni zamanda, bu torpağın azad olunmasının necə böyük zəhmət və fədakarlıq hesabına başa gəldiyini izah edirəm. İstəyirəm ki, uşaqlar Kəlbəcərin tarixini unutmasınlar və onun gələcəyinə sahib çıxsınlar.

- Sizcə, doğma yurdda böyüyən yeni nəslin Kəlbəcərin gələcəyində rolu necə olmalıdır?

- Uşaqlar bizim gələcəyimizdir. Onlar yaxşı təhsil almalı, bilikli və bacarıqlı insanlar kimi yetişməlidirlər. Kəlbəcərin inkişafı üçün hər bir sahədə savadlı kadrlara ehtiyac olacaq. İstəyirəm ki, bu gün məktəbdə təhsil alan şagirdlər gələcəkdə öz doğma şəhərlərinin inkişafında iştirak etsinlər. Onlar həm Vətənini sevən, həm də üzərinə düşən məsuliyyəti dərk edən vətəndaşlar olmalıdırlar.

- Kəlbəcərin gələcəyini necə təsəvvür edirsiniz? Hansı arzularınız var?

- İstəyirəm ki, Kəlbəcər daha da inkişaf etsin, şəhərimizdə həyat canlansın, sakinlərin sayı artsın. Uşaqlarımız doğma torpaqda böyüsün, təhsil alsın, burada öz gələcəklərini qursunlar. Kəlbəcərin təbiəti, gözəlliyi, tarixi və turizm imkanları çox zəngindir. İnanıram ki, şəhərimiz gələcəkdə daha da gözəlləşəcək və əvvəlki şöhrətini bərpa edəcək.

- 25 noyabr - Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərlilərə və oxucularına nə demək istərdiniz?

- Bütün kəlbəcərliləri bu əlamətdar gün münasibətilə təbrik edirəm. Arzu edirəm ki, hər kəs doğma torpağına qayıtsın, öz evində, öz yurdunda yaşasın. Kəlbəcərimizin inkişafı, gözəlləşməsi, burada həyatın daha da canlanması hər birimizin arzusudur. Ən böyük istəyimiz odur ki, bir daha müharibə olmasın, torpaqlarımızda həmişə sülh və əmin-amanlıq hökm sürsün. Kəlbəcər Şəhəri Günümüz mübarək!

Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox