Dünyanın bir çox ölkələrində ekoloji şüurun təbliği istiqamətində intensiv addımların atıldığı sahələr içərisində təhsil prioritet mövqe tutmaqdadır. İstər orta, istərsə də ali təhsil seqmenti üzrə ekologiya, ətraf mühitin qorunması, iqlim təhlükəsizliyinin artırılması istiqamətində bir çox layihələr, tədris proqramları, könüllü təşəbbüslər həyata keçirilir. Bu, bir çox ölkələrdə təhsil proqramının vacib tərkib hissəsi hesab olunur.
Orta təhsillə yanaşı ali təhsil seqmentində də ekoloji maarifləndirmənin təbliği, “yaşıl təfəkkür”ün artırılması istiqamətində görülən işlər ürəkaçan deyil. Dünya universitetlərinin qarşıya məqsəd olaraq qoyduqları ekoloji hədəflər təəssüf ki, bizim ali təhsil müəssisələrinin xüsusi maraq dairəsində deyildir.
Azərbaycan universitetlərinin ekoloji təşəbbüslərə çox maraqlı olmaması bu istiqamətdə zəruri boşluq yaratmışdır. Aparıcı ali təhsil müəssisələrimizdə dünya universitetlərindən fərqli olaraq nə karbon təsirlərinin azaldılması proqramları, nə də ətraf mühitin qorunması məqsədilə geniş tədqiqat mərkəzləri mövcuddur. Bir çox universitetlərdə ekoloji layihələr üzrə investisiyalar və resurslar məhduddur. Bu sahədə görülən tədbirlər daha çox formal xarakter daşıyır və effektli nəticələrə səbəb olmur.
Azərbaycan universitetləri təəssüf ki, ekoloji təşəbbüslərin tətbiqi və davamlılığı sahəsində dünya reytinqlərində ciddi mövqeyə sahib deyillər. Times Higher Education (THE) beynəlxalq reytinq təşkilatının İqlim (Climate) və “GreenMetric” kimi dünya ekoloji reytinqlərində Azərbaycanın bəzi universitetləri iştirak etsə də, nəticələri zəifdir.
THE-nin təsir reytinqində son illərdə Azərbaycan universitetlərindən cəmi 18-i sosial və ekoloji göstəricilər üzrə məlumat paylaşmağa başlayıb. Məsələn, ADA Universiteti, Sumqayıt Dövlət Universiteti kimi müəssisələr iqlim fəaliyyətini proqramlarına daxil etməsini müsbət hal kimi vurğulamaq olar.
“GreenMetric” reytinqinə əsasən, Azərbaycanın bir neçə universiteti enerji, su təchizatı, tullantıların idarə olunması sahələrində müəyyən fəaliyyətlər həyata keçirsə də, əsasən Avropa və Şimali Amerika universitetləri ilə müqayisədə çox geridə qalır. GreenMetric 2023-ci ilin məlumatlarına görə UNEC, Qərbi Kaspi Universiteti, Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblər müəyyən mövqelərə sahib olublar.
Dünya universitetləri isə bu istiqamətdə sürətlə irəliləyir. Müqayisə üçün Türkiyə universitetləri götürsək, bu sıra meyarlarda geri qaldığımızı həmən görmək mümkündür. Türkiyənin ali təhsil məkanında da bir çox universitetlər ekoloji davamlılıq sahəsində öncül təcrübələrə malikdirlər və davamlı inkişafı təşviq edən layihələr həyata keçirirlər. Boğaziçi Universiteti bu sahədə nümunə hesab edilməlidir. Universitet kampuslarında günəş panelləri, suyun təkrar istifadəsi və tullantıların azaldılması sistemləri tətbiq olunur. Hətta, Boğaziçi Universiteti “Yaşıl Universitetlər” reytinqində 2023-cü ildə ilk 100-lükdə yer almışdır. Universitetin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzi iqlim məsələləri ilə bağlı mütəmadi seminar və layihələr təşkil edir. Bu universitetin təcrübəsi göstərir ki, ekoloji məsələlərə əhəmiyyət verilməsi universitetin qlobal reytinqlərdə mövqeyinə də müsbət təsir göstərir.
Coğrafi baxımdan bizə ən yaxın ölkələrdən biri sayılan Gürcüstanda belə bu istiqamətdə vəziyyət çox yaxşıdır. Ölkənin ali təhsil seqmentində ekoloji təfəkkürün inkişafı istiqamətində daha praqmatik addımlar atılır.
Xüsusilə də Tbilisi Dövlət Universiteti özünün effektli ekoloji təşəbbüslər ilə tanınır. Universitetdə ayrıca olaraq ekologiya mərkəzi yaradılıb və bu mərkəz tələbələrə ekoloji təhsili inkişaf etdirmək üçün kurslar təqdim edir. Universitet eyni zamanda, iqlim dəyişikliklərinə qarşı mübarizədə maarifləndirmə tədbirləri keçirir və kampusda enerjiyə qənaət texnologiyalarından istifadə edir. Statistik məlumatlara görə, TSU-nun həyata keçirdiyi enerji qənaəti tədbirləri illik enerji sərfini 10%-ə qədər azaltmağa kömək edib.