Azedu.az

Xarici dil nəticələri niyə zəifdir? - "Həftədə 1 saat dərs ilə uğur gözləmək olmaz"

Buraxılış imtahanları

27 İyul 2026, 12:21
Xarici dil nəticələri niyə zəifdir? - "Həftədə 1 saat dərs ilə uğur gözləmək olmaz"

2025-ci ilin statistik nəticələri göstərir ki, həm 9-cu, həm də 11-ci sinif buraxılış imtahanlarında, Azərbaycan dili (dövlət dili) fənni istisna olmaqla bütün xarici dil fənləri üzrə iştirakçıların böyük əksəriyyəti 0-20 bal intervalında nəticə göstərib. 

11-ci sinif buraxılış imtahanında xarici dil fənləri və dövlət dili kimi Azərbaycan dili fənni üzrə ümumilikdə 123 206 nəfər iştirak edib və onlardan 933-ü 0 nisbi bal toplayıb. 9-cu sinif buraxılış imtahanında isə ümumilikdə 170 823 nəfər iştirak edib. Bu iştirakçılardan 1 472 nəfəri 0 nisbi bal əldə edib.

Statistik göstəricilər fonunda sual yaranır: Abituriyentlərin xarici dil imtahanlarında zəif nəticə göstərməsinin əsas səbəbləri nələrdir?

AzEdu.az-a mövzu ilə bağlı “İlin gənc müəllimi”, ingilis dili müəllimi Aynur Axundova açıqlama verib.

184418
 

İbtidai siniflərdə xarici dilə həftədə cəmi 1 saat ayrılır və bu, erkən yaşda dil bacarıqlarının formalaşması üçün kifayət etmir:

“2025-ci ilin statistik nəticələri xarici dil tədrisi ilə bağlı ciddi təhlillərin aparılmasını zəruri edir. Lakin bu nəticələrə baxaraq təkcə müəllimi, şagirdi və ya məktəbi günahlandırmaq düzgün yanaşma olmaz. Problemin səbəbləri kompleks xarakter daşıyır.

İlk növbədə qeyd etmək lazımdır ki, ibtidai siniflərdə xarici dil fənninə həftədə cəmi 1 saat ayrılır. Bu müddət şagirdlərin erkən yaşda dil bacarıqlarının formalaşdırılması və məktəb mühitində xarici dilə olan ehtiyacının ödənilməsi üçün kifayət etmir. Halbuki məhz ibtidai mərhələ dil öyrənmənin ən həssas və məhsuldar dövrüdür.

Digər mühüm problem məktəblərdə müasir xarici dil və ya linqvistika kabinetlərinin olmamasıdır. Dil yalnız dərslik vasitəsilə deyil, audio, video, interaktiv resurslar və kommunikativ mühit vasitəsilə öyrədildikdə daha effektiv nəticə verir. Təəssüf ki, bir çox məktəbdə belə imkanlar mövcud deyil”.

Siniflərdə şagird sayının çox olması da keyfiyyətli xarici dil tədrisinə mənfi təsir göstərir:

“Beynəlxalq təcrübədə xarici dil dərslərinin səmərəli təşkili üçün 8-10 nəfərlik qruplar daha məqsədəuyğun hesab olunur. Lakin ölkəmizdə, xüsusilə rayon və kənd məktəblərində, hətta bölünmüş siniflərdə belə şagird sayı çox vaxt 20 nəfərdən artıq olur. Bu isə müəllimin hər bir şagirdin dinləmə, danışıq və yazı bacarıqlarına fərdi yanaşmasını çətinləşdirir.

Rayon və kənd məktəblərində daha bir reallıq ondan ibarətdir ki, bütün ailələrin repetitor hazırlığına maddi imkanı olmur. Mən bunu öz məktəbimin timsalında da müşahidə edirəm. Bir çox şagirdlər yalnız məktəbdə aldığı biliklə kifayətlənir. Buna görə də məktəbdə yaradılan tədris şəraiti onların nəticələrinə birbaşa təsir göstərir”.

Kollec və ali təhsil müəssisələrinə qəbul zamanı xarici dil üzrə yüksək bal tələbinin olmaması bəzi şagirdlərdə bu fənnə qarşı məsuliyyət hissini azaldır:

“Motivasiya da mühüm amillərdəndir. Bəzi şagirdlər xarici dili sadəcə əlavə bal gətirən fənn kimi qiymətləndirirlər. Bunun səbəblərindən biri də odur ki, bir çox kollec və ali təhsil müəssisələrinə qəbul zamanı xarici dil üzrə yüksək bal tələbi qoyulmur. Bu isə bəzi şagirdlərdə həmin fənnə qarşı məsuliyyət hissinin azalmasına səbəb olur.

Bundan başqa, ailə mühitinin də rolu böyükdür. Valideynlərin əksəriyyətinin xarici dil bilməməsi səbəbindən uşaqlar evdə dil praktikası edə bilmir və əlavə dəstək almırlar. Halbuki dil öyrənilməsi davamlı məşq və müntəzəm ünsiyyət tələb edən bir prosesdir.

Eyni zamanda, hər şagirdin xarici dili qavrama sürəti və öyrənmə potensialı fərqlidir. Məsələn, mənim ötən il 9-cu sinif buraxılış sinfim rayon üzrə xarici dil fənninin orta nəticəsindən yüksək - təxminən 35 faiz daha yaxşı nəticə göstərmişdi. Bu il isə nəticələr əvvəlki qədər yüksək olmadı. Bu, nə müəllimin zəif işləməsi, nə də şagirdlərin bacarıqsız olması deməkdir. Sadəcə hər buraxılış sinfinin akademik səviyyəsi, motivasiyası və dili qavrama xüsusiyyətləri fərqlidir”.

Xarici dil tədrisində uğurlu nəticə üçün kurikulumun bütün dil bacarıqları bərabər şəkildə inkişaf etdirilməlidir:

“Gələn ildən buraxılış imtahanına esse tapşırığının əlavə olunması ilk mərhələdə müəyyən çətinliklər yarada bilər. Çünki yazı bacarığı uzunmüddətli və sistemli hazırlıq tələb edir. Əgər məktəblərdə yazı bacarığına daha çox vaxt ayrılarsa, müəllimlər metodiki dəstəklə təmin olunarsa və qiymətləndirmə meyarları əvvəlcədən aydın şəkildə təqdim edilərsə, esse tapşırığı uzunmüddətli perspektivdə şagirdlərin dil bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər.

Ümumilikdə, xarici dil tədrisində uğurlu nəticə əldə etmək üçün tələb və təklif arasında düzgün balans qurulmalı, kurikulumun bütün dil bacarıqları: dinləmə, danışıq, oxu və yazı - bərabər şəkildə inkişaf etdirilməli, məktəblərdə müvafiq şərait yaradılmalı və bütün tərəflər: məktəb, müəllim, valideyn və şagird - bu prosesdə birgə iştirak etməlidir”.

Türk ölkəsindən Putinə etiraz - Müharibəni dayandır, gənclər ö*lür!
Son xəbərlərDaha çox