Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onlardan biri də Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Novruzlu Südabədir.
AzEdu.az bu münasibətlə Südabə ilə əlaqə saxlayıb.
Məqsədim 11-ci sinifdə 700 bal toplamaqdır:
“Mənə nəticəni valideynlərim xəbər verdi. Açığı, yüksək nəticə gözləyirdim və 300 bal toplamaq ehtimalının olduğunu düşünürdüm. Çünki il ərzində öz üzərimdə çox çalışmışdım. Amma buna baxmayaraq, nəticənin həqiqətən tam bal olması mənim üçün yenə də çox sevindirici və həyəcanlı oldu.
İmtahan mənə çox çətin gəlmədi. İngilis dili və riyaziyyatda demək olar ki, heç bir çətinlik çəkmədim. Azərbaycan dili isə bəzi qarışdırıcı suallar vardı. Amma ümumi olaraq imtahan mənim üçün rahat keçdi.
Hazırlıq prosesində riyaziyyat fənni üzrə hazırlığa gedirdim. Digər fənləri isə özüm oxuyurdum. Məktəb müəllimlərim də bu müddətdə mənə böyük dəstək göstəriblər. Onların əməyi mənim nəticəmdə çox böyük rol oynayıb.
Gələcəkdə dördüncü ixtisas qrupu üzrə hazırlaşmaq və Azərbaycan Tibb Universitetində tibb ixtisasına qəbul olmaq istəyirəm. Bu nəticə mənə daha böyük motivasiya verdi. Qarşıma məqsəd qoymuşam ki, 11-ci sinifdə 700 bal toplayım. Maksimal bal toplamaq üçün daha da əzmlə çalışacağam".
Gündə təxminən 8-9 saat dərslə məşğul olurdum:
“Günümün böyük hissəsi dərs oxumaqla keçirdi, amma eyni zamanda dostlarımla əlaqə saxlayır, sosial həyatdan da tam uzaq qalmamağa çalışırdım. Məncə, əsas məsələ balansı qorumaqdır. Həm dərsə ciddi yanaşmaq, həm də sosial münasibətləri davam etdirmək mümkündür. Gündə təxminən 8–9 saat dərslə məşğul olurdum.
Gələcəkdə Azərbaycanda təhsilimi tamamladıqdan sonra xaricdə də təhsil almaq istəyirəm. Bu həm mənim üçün yeni təcrübə olar, həm də bilik və dünyagörüşümün inkişafına böyük töhfə verər. Hazırda xaricdə hansı ölkədə təhsil alacağımla bağlı dəqiq qərar verməmişəm. Bu, hələlik gələcəklə bağlı düşüncələrimdən biridir. Əsas məqsədim əvvəlcə Azərbaycanda yaxşı nəticələr əldə etmək və təhsilimi uğurla davam etdirməkdir".
Südabə yaşıdlarına öz tövsiyələrini söyləyib:
“300 bal toplamağımın əsas səbəbi çox çalışmaq və qarşıma konkret məqsəd qoymaq idi. Həm məktəb müəllimlərim, həm də valideynlərim bu müddətdə mənə böyük dəstək oldular. Eyni zamanda özümə inanırdım. Düşünürəm ki, insan öz gücünə inandıqda qarşısına qoyduğu hədəflərə çatmaq ehtimalı daha yüksək olur. Mən əvvəldən özümə məqsəd qoymuşdum ki, maksimal nəticə əldə edəcəyəm və buna uyğun şəkildə hazırlaşırdım. Bu motivasiya mənə çox kömək etdi.
Yaşıdlarıma tövsiyəm odur ki, dərslərinə kifayət qədər vaxt ayırsınlar və müntəzəm şəkildə çalışsınlar. Xüsusilə mövzuları təkrar etmək və test tapşırıqları üzərində işləmək çox vacibdir. Mən günümün böyük hissəsini dərslərə sərf edirdim və davamlı təkrar etməyə çalışırdım. Düşünürəm ki, uğurun əsas yollarından biri planlı şəkildə çalışmaq və məqsəddən yayınmamaqdır".