Azedu.az

Tamştatlı müəllim modelində cavab gözləyən SUALLAR

AzEdu Təhsil Platforması

31 Oktyabr 2026, 16:24
Tamştatlı müəllim modelində cavab gözləyən SUALLAR

Tamştatlı müəllim modelinin tətbiqi ilə bağlı bir sıra məqamlar hələ də müzakirə mövzusudur.

Xüsusilə müəllimlərin məktəbdə keçirdikləri iş saatlarının necə qiymətləndiriləcəyi, dərsdənkənar fəaliyyətlərinə görə hansı əlavə imkan və bonusların nəzərdə tutulacağı suallar doğurur.

Digər tərəfdən, yeni modelin repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin iş qrafikinə və gələcək seçimlərinə də təsir edəcəyi gözlənilir.

Təhsil tədqiqatçısı Elmin Nuri bu barədə fikirlərini bölüşərkən bildirib ki, tamştatlı müəllim modelinin uğurlu olması üçün müəllimlərin razılıq və məmnuniyyət səviyyəsi də nəzərə alınmalıdır. Onun sözlərinə görə, modelin müsbət nəticələri ilk mərhələdə tam görünməsə də, növbəti illərdə məktəbin fəaliyyətində ciddi dəyişikliklərə səbəb ola bilər.

“Müəllimlərin razılıq və məmnuniyyət səviyyəsi öyrənilməlidir”

“Razılıq və məmnuniyyət göstəriciləri necə müəyyənləşdiriləcək? Şəxsən mənim imkanım olsaydı, 2027-ci ildən sonra 20 min müəllimin hər birindən bu barədə ayrı-ayrılıqda soruşmağa tələsərdim. Çünki müəllimlərin özlərinin də cavabını gözlədiyi, hələ aydınlaşmayan suallar var.

Hazırda məlum olan məqamlardan biri tamştatlı model əsasında müəllimlərin maaşının iki dəfə artırılacağıdır. Lakin burada başqa məsələlər də var. Müəllim həftə ərzində gündə 8 saat məktəbdə olacaqsa, bu, ay ərzində kifayət qədər böyük iş vaxtı deməkdir. Həmin saatların isə yalnız müəyyən hissəsi birbaşa dərs prosesinə həsr olunacaq.

Əvvəl də qeyd etmişdim ki, müəllimin dərsdənkənar məktəb fəaliyyətinə təxminən 100 saatlıq vaxt ayrıla bilər. Bəs bu müddət ərzində görülən iş necə qiymətləndiriləcək? Müəllimin dərsdənkənar fəaliyyətinə görə hansı meyarlar tətbiq olunacaq? İstərdim ki, bu prosesdə neqativ hallar yaşanmasın. Açıq danışaq, müəllim əvvəllər həmin vaxt ərzində repetitorluq fəaliyyəti ilə məşğul ola bilirdi. Yeni modeldə isə məktəbdə qalacağı üçün bu imkanları məhdudlaşacaq. Artıq onun məktəb qarşısında müəyyən öhdəlikləri olacaq.

Şagirdlərlə fərdi iş anlayışı var. Bu, əlbəttə, müsbət yanaşmadır. Ancaq həmin fərdi işlərin təşkili üçün müəllimə hansı şərait yaradılacaq? Əlavə fəaliyyətinə görə hansı bonuslar və digər imkanlar nəzərdə tutulur? Düşünürəm ki, bu məsələlər aydınlaşdırılmasa, müəllimlər modelə müəyyən narazılıqla yanaşa bilərlər”.

“Tamştatlı müəllim modeli məktəbin mahiyyətini kökündən dəyişəcək”

“Bununla belə, hesab edirəm ki, tamştatlı müəllim modeli tamamilə fərqli bir mexanizm üçün nəzərdə tutulub. Ola bilsin ki, 2027-2030-cu illəri əhatə edən ilk mərhələdə onun müsbət nəticələrini tam görə bilməyək. Lakin növbəti mərhələlərdə bu model məktəbin mahiyyətini kökündən dəyişəcək.

Hətta indidən deyə bilərəm ki, müəllimlərin bir çoxu öz istəyi ilə məktəbdən ayrılmağa qərar verə bilər. Çünki bəzi müəllimlər iş fəaliyyətlərini əsasən repetitorluq üzərində qurublar. Səkkiz saat məktəbdə qalan müəllimin axşam evə qayıtdıqdan sonra repetitorluq qrafikini əvvəlki qaydada davam etdirməsi çətinləşəcək. Bu, xüsusilə abituriyent hazırlığı ilə məşğul olan müəllimlərin iş rejiminə ciddi təsir göstərə bilər.

Ümumilikdə, düşünürəm ki, tamştatlı müəllim modeli müəllimlərin peşə fəaliyyətində müəyyən seçimlərə səbəb olacaq. Bu baxımdan, modelin tətbiqi ilə məktəbdə çalışan müəllimlərin fəaliyyətinə və məsuliyyət bölgüsünə yenidən baxılacaq”.

“Modelin müsbət tərəfləri deyil, mənfi cəhətləri daha çox qabardılacaq”

“Şəxsən məndə burada bir sual yaranır: modelin tələblərinə uyğunlaşa bilməyən və ya bu iş rejimini qəbul etməyən müəllimlərin gələcək aqibəti necə olacaq? Ümid edirəm ki, proses müsbət istiqamətdə inkişaf edəcək.

İnanıram ki, tamştatlı müəllim modeli cəmiyyətdə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən mexanizm olacaq. Ancaq təəssüf ki, sosial şəbəkələrdə bu modelin müsbət tərəflərindən daha çox mənfi cəhətlərinin qabardılacağını düşünürəm. Bu isə məsələyə birtərəfli yanaşma olardı”.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox