Azedu.az

Uşaq məktəbə getmək istəmirsə, səbəb təkcə dərs deyil...

Orta təhsil

26 Noyabr 2026, 11:45
Uşaq məktəbə getmək istəmirsə, səbəb təkcə dərs deyil...

Zəng çalınır. Dəhlizlər bir anda uşaq səsləri, ayaq tappıltıları və gülüşlərlə dolur. Kənardan baxanda hər şey öz axarındadır: müəllimlər jurnalını qoltuğuna vurub müəllimlər otağına tələsir, növbətçi müəllim səs-küyü yatırmağa çalışır, şagirdlər isə növbəti dərsə hazırlaşır. Amma bu səs-küyün içində elə səssiz fəryadlar var ki, onları eşitmək üçün sadəcə qulaq yox, həm də peşəkar göz lazımdır. Təəssüf ki, bu gün bir çox məktəblərimizdə məhz o "göz" məktəb psixoloqu yoxdur.

Psixoloqun olmadığı məktəb bir az da həkimi olmayan səhra hospitalına bənzəyir. Burada kiçik cızıqlar vaxtında sarınmadığı üçün dərin yaralara çevrilir. Şagirdin içində böyüyən təşviş, evdən gətirdiyi gərginlik və ya yaşıdları arasında üzləşdiyi təzyiq kimsənin diqqətini çəkmədən onun dünyasını qaraldır. Bu boşluğun ən ağır nəticəsi isə məktəb divarları arasında kök salan zorakılıq- bullinqdir. Biz çox vaxt uşaqlar arasındakı gərginliyi "uşaqlıqdır, dalaşıb barışarlar" deyə yola veririk.

Halbuki bullinq adi uşaq şıltaqlığı və ya ani mübahisə deyil. Bu, bir uşağın digərinə qarşı sistemli şəkildə qurduğu psixoloji və fiziki mühasirədir. Məktəbdə psixoloq olmayanda bu mühasirə aylarla, bəzən illərlə davam edir. Çünki zorakılığa məruz qalan uşaq danışmır. O, qorxur; "xəbərçi" adlandırılmaqdan utanır, bəzən isə böyüklərin onu anlamayacağına, sadəcə danlayıb yola verəcəyinə inanır. Bəs peşəkar psixoloqun olmadığı bir məktəbdə müəllim və valideyn bu səssiz fəlakəti necə duymalıdır? Cavab uşaqların dilində deyil, onların dəyişən vərdişlərində gizlənir. Əvvəllər dərsə həvəslə gələn uşaq birdən-birə hər səhər qarın ağrısından şikayətlənirsə, məsələ heç də həmişə soyuqdəymədə olmur.

Çantasındakı dəftərlər tez-tez cırılırsa, qələmləri "itirsə", tənəffüslərdə hamı həyətə qaçarkən o, sinif otağının küncündə kitab vərəqləməyə üstünlük verirsə deməli, nəsə qaydasında deyil. Bəzən evə ac qayıdan uşağın yemək pulunu xərcləmədiyini düşünürük, halbuki o pul məktəb həyətinin gözdən uzaq bir küncündə başqasının cibinə gedir. Müasir dövrdə isə bu təzyiq məktəb darvazasından kənara daşaraq telefon ekranlarına sızıb. Axşamlar telefonuna baxdıqdan sonra qəfil özünə qapanan, ekranı böyüklərdən gizlədən yeniyetmə artıq kiberbullinqin hədəfinə çevrilib. Ştat cədvəlində psixoloqun olmaması pedaqoji kollektivin əlini-qolunu bağlamamalıdır.

Əgər məktəbdə psixoloq yoxdursa, deməli, hər bir müəllim bir az psixoloq, bir az da həssas müşahidəçi olmağa məcburdur. Bunun üçün böyük büdcələrə və ya mürəkkəb proqramlara ehtiyac yoxdur. Məktəbin gözdən uzaq, kamerasız bir küncündə qoyulan sadə bir "Etibar qutusu" belə, danışmağa cəsarəti çatmayan bir şagirdin xilas kəməri ola bilər. Növbətçi müəllimlər tənəffüsdə təkcə mərkəzi dəhlizdə deyil, məktəb binasının arxa həyətində, pilləkən boşluqlarında-bullinqin ən çox sevdiyi "kor nöqtələrdə" görünməlidirlər. Sinif rəhbəri isə jurnalda təkcə qiymətləri və "qayıb"ları deyil, şagirdlərin gözlərindəki sönüklüyü də qeydə almalıdır.

Ayda bir dəfə sinifdə keçirilən adsız, üç-dörd suallıq kiçik sorğular belə, sinif daxilindəki buzdağının görünməyən tərəfini üzə çıxara bilər. Unutmayaq ki, məktəb təkcə düsturların əzbərləndiyi, qaydaların öyrədildiyi bina deyil. Uşaq orada özünü güvəndə hiss etmirsə, lövhədə yazılan ən vacib qaydanın belə heç bir mənası qalmır. Psixoloq çatışmazlığı sistemin problemidir, amma bir uşağın sınan qürurunu, zədələnən ruhunu vaxtında görmək bizim insanlıq və müəllimlik borcumuzdur. Çünki vaxtında uzadılan bir əl, bəzən bir insanın bütün ömrünü xilas edə bilər.

Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sevinc Səmədova.

TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox