Məktəb şagirdlər üçün yalnız bilik əldə etdikləri məkan deyil. Onların müəllimlərlə münasibəti, sinif yoldaşları ilə ünsiyyəti, məktəbdə özlərini nə dərəcədə rahat və güvəndə hiss etməsi də təhsil mühitinin mühüm göstəricilərindəndir.
Lakin yeni araşdırma şagirdlərin məktəbə bağlılıq hissinin illər ərzində zəiflədiyini ortaya qoyub.
AzEdu.az-ın “Child Indicators Research” jurnalından əldə etdiyi məlumata görə, tədqiqatda Uelsdə ibtidai və orta məktəb şagirdlərinin məktəbə bağlılıq hissinin 2001-2024-cü illər ərzində necə dəyişdiyi araşdırılıb.
Araşdırma çərçivəsində ibtidai məktəblərdə 2019-2024-cü illəri əhatə edən sorğuların 26 675 şagirdə aid məlumatlarından, orta məktəblərdə isə 2001-2023-cü illər üzrə 503 059 şagirdin iştirak etdiyi sorğuların nəticələrindən istifadə olunub.
Tədqiqatçılar məktəbə bağlılığı altı əsas göstərici üzrə qiymətləndiriblər.
Bunlara müəllim və şagirdlər arasındakı münasibətlər, şagirdlərin bir-biri ilə əlaqələri, məktəbdaxili qərarların qəbulunda iştirak imkanları, məktəbi sevmə, məktəbə aidiyyət hissi və məktəbdə etibar edib dərdini bölüşə biləcəyi böyüyün olması daxildir.
Nəticələr göstərib ki, sadalanan göstəricilər üzrə məktəbə bağlılıq həm ibtidai, həm də orta təhsil pilləsində zamanla əhəmiyyətli dərəcədə azalıb. Başqa sözlə, şagirdlərin məktəbdə özlərini kollektivin bir hissəsi kimi hiss etməsi, müəllim və yaşıdları ilə münasibətlərindən məmnunluğu əvvəlki dövrlərlə müqayisədə zəifləyib.
Araşdırmada yaş amili də diqqət çəkib. Məlum olub ki, şagirdlərin yaşı artdıqca məktəbə bağlılıq hissi ümumilikdə azalır. Gender fərqləri də qeydə alınıb: ibtidai təhsil pilləsində qızların göstəriciləri oğlanlarla müqayisədə daha müsbət olduğu halda, orta məktəbdə vəziyyət əksinə dəyişib. Üstəlik, orta təhsil pilləsində bu fərqin zamanla artdığı müşahidə olunub.
Ailə rifahının da məktəbə münasibətlə əlaqəli olduğu müəyyənləşdirilib. Xüsusilə orta məktəblərdə maddi imkanları daha yaxşı olan ailələrdən gələn şagirdlərin məktəbə dair təsəvvürləri, bir qayda olaraq, daha müsbət olub.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də məktəbdə emosional və psixoloji rifahı dəstəkləmək üçün tətbiq edilən yanaşma ilə bağlıdır.
Uelsdə 2021-ci ildə məktəblərdə emosional və psixi rifahın dəstəklənməsinə dair ümumməktəb yanaşmasının tətbiqi nəzərdə tutulub. Lakin araşdırmada bu yanaşmanın tətbiqindən sonrakı dövrdə məktəbə bağlılıq göstəricilərində yaxşılaşma müşahidə edilməyib.
Qeyd edək ki, araşdırma Uelsdəki məktəbləri əhatə edir və nəticələr bütün ölkələrin təhsil sistemləri üçün birbaşa ümumiləşdirilə bilməz. Bununla belə, tədqiqat məktəb mühitinin yalnız akademik nəticələrlə deyil, şagirdlərin aidiyyət, güvən və münasibət hissləri ilə də qiymətləndirilməsinin əhəmiyyətini göstərir.