Yeni dərsliklərlə təhsil alan şagirdlərin nəticələri ənənəvi dərsliklərdən istifadə edənlərdən yüksək olub.
AzEdu.az xəbər verir ki, bunu fizika fənni üzrə müəllif Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxışı zamanı deyib.
O, yeni nəsil dərslik komplektlərinin tətbiqinin effektivliyini yoxlamaq məqsədilə keçirilən pedaqoji eksperimentin Bakı və regionlar üzrə nəticələrini təqdim edib.
R.Abdurazaqov bildirib ki, Azərbaycan dili fənni üzrə Bakı şəhərində yeni dərsliklərdən istifadə edən şagirdlərin nəticəsi 76,6 faiz, ənənəvi dərsliklərdən istifadə edənlərin göstəricisi isə 70 faiz olub. Regionlarda bu göstəricilər müvafiq olaraq 58,5 və 44 faiz təşkil edib.
Riyaziyyat fənni üzrə isə Bakı şəhərində yeni dərsliklərlə təhsil alan şagirdlərin nəticəsi 72,7 faiz, ənənəvi dərsliklərdən istifadə edənlərin nəticəsi 71,1 faiz olub. Regionlarda yeni dərsliklər üzrə göstərici 53,8 faiz, ənənəvi dərsliklər üzrə isə 44,8 faiz təşkil edib.
O qeyd edib ki, ümumilikdə hər iki fənn üzrə Bakı və regionlarda pilot siniflərin nəticələri ənənəvi dərsliklərdən istifadə edən nəzarət siniflərinin göstəricilərindən yüksəkdir. Yalnız Bakı üzrə riyaziyyat fənnində qeydə alınan fərq statistik baxımdan əhəmiyyətli hesab edilməyib.