Son illər məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb.
AzEdu.az xəbər verir ki, bunu fizika fənni üzrə müəllif Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxışı zamanı deyib.
O, ölkə üzrə məktəbəhazırlıq qruplarının təşkili vəziyyəti və bu qruplara cəlb olunan uşaqların sayı ilə bağlı statistik məlumatları təqdim edib.
R.Abdurazaqovun sözlərinə görə, 2021/2022-ci tədris ilində dövlət büdcəsi hesabına maliyyələşdirilən məktəbəhazırlıq qruplarına 100 529 uşaq cəlb olunub. 2022/2023-cü tədris ilində bu göstərici 90 666, 2023/2024-cü tədris ilində 87 569, 2024/2025-ci tədris ilində 90 732, 2025/2026-cı tədris ilində isə 86 395 olub.
O, həmçinin məktəbəhazırlıq qruplarından birinci sinfə keçən uşaqların sayına dair göstəriciləri diqqətə çatdırıb.
Belə ki, 2022/2023-cü tədris ilində 151 560 uşaq birinci sinfə qəbul olunub. 2023/2024-cü tədris ilində bu rəqəm 136 947, 2024/2025-ci tədris ilində 134 000, 2025/2026-cı tədris ilində 131 815, 2026/2027-ci tədris ilində isə təxminən 124 000 təşkil edib.
R.Abdurazaqovun təqdim etdiyi statistikaya əsasən, məktəbəhazırlıq qruplarından birinci sinfə gələn uşaqların xüsusi çəkisi 2022/2023-cü tədris ilində 66,3 faiz, 2023/2024-cü tədris ilində 66,2 faiz, 2024/2025-ci tədris ilində 65,4 faiz, 2025/2026-cı tədris ilində 68,9 faiz, 2026/2027-ci tədris ilində isə 69,7 faiz olub.