Azedu.az

Yeni rəhbərlik Məleykə Abbaszadənin formalaşdırdığı sistemi qorumalıdır

Dövlət İmtahan Mərkəzi

26 Noyabr 2026, 14:21
Yeni rəhbərlik Məleykə Abbaszadənin formalaşdırdığı sistemi qorumalıdır

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin vəzifəsindən ayrılmasından sonra qurumun gələcək fəaliyyəti ilə bağlı müzakirələr gündəmə gəlib.

Cəmiyyətdə maraq doğuran əsas məsələlərdən biri isə DİM-in mövcud imtahan modelində dəyişikliklərin olub-olmayacağıdır.

DİM-də rəhbərlik dəyişikliyindən sonra imtahan modelində yeniliklərə ehtiyac varmı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, test sisteminə münasibətdə ötən 30 il ərzində Avropa İttifaqı məkanında çox böyük transformasiyalar və dəyişikliklər baş verib:

“Test sisteminin özlüyündə şəffaflığı nə dərəcədə təmin etməsi, eyni zamanda biliklərin məcmusunu göstərməyə şərait yaratması, səfərbərliyə səbəb olması, müəllimlər, şagirdlər və ümumilikdə ali təhsil sistemində tələbələr arasında vahid tədris-metodiki sistem formalaşdırması məsələləri həmişə müzakirə mövzusu olub. Lakin digər tərəfdən, test sisteminin ikinci xüsusiyyəti ətrafında da pedaqoji platformalarda geniş diskussiyalar aparılıb.

Belə ki, onun müəyyən qədər əzbərçiliyə səbəb olması, bilikdən daha çox informativ yaddaş formalaşdırması, sonrakı mərhələdə tələbələrə fayda verməməsi, analitik düşüncənin qarşısını alması və yalnız yaddaşa əsaslanan yanaşmaya imkan yaratması ilə bağlı mövqelər də mövcud olub. Bunu açıq söyləmək lazımdır. Digər tərəfdən, test sistemi məktəblərdən kənarda alternativ bir təhsil məkanı yaradıb. Bu barədə də müxtəlif yanaşmalar mövcuddur və bunu inkar etmək olmaz.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycan valideynlərinin övladlarının orta təhsilinə qeyri-rəsmi şəkildə yönəltdiyi sərmayənin həcmi 1 milyard 200 milyon manatdan çoxdur. Razılaşın ki, bu, kifayət qədər böyük vəsaitdir. Belə bir şəraitdə açıq suallara geniş meydan verilməsi, imtahanların yalnız cavablar üzərindən deyil, daha fərqli alqoritmlərlə keçirilməsi məsələlərinə Dövlət İmtahan Mərkəzi də açıq olub. Məleykə xanım Abbaszadəni xarakterizə edən ən mühüm xüsusiyyətlərdən biri bütün kommunikasiya platformalarında geniş diskussiyaları təşviq etməsi, onlardan faydalandığını bildirməsi və təkmilləşmə yolunda bu müzakirələri mərhələlər kimi qəbul etməsidir.

Bütün hallarda, əgər hər hansı dəyişiklik baş verməlidirsə, bu, qətiyyən insan amilini yenidən ön plana çıxararaq ali təhsilə qəbulun köklü şəkildə dəyişdirilməsi və qeyri-şəffaf üsulların yenidən meydana gətirilməsi ilə nəticələnməməlidir. Hesab edirəm ki, Məleykə Abbaszadəyə ictimai platformalarda göstərilən rəğbət, xüsusilə də Prezident İlham Əliyevin uzun müddət ona etimad göstərməsi və daha sonra yaşı 100-dən artıq olan, bir nömrəli universitetimizə onu təyin etməsi onun bilik və bacarıqlarından, beynəlxalq əlaqələrindən faydalanmaq məqsədi daşıyır.

Lakin eyni zamanda qeyd etməliyik ki, ötən dövr ərzində, xüsusilə Milli Təhlükəsizlik Nazirliyinin məlum dövrdə cinayətkar fəaliyyətlərinin müxtəlif sahələrə uzandığını nəzərə alsaq, Dövlət İmtahan Mərkəzi rəhbərliyinin sadə vətəndaşların maraqlarını və qanuni prinsipləri qorumaq üçün hansı iradə nümayiş etdirdiyini təsəvvür etmək çətin deyil.

Hakimiyyət çevrələri arasındakı məlum təsirlərə və bəzən təzyiqlərə tab gətirmək, fərdi xahiş və müraciətləri qanunun tələblərindən üstün tutmamaq, həmçinin müəyyən imtiyazlı sosial təbəqələrə və xüsusi çəkisi olan fakültələrə münasibətdə ayrı-seçkiliyə yol verilməsinin qarşısını almaq onun fəaliyyətinə rəğbət və hörmət qazandırıb.

Şəxsən bizim parlament fəaliyyətində ona yüksək qiymət verməyimizin ən mühüm səbəblərindən biri formalaşdırdığı analitik məlumat bazasıdır. Orada fundamental məlumatlar və geniş təhlillər yer alıb. Bunların hamısı beynəlxalq araşdırma prinsiplərinə uyğundur. Məhz bu səbəbdən Bakı Dövlət Universitetinin tədqiqat əsaslı ali təhsil ocağına çevrilməsi istiqamətində addımların atılacağına inanırıq. Bu, Prezidentin məlum fərmanında da əksini tapan müddəalardan biridir.

Bir daha qeyd edirəm ki, ötən dövr ərzində sadə fəhlənin, əli qabarlı zəhmət adamının övladları 700 bal toplayaraq müxtəlif fakültə və universitetlərə qəbul olublar. Bu, çox önəmli məsələdir. Əlbəttə, mən burada ayrı-seçkilik aparmaq istəmirəm. Millət vəkilinin və ya nazirin övladı da savadlı olubsa, yüksək nəticə qazanıbsa, bunu təbii qarşılamaq lazımdır. Ancaq bütövlükdə statistik təhlillərə dərindən baxdıqda görmək mümkündür ki, ötən dövr ərzində ən yüksək bal toplayan və ölkə rəhbərinin xüsusi təqaüdünə layiq görülən şəxslərin mütləq əksəriyyəti orta və aşağı sosial təbəqələri təmsil edirlər.

Dövlət İmtahan Mərkəzi şəffaf fəaliyyət göstərib. Ona görə də test sisteminin hər hansı formada dəyişdirilməsi istənilirsə, bu, ənənəvi sovet dövrünün üzbəüz qəbul imtahanlarının yenidən dövriyyəyə qaytarılması şəklində olmamalıdır. Mən də həmin dövrün təhsilini almış insan kimi onun üstünlüklərini xüsusi vurğulayıram. Ancaq gəlin razılaşaq ki, biz beynəlxalq təhsil proseslərinin bir hissəsiyik. Bu gün kurikulum, Boloniya prosesi və digər yanaşmalardan danışırıq. Dünya artıq təhsil modelinin ən müasir üsullarına keçid edir. Çalışılmalıdır ki, təhsil sistemi əmək bazarının tələbləri ilə ayaqlaşsın. Belə olan şəraitdə hesab edirik ki, Məleykə xanım tərəfindən yaradılmış uğurlu irsi, həmin mirası qoruyub saxlamaq lazımdır.

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sisteminə kadrların seçimini də həyata keçirir. Belə olan təqdirdə, bu qurumun fəaliyyəti dövlət quruculuğunun ayrılmaz bir parçasıdır. Ona görə bu istiqamətdə səsləndirilən təkliflər, təşəbbüslər və mövqelər bütövlükdə millətimizin gələcəkdə daha güclü təhsil almasına, övladlarımızın, gələcək gənc nəslin və elmi biliklərin ölkənin həyatında faydalı töhfə verməsinə xidmət etməlidir".

İran sərhədimizə niyə qoşun yığır? Rəsmi cavab verildi!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox