Azedu.az

Qarabağ xanlığının memarlıq irsini araşdıran yeni əsər

AzEdu Təhsil Platforması

26 Noyabr 2026, 13:51
Qarabağ xanlığının memarlıq irsini araşdıran yeni əsər

Tədqiqatçı Dr. Elnara Madatovanın “Karabağ Hanlığı'nın Mimari Tarihi” adlı kitabı Qarabağ xanlığı dövrünün memarlıq irsinin öyrənilməsi istiqamətində mühüm elmi tədqiqat kimi diqqət çəkir. Türkiyədə hazırlanmış və 300 səhifədən ibarət olan əsər Bakıda Red N Line mətbəəsində nəşr olunub.

AzEdu.az xəbər verir ki, XVIII əsrin ikinci yarısından XIX əsrin birinci yarısına qədər olan dövrü əhatə edən kitabda Qarabağ xanlığı dövründə bölgədə inşa edilmiş saraylar, müdafiə tikililəri, dini və mülki memarlıq nümunələri tarixi mənbələr və arxiv sənədləri əsasında araşdırılır. Əsər Qarabağ xanlığı dövrünün memarlıq tarixini müstəqil elmi tədqiqat mövzusu kimi sistemli şəkildə araşdıran ilk kitabdır. Tədqiqatda memarlıq abidələri yalnız onların inşa tarixi və memarlıq xüsusiyyətləri baxımından deyil, həm də dövrün tarixi, sosial və mədəni şəraiti kontekstində təhlil edilir. Qarabağın memarlıq irsi Türk-İslam memarlıq ənənəsi çərçivəsində nəzərdən keçirilərək bölgənin ümumi memarlıq tarixindəki yeri və əhəmiyyəti müəyyənləşdirilir.

Kitabın elmi və akademik dəyərini artıran mühüm cəhətlərdən biri də onun hazırlanmasında Azərbaycan və Türkiyənin tanınmış alim və mütəxəssislərinin iştirakıdır. Əsərə AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli, Azərbaycan Əməkdar memarı, AMİ ittifaqının rəhbəri, professor Elbay Qasımzadə və Azərbaycan Milli Müdafiə Universitetinin tarix elmləri doktoru Mehman Süleymanov tərəfindən ön söz yazılıb. Kitabın elmi hazırlanmasına Marmara Universitetinin professoru Dr. Okan Yeşilot da töhfə verib. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümünün Dr. Öğretim Üyesi Ali Ahmetbeyoğlu isə müəllifin doktorantura tədqiqatının elmi rəhbəri olub.

İstanbul Universitetində tarix üzrə doktorantura təhsilini tamamlamış Dr. Elnara Madatovanın bu əsəri Qarabağın tarixi-mədəni və memarlıq irsinin öyrənilməsi, sənədləşdirilməsi və Türk-İslam memarlıq tarixindəki yerinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Kitab Qarabağ tarixi, memarlıq tarixi və mədəni irs sahəsində çalışan tədqiqatçılar üçün elmi mənbə kimi nəzərdə tutulub.

İran sərhədimizə niyə qoşun yığır? Rəsmi cavab verildi!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox