Azedu.az

Məktəbəhazırlıq qruplarında təkmilləşdirilmiş dərsliklər sınaqdan keçirilib

Məktəbəqədər təhsil

26 Noyabr 2026, 15:09
Məktəbəhazırlıq qruplarında təkmilləşdirilmiş dərsliklər sınaqdan keçirilib

Məktəbəhazırlıq qruplarında uşaqlara əlifba təlimi və 10-a qədər riyazi əməllər öyrədilib.

AzEdu.az xəbər verir ki, bunu fizika fənni üzrə müəllif Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, məktəbəhazırlıq mərhələsi üçün dərslik komplekti, dərs vəsaiti və müəllimlərə dəstək məqsədilə metodik vəsait hazırlanıb. Bu materiallarda bir sıra yeni yanaşmalar tətbiq edilib.

R.Abdurazaqovun sözlərinə görə, ilk dəfə olaraq məktəbəhazırlıq mərhələsində əlifba təliminə başlanılıb, uşaqlara hərflər öyrədilib, sadə söz birləşmələri qurmaq və oxumaq bacarıqları aşılanıb. Riyaziyyat üzrə isə ədədlərin tədrisinə yer verilib, 10-a qədər ədədlərlə əməliyyatların yerinə yetirilməsi öyrədilib.

O qeyd edib ki, məktəbəhazırlıq qrupları təxminən 16 il əvvəl yaradılıb və dövlət qərarına əsasən, bu mərhələdə iştirak icbari xarakter daşımır. Bu səbəbdən birinci sinfə gələn uşaqların ilkin bilik və bacarıqları arasında müəyyən fərqlər müşahidə olunur.

Müəllif bildirib ki, yeni dərslik komplektlərində əlifba təliminin təşkili də əvvəlki yanaşmalardan fərqlənib. Belə ki, əvvəllər hər dərsdə bir hərfin öyrədilməsi prinsipi tətbiq olunduğu halda, yeni yanaşmada oxşar hərflər qruplaşdırılaraq daha sürətli tədris modeli seçilib.

R.Abdurazaqovun sözlərinə görə, dərsliklərdə şagirdlərin kommunikasiya bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilib. Bu çərçivədə dinləyib-anlama, oxuyub-anlama, nitq, qrafik və yazı bacarıqlarının formalaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Bununla yanaşı, sadə test tapşırıqları, sərbəst mövzuda inşa yazmaq, qrafik informasiya əsasında mətn tərtib etmək və söz ehtiyatını sistemli şəkildə artırmaq kimi fəaliyyətlər də dərsliklərə daxil edilib.

O, yeni dərsliklərin əvvəlkilərdən fərqli cəhətlərinə də toxunub. Bildirib ki, dərsliklər iki hissədə, iri formatda və böyük şriftlərlə hazırlanıb. Həmçinin onların birbaşa bütün məktəblərdə tətbiqinə başlanılmayıb, əvvəlcə iki il müddətində pilot sınaqdan keçirilib.

R.Abdurazaqov diqqətə çatdırıb ki, pilot layihə çərçivəsində ölkə üzrə 275 məktəb və 7 300 şagird iştirak edib. Bu mərhələdə dərsliklərin tədris prosesində tətbiqi sınaqdan keçirilib və müvafiq təcrübə əldə olunub.

İran sərhədimizə niyə qoşun yığır? Rəsmi cavab verildi!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox