Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanaraq məktəblərdə tətbiq olunur.
AzEdu.az xəbər verir ki, bunu fizika fənni üzrə müəllif Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan sayca ikinci təlim-müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, yeni dərslik komplektləri həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlər nəzərə alınmaqla hazırlanıb. Riyaziyyat dərsliklərində konkret, təsviri və mücərrəd prinsiplər tətbiq edilib, həyati məzmunlu məsələlərə və Polya metoduna yer verilib.
R.Abdurazaqov qeyd edib ki, Azərbaycan dili və riyaziyyat dərslikləri iki il ərzində 275 məktəbdə 7 300 şagirdin iştirakı ilə pilot sınaqdan keçirilib. Hazırda yeni riyaziyyat dərslikləri məktəblərdə tətbiq olunur.
O, həmçinin bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya və Sinqapurun nəşriyyatları ilə birgə ingilis dili, təbiət və riyaziyyat fənləri üzrə dərslik və kurikulumların hazırlanması, eləcə də beynəlxalq tədris materiallarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması istiqamətində iş aparılıb.