Almaniyada aparılan araşdırma türk mənşəli soyadlara sahib valideynlərin uşaqları üçün uşaq bağçası yeri axtararkən ayrı-seçkiliyə məruz qaldığını üzə çıxarıb.
AzEdu.az Türkiyə mediaya istinadən xəbər verir ki, 2021-ci ilin mart ayında başladılan tədqiqat çərçivəsində 3 yaşdan kiçik uşaqlar üçün boş yeri olan 22 mindən çox uşaq bağçasına elektron məktub göndərilib.
Müraciətlərdə valideynlərin soyadları təsadüfi olaraq alman və türk mənşəli seçilib. Hər bağçaya yalnız bir məktub göndərilib.
Araşdırma zamanı məktublardan təxminən 18 700-nün ünvanına çatdırıldığı, ümumilikdə 12 547 müraciətin cavablandırıldığı müəyyən edilib.
Nəticələr göstərib ki, alman soyadları ilə edilən müraciətlərin təxminən 71 faizinə, türk mənşəli soyadlarla göndərilən müraciətlərin isə 66 faizinə cavab verilib.
Bundan əlavə, türk mənşəli soyada sahib valideynlərin uşaqları üçün konkret bağça yeri təklifi alma ehtimalının alman soyadlı valideynlərlə müqayisədə təxminən 20 faiz daha aşağı olduğu müəyyənləşdirilib.
Tədqiqatda diqqətçəkən məqamlardan biri də valideynlərin təhsil səviyyələri barədə məlumat verməsinin nəticələri dəyişməməsidir. Belə ki, türk mənşəli soyadlara sahib valideynlər bu məlumatı təqdim etsələr də, digər qrupla müqayisədə daha az cavab alıblar.
DZHW-nin eksperti Frauke Peter araşdırmanın nəticələrini şərh edərkən bildirib ki, uşaq bağçası təhsil yolunun ilk mərhələsidir və bu mərhələdə yaranan bərabərsizliklər universitet təhsilinə qədər təsirini davam etdirə bilər.