“Uşaqlara sərbəst seçim imkanı yaratmaq onların hüquqlarının qorunması, fərdi inkişafının dəstəklənməsi və yaradıcılıq imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sərbəst fəaliyyət zamanı uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmalı, onların həyat və sağlamlığı üçün təhlükəsiz, mənəvi-psixoloji baxımdan sağlam mühit təmin edilməlidir”.
AzEdu.az xəbər verir ki, bu fikirlər Təhsil İnstitutu tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə keçirilən “Sərbəst fəaliyyət və fəaliyyətlərarası keçidlər” mövzusunda vebinarda səsləndirilib.
Vebinarda spiker qismində çıxış edən Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova və Bakı şəhəri 349 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülnar Əliyeva sərbəst fəaliyyətin hüquqi əsasları barədə danışıblar.
Çıxış zamanı “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına diqqət çəkilib. Bildirilib ki, qanunun 1.0.4-cü maddəsinə əsasən, təhsil prosesi təşkil olunarkən uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları nəzərə alınmalıdır.
Həmçinin qanunun 17.2.6-cı maddəsinə uyğun olaraq, uşaqlar asudə vaxtlarının səmərəli təşkili, meyil və maraqlarının reallaşdırılması, yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq hüququna malikdirlər.
Spikerlər vurğulayıblar ki, sərbəst fəaliyyət uşaqlara seçim imkanı verməklə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsini də tələb edir. Qanunun 4.0.3 və 17.2.1-ci maddələrində əks olunan prinsiplər çərçivəsində uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz şərait yaradılması, eləcə də mənəvi-psixoloji baxımdan sağlam mühitin təmin olunması vacibdir.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində sərbəst fəaliyyətin düzgün təşkili uşaqların hüquqlarının qorunmasına, fərdi inkişafının dəstəklənməsinə və müstəqillik bacarıqlarının formalaşdırılmasına şərait yaradır.