2026-cı il buraxılış imtahanlarının çətinliyi iştirakçılar tərəfindən 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib. İmtahanların çətinliyi yüksək bal toplayanların sayında da özünü göstərib.
Maraqlıdır, gələn il sualların çətinliyi azaldıla bilərmi, yoxsa ingilis dili fənninə esse tapşırığının əlavə edilməsi imtahanı daha da çətinləşdirəcək?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov qeyd edib ki, növbəti illərdə Dövlət İmtahan Mərkəzi sualların çətinlik səviyyəsini müəyyənləşdirərkən asan, orta və çətin tapşırıqlar arasında balansı qorumağa çalışmalıdır:

"Qarşıdakı illərdə buraxılış imtahanlarının çətinlik səviyyəsinin hansı istiqamətdə dəyişəcəyini indidən birmənalı şəkildə demək çətindir. Burada əsas məsələ sualların asanlaşdırılması və ya çətinləşdirilməsi deyil, imtahanların şagirdlərin bilik və bacarıqlarını nə dərəcədə obyektiv ölçməsidir.
2026-cı il buraxılış imtahanlarının iştirakçılar tərəfindən 5 ballıq şkala üzrə 4,19 balla qiymətləndirilməsi şagirdlərin imtahanları kifayət qədər çətin hesab etdiyini göstərir. Lakin bu göstəricini yalnız sualların mürəkkəbliyi ilə əlaqələndirmək düzgün olmazdı. Şagirdlərin hazırlıq səviyyəsi, proqramın mənimsənilməsi, vaxt bölgüsü və imtahan həyəcanı da nəticələrə təsir edir.
Növbəti illərdə Dövlət İmtahan Mərkəzi sualların çətinlik səviyyəsini müəyyənləşdirərkən asan, orta və çətin tapşırıqlar arasında balansı qorumağa çalışmalıdır. İmtahanın həddindən artıq asan olması şagirdlər arasındakı bilik fərqini müəyyənləşdirməyi çətinləşdirə bilər. Digər tərəfdən, tapşırıqların həddindən artıq çətin olması da şagirdlərin real bilik səviyyəsinin düzgün qiymətləndirilməsinə mane ola bilər".
Buraxılış imtahanlarının keyfiyyəti onların nə qədər çətin olması ilə deyil, nə dərəcədə obyektiv və etibarlı qiymətləndirmə aparması ilə ölçülməlidir:
"Gələn il sualların çətinliyinin azaldılmasının mümkünlüyünü istisna etmək olmaz, ancaq bununla bağlı konkret proqnoz vermək üçün rəsmi qərarlar və imtahan modelində nəzərdə tutulan dəyişikliklər əsas götürülməlidir. Əsas hədəf sualları sadəcə asanlaşdırmaq deyil, onların məktəb proqramına uyğunluğunu, anlaşıqlılığını və ölçmə baxımından ədalətliliyini təmin etmək olmalıdır.
İngilis dili fənninə "esse" tapşırığının əlavə edilməsinə gəlincə, bu yenilik şagirdlər üçün əlavə çətinlik yarada bilər. Çünki şagird artıq yalnız qrammatik qaydaları və söz ehtiyatını bilməklə kifayətlənməyəcək, eyni zamanda fikirlərini yazılı şəkildə ifadə etmək, mətnin məntiqi ardıcıllığını qorumaq və müəyyən dil normalarına əməl etmək bacarığını da nümayiş etdirməli olacaq. Bununla belə, "esse" tapşırığı düzgün hazırlanarsa, şagirdlərin dil biliklərini daha kompleks şəkildə qiymətləndirməyə imkan verər. Bir məqamı qeyd etmək lazımdır ki, növbəti illərdə 11-ci sinif üzrə buraxılış imtahanında iştirak edəcək şagirdlər 9-cu sinifdə də bu model üzrə imtahan verirlər.
Burada vacib məqam odur ki, yeni tapşırıq tətbiq edilərkən şagirdlərə əvvəlcədən nümunələr, aydın qiymətləndirmə meyarları və kifayət qədər hazırlıq imkanı təqdim olunsun. Əks halda, yenilik şagirdlərin real dil bacarıqlarından daha çox, yeni formata uyğunlaşma çətinliyini üzə çıxara bilər.
Nəticə etibarilə, buraxılış imtahanlarının keyfiyyəti onların nə qədər çətin olması ilə deyil, nə dərəcədə obyektiv və etibarlı qiymətləndirmə aparması ilə ölçülməlidir. Məqsəd yüksək bal toplayanların sayını azaltmaq və ya artırmaq deyil, hər bir şagirdin bilik və bacarığını ədalətli şəkildə müəyyənləşdirmək olmalıdır".