"Azərbaycan və Bakı şəhəri üzrə PISA nəticələrində irəliyə doğru sıçrayış xarakterli inkişaf müşahidə olunur".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, əldə olunan nəticələrə baxmayaraq, oxu bacarıqlarının inkişafı və bu istiqamətdə fəaliyyətin sürətləndirilməsi vacibdir.
Emin Əmrullayev ali məktəblərə qəbul göstəricilərindən də danışıb. Onun sözlərinə görə, bakalavriat və magistratura səviyyələri üzrə 76 mindən çox nəfər qəbul olunub. Bu göstərici strategiyada nəzərdə tutulan 75 min nəfərlik hədəfi ötüb.
Nazir qeyd edib ki, bakalavriat səviyyəsi üzrə 64 469 yer təqdim olunub və onların təxminən yarısı – 30 235 yer dövlət sifarişi əsasında müəyyənləşdirilib. Dövlət güzəştlərindən istifadə edənlər də nəzərə alındıqda, tələbələrin təxminən yarısı dövlət hesabına, digər yarısı isə ödənişli əsaslarla təhsil alacaq.
“Magistraturada 18 384 yer təqdim olunub”, – deyə nazir bildirib.
Emin Əmrullayev müəllimlik ixtisasları üzrə qəbul yerlərinin azaldılmasına da toxunub.
“Müəllimlik ixtisaslarında gördüyünüz kimi, biz müəyyən mənada daha aşağı saylara enirik – 7 540 nəfər. Əvvəlki illərdə bu 12 min idi. Bizim inandığımız bundan ibarətdir ki, müəllim ixtisaslarına qəbulda sayları azaltmaqla keyfiyyəti artıra bilərik, ballar daha yüksək ola bilər”, – nazir deyib.
O bildirib ki, məqsəd sistemin ehtiyac duyduğu sayda müəllim hazırlamaqdır:
“Tam səmimi olaraq, bizim üçün zəruri sayda, yəni sistemə nə qədər müəllim lazımdırsa, o qədər müəllim hazırlamağın tərəfdarıyıq, nəinki kütləvi müəllim hazırlamağın”.
Nazir bu istiqamətdə həyata keçirilən dəyişikliklərin asan proses olmadığını vurğulayıb:
“Ona görə bu proses, düz başa düşəsiniz, kifayət qədər ağrılı prosesdir. Amma düşünürəm ki, artıq o hədəf rəqəmlərə çatmışıq və çatmaqdayıq. Bəlkə də müəyyən say azalmaları yəqin gələn illərdə də olacaq, amma bu qədər kəskin olmayacaq”.
Emin Əmrullayev qeyd edib ki, 2022-2023-cü illərlə müqayisədə müəllimlik ixtisasları üzrə qəbul yerlərinin sayı 3 600-dən çox azaldılıb. Həmin illərdə bu göstərici 11 mindən yuxarı olub.