Azedu.az

Bütün ixtisaslara xarici dildən bal tələbi qoyulmalıdır? 

İmtahanlar və qəbul məsələləri

28 Sentyabr 2026, 12:42
Bütün ixtisaslara xarici dildən bal tələbi qoyulmalıdır? 

Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən abituriyentlərin xarici dil biliklərinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Buraxılış imtahanlarına xarici dil üzrə esse tapşırığının əlavə olunması, eləcə də magistraturaya qəbul imtahanlarında xarici dil fənni üzrə danışıq (speaking) bacarıqlarının yoxlanılması məsələsi müzakirə olunur. Lakin hazırda yalnız bəzi universitetlərdə ingilis dili üzrə minimum bal tələbi mövcuddur.

Maraqlıdır, bu tələbin bütün universitetlərdə tətbiq edilməsi məqsədəuyğun olarmı? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov qeyd edib ki, bütün ixtisaslara eyni minimum balın tətbiqi əvəzinə, ixtisasın xarici dilə olan ehtiyacına uyğun diferensial yanaşma daha məqsədəuyğun ola bilər:


189778
 

“Xarici dil üzrə minimum bal tələbinin bütün universitetlərdə tətbiqi məsələsini müsbət istiqamət kimi qiymətləndirmək olar. Amma burada əsas məqsəd sadəcə qəbul zamanı müəyyən balı keçmək deyil, tələbənin real xarici dil bacarığının formalaşdırılması olmalıdır.

Xüsusilə DİM-in xarici dil imtahanında yazı bacarıqlarının da yoxlanılmasına keçməsi bu baxımdan əhəmiyyətlidir. Yeni modeldə abituriyentdən verilmiş fikir və ya sual əsasında fakt və mülahizələr irəli sürərək öz fikrini yazılı şəkildə ifadə etmək tələb olunur. Bu,xarici dilin yalnız qrammatika və test suallarından ibarət olmadığını göstərir.

Əgər şagirddən müəyyən həcmdə, məsələn, 100 sözlük esse yazmaq tələb olunursa, bu, ilk növbədə onun fikrini xarici dildə ardıcıl, məntiqli və qrammatik baxımdan düzgün ifadə etmək bacarığını inkişaf etdirməyə xidmət etməlidir. 100 söz çox böyük həcm deyil, amma həmin həcmdə giriş, əsas fikir, arqument və nəticəni düzgün qurmaq şagirddən müəyyən yazı vərdişi tələb edir.

Bu baxımdan, universitetlərdə də xarici dil üzrə minimum tələbin müəyyənləşdirilməsi məktəbdən ali təhsilə keçid baxımından məntiqli görünür. Lakin bütün ixtisaslara eyni minimum balın tətbiqi əvəzinə, ixtisasın xarici dilə olan tələbatını nəzərə alan diferensial yanaşmanın tətbiqi daha məqsədəuyğun ola bilər”.

Buraxılış imtahanında esse tələb etmək vacib addımdır, amma bunun real nəticəyə çevrilməsi üçün məktəb, qəbul imtahanı və universitetdə xarici dil hazırlığı vahid sistem kimi qurulmalıdır:

“Beynəlxalq elmi mənbələrlə daha çox işləyən, beynəlxalq əmək bazarına çıxışı yüksək olan ixtisaslarda tələb daha yüksək müəyyənləşdirilə bilər. Digər ixtisaslarda isə daha aşağı başlanğıc səviyyəsi tətbiq edilə və universitetdə tələbənin həmin səviyyəni yüksəltməsi təmin oluna bilər.

Ən vacib məsələ isə odur ki, 100 sözlük esse, speaking və digər yeni qiymətləndirmə elementləri yalnız imtahan mexanizmi kimi qalmamalıdır. Məktəbdə şagirdə real yazı və danışıq praktikası verilməlidir. Əks halda, yeni tələb şagirdin xarici dil biliyini artırmaqdan daha çox əlavə hazırlıq yükünün yaranmasına səbəb ola bilər.

Yəni buraxılış imtahanında esse tələb etmək vacib addımdır, amma bunun real nəticəyə çevrilməsi üçün məktəb təhsili, qəbul imtahanı və universitetdə xarici dil hazırlığı vahid sistem kimi qurulmalıdır”.

Ərdoğandan Əliyevə kritik zəng - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox