DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, hər il imtahanlardan sonra sualların çətinlik səviyyəsi ilə bağlı oxşar narazılıqlar yaranır.
Müxtəlif çağırışlar isə bəzən bu narazılıqların daha da artmasına səbəb olur.
İmtahan proqramları və modelləri əvvəlcədən ictimaiyyətə təqdim edilir, müəllim və ekspertlər müzakirələrə dəvət olunursa, imtahanlardan sonra narazılıqların yaranmasının səbəbi nədir?
İmtahan proqramının əvvəlcədən açıqlanması sualların çətinlik səviyyəsinin də abituriyentlər üçün uyğun olması deməkdirmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, imtahanlardan sonra müəyyən ajiotajın yarandığını hər zaman görmək mümkündür:

"Bu ajiotajın yaranmasına səbəb olanlar, təbii ki, imtahan suallarının çətin olduğunu məhz imtahandan sonra dilə gətirirlər. Onlar bir növ öz hazırlıq proseslərini sığortalamaq üçün belə addımlar atırlar. Məqsəd odur ki, valideynlər və ya abituriyentlər zəif nəticələrə görə müəllimləri günahlandırmasınlar. Belə olan halda günahlandırmaq üçün konkret ünvan göstərilir - Dövlət İmtahan Mərkəzi. İddia olunur ki, nəticələrin zəif olmasının səbəbi sualların çətin olmasıdır.
Halbuki Dövlət İmtahan Mərkəzi, demək olar ki, hər il sentyabrın əvvəlində növbəti ilin imtahan proqramlarını və mövzularını ictimaiyyətə açıqlayır. Buraya həm 9 illik, həm də 11 illik təhsil bazası üzrə buraxılış imtahanlarının proqramları, eləcə də növbəti il keçiriləcək blok imtahanlarının mövzuları daxildir. Bu məlumatlar “Abituriyent” jurnalında dərc olunur.
Bütün bunlara baxmayaraq, demək olar ki, hər il, hər imtahandan sonra sualların çətinliyi ilə bağlı müzakirələrin və narazılıqların şahidi oluruq. Halbuki imtahan proqramları, mövzular və model testlər əvvəlcədən təqdim edilir.
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarından sonra müəyyən sorğular da keçirib. Həmin sorğuların nəticələrindən görünür ki, abituriyentlər daha çox sualların özünün çətinliyindən deyil, mətnlərin həcminin böyüklüyündən, vaxt çatışmazlığından və bu kimi digər məsələlərdən danışırlar.
İmtahan proqramının əvvəlcədən açıqlanması isə sualların mütləq şəkildə çətin olacağı anlamına gəlmir. Sadəcə, Dövlət İmtahan Mərkəzi abituriyentlərə hansı tipli suallarla qarşılaşacaqlarını və tapşırıqların hansı model əsasında hazırlanacağını əvvəlcədən bildirir ki, onlar da hazırlıq prosesində bu amilləri nəzərə alsınlar".