Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Qaliblərdən biri də hazırda Böyük Britaniyanın məşhur İmperial Kollec London universitetində (Imperial College loqistika (transport) ixtisası üzrə magistr təhsili alan Arzu Quluyevadır.
AzEdu.az Arzu xanımla müsahibəni təqdim edir:
Müsahibimiz qeyd edib ki, akademik göstəricilərini, məqsədlərini və proqramın uyğunluğunu nəzərə alaraq Imperial College London-a müraciət edib və qısa müddətdə qəbul alıb:
"Bakalavriatura təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Sistem mühəndisliyi ixtisası üzrə almışam, ortalama göstəricim 100 üzərindən 93 olub. Son illərdə Azərbaycan Dəmir Yollarında irimiqyaslı nəqliyyatın rəqəmsallaşdırılması layihələrini idarə etmişəm. PMP, Professional Scrum Master II və digər peşəkar sertifikatlarım var. Hazırda İmperial Kollec Londonda loqistika üzrə magistr təhsili alıram.
Xaricdə təhsil almaq qərarını nisbətən gec verdiyim üçün bir neçə universitetə paralel müraciət etməyə vaxtım olmadı. Həmin dövrdə iş yüküm də çox idi, üstəlik, universitetlərə müraciət haqları yüksək olduğuna görə seçimimi diqqətlə etməli oldum. Akademik göstəricilərimi, məqsədlərimi və proqramın uyğunluğunu nəzərə alaraq İmperial Kollec Londona müraciət etdim və qısa müddətdə qəbul aldım.
İmperial Kollec Londondan qəbul sənədimi artıq Martda almışdım. İngilis dili imtahanı nəticəm universitetdən qəbul almaq üçün kifayət edirdi, amma Dövlət Proqramının tələbinə uyğun nəticə əldə etmək üçün imtahanı yenidən verməli oldum. Həmin dövrdə işlədiyimə görə hazırlaşmaq mənim üçün asan olmadı. İmtahan nəticəm müraciət üçün son tarixə bir gün qalmış açıqlandı və mən ərizəmi axırıncı gün tamamladım. Praktikalarımın nəticələrinə və hazırlığıma əsasən öz göstəricimə inanırdım və nəticə gözlədiyim kimi oldu.
Ərizəmi təqdim etdikdən bir neçə gün sonra təsdiq və müsahibə dəvəti aldım. Müsahibəyə əvvəlcədən hazırlaşmağa başlamışdım, həmin prosesdə nəqliyyat sahəsində təcrübəli mentorlarımla görüşüb məsləhətləşmişdim. Beş ildən artıq iş təcrübəm və Azərbaycan Dəmir Yollarında irimiqyaslı rəqəmsallaşdırma layihələrində iştirakım müsahibənin məzmunlu keçməsinə kömək etdi. Söhbət əsasən seçdiyim ixtisasın təməl anlayışları, nəqliyyat sektorunun bugünkü və gələcək perspektivləri, mövcud boşluqlar və onların aradan qaldırılması yolları ətrafında oldu. Müsahibə mənim üçün maraqlı və interaktiv keçdi".
Dövlət Proqramının yaratdığı imkanı yüksək qiymətləndirirəm:
"Proqramın maliyyə dəstəyi ilə İmperial Kollec kimi nüfuzlu universitetdə təhsil alıb, beynəlxalq akademik və peşəkar mühitdə təcrübə qazana bilirəm. Məncə, Azərbaycan vətəndaşları üçün ən böyük üstünlüyü potensiallı şəxslərə maliyyə imkanlarından asılı olmayaraq keyfiyyətli beynəlxalq təhsilə çıxış yaratması və qazandıqları bilikləri ölkəmizin inkişafına yönəltməyə şərait verməsidir.
İlk günümüz proqram rəhbəri ilə görüşlə başladı. O, "tələbə bələdçisi"ndən istifadə edərək bizi qarşıda nələrin gözlədiyi və müxtəlif hallarda hansı addımları ata biləcəyimiz barədə məlumatlandırdı. Daha sonra bizə dərs deyəcək professorlar özlərini təqdim edib, təhsil prosesi ilə bağlı tövsiyələrini bölüşdülər. Ardınca bütün tələbələr növbə ilə özləri haqqında qısa məlumat verdilər. Bu, qrup yoldaşlarımla ilkin tanışlıq üçün çox yaxşı təşəbbüs idi və həmin hissə çox əyləncəli keçdi.
İlk dərsimizi “Civil and environmental engineering” departamentinin rəhbəri olan professor keçdi. Məni ən çox təəccübləndirən dərslərin interaktiv qurulması oldu. Professorlar tələbələri düşünməyə və fikirlərini bölüşməyə təşviq edir, müzakirələri tələbələrin fikirlərini nəzərə alaraq aparırlar. Texniki fənlərdə dərs prosesi, təbii ki, fərqlidir. İlk gündən qrup yoldaşlarımla tanış olmaq və fikirlərimizin dinlənildiyi belə bir mühitə qoşulmaq mənim üçün çox xoş təcrübə oldu.
Hazırkı magistr proqramımda nəqliyyat sahəsinə daha geniş və çoxşaxəli baxış qazanıram. Tədris baxımından mənim üçün ən nəzərəçarpan fərq dərsə hazırlıq prosesidir. Hazırlıq dərsdən əvvəl oxumalı olduğumuz materialları, dərsdən sonrakı təkrarı və əlavə mənbələrdən mütaliəni əhatə edir. İmtahana hazırlaşarkən müəllimlərin verdiyi istiqamətləri nəzərdən keçiririk. Professorlar dərsdə əvvəlcədən göndərdikləri materialları təkrar nəzərdən keçirib əsas məqamları izah edirlər. Buna görə də hər dərsə əvvəlcədən hazırlaşmaq vacibdir. Texniki fənlərdə mühazirədən sonra əlavə məşğələ keçirilir. Həmin məşğələdə doktorantların rəhbərliyi altında tapşırıqlar həll edirik.
Əsas çətinliyim əksər günlərin uzun və dərslərin məlumat baxımından sıx olmasıdır. Dərslər səhər saat 9-10-dan axşam 5-6-ya qədər davam edəndə öyrəndiklərimi nəzərdən keçirməli, növbəti dərslərə hazırlaşmalı, yemək və nəqliyyat kimi gündəlik işlərimi də çatdırmalı oluram".
Uyğunlaşmağın ən çətin tərəfi şəhər həyatı deyil, ailəmi, yaxınlarımı və dostlarımı darıxmaqdır:
"Londonda yaşamağa və şəhər həyatına uyğunlaşmaqda isə böyük çətinlik çəkməmişəm. London böyük, gözəl və sakit şəhərdir. Mənim üçün ən çətin olan ailəmi, dostlarımı, yaxınlarımı görməmək, onlarla keçirdiyim vaxt üçün darıxmaqdır. Ünsiyyətcil və insanlarla vaxt keçirməyi sevən biri olduğum üçün onların yoxluğu mənə xüsusilə çətindir.
Dil baxımından ciddi çətinlik çəkmədim. Bakalavr təhsilimi ingilis dilində almışam, daha sonra beynəlxalq şirkətdə ingilisdilli əməkdaşlarla çalışmışam. Azərbaycan Dəmir Yollarında da rəhbərimlə əsas ünsiyyət dilimiz ingilis dili idi. Buna görə Londonda gündəlik ünsiyyət mənim üçün rahat oldu. Müxtəlif aksentlərə və sürətli danışığa qulaq alışdırmaq isə maraqlı təcrübədir.
Londonda gündəlik həyata ümumilikdə yaxşı uyğunlaşıram. Şəhər böyük olsa da, mənə çox gözəl və sakit gəlir. Nəqliyyatdan istifadə və alış-veriş kimi gündəlik işlərimi getdikcə daha rahat həll edirəm. Çox fərqli ölkələrdən və mədəniyyətlərdən olan insanlarla qarşılaşıram. İnsanların gülərüz, tələsməyən və rahat olması mənə fərqli gəlir, bu da şəhərdəki gündəlik həyatı daha sakit və rahat hiss etdirir.
Mənim üçün uyğunlaşmağın ən çətin tərəfi şəhər həyatı deyil, ailəmi, yaxınlarımı və dostlarımı darıxmaqdır. Mən ünsiyyətcil, insanlarla vaxt keçirməyi sevən biriyəm. Buna görə universitetdə maraq dairəmə uyğun müxtəlif tələbə cəmiyyətlərinə üzv olmuşam, tədbirlərdə iştirak edir və fərqli təcrübə və mədəniyyətlərdən olan tələbələrlə tanış oluram. Bu, mənə yeni insanlarla ünsiyyət qurmaq və müxtəlif mədəniyyətləri yaxından öyrənmək imkanı verir".
Azərbaycan haqqında danışarkən ölkəmizin mədəniyyətindən və dəyərlərindən, eləcə də Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji geosiyasi mövqeyindən bəhs edirəm:
"Yemək məsələsində Londona gözlədiyimdən rahat uyğunlaşmışam. Qaldığım evdə ingilis ailəsi yaşayır, ev sahibəsi isə aşpazdır. Yemək bişirəndə mənə də təklif edir və hazırladığı yeməklər gözlədiyimdən çox dadlı olur. Buna görə ümumilikdə Azərbaycan mətbəxi üçün daha az darıxıram. Amma kabablardan ən çox antrikot üçün darıxıram. Londonda dünyanın müxtəlif mətbəxlərinə aid yeməkləri və təamları asanlıqla tapmaq mümkündür. Mənim kimi yeni dadları sınamağı sevənlər üçün bu, müxtəlif mətbəxləri kəşf etmək baxımından çox dəyərli fürsətdir.
Londonda “fish and chips" dadmışam, amma balığın hazırlanma üsulu mənim damaq zövqümə uyğun gəlmədi. Çox bəyənmədiyim üçün yəqin ki, bir də seçmərəm.
Xaricdə təhsil mənim üçün həm biliklərimi dərinləşdirmək, həm də mədəniyyətlərarası mübadilədə iştirak etmək imkanıdır. Müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət zamanı onların mədəniyyətləri, dəyərləri və nəqliyyat sahəsindəki təcrübələri ilə tanış oluram. Bu söhbətlər mənə dünyaya və öz ölkəmə fərqli baxış bucaqlarından baxmağa kömək edir.
Azərbaycan haqqında danışarkən ölkəmizin mədəniyyətindən və dəyərlərindən, eləcə də Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji geosiyasi mövqeyindən bəhs edirəm. Nəqliyyat baxımından ölkəmizin tranzit imkanları, dəmir yollarının inkişafı və Orta Dəhliz də söhbətlərimizdə maraq doğuran mövzulardır. Mənim üçün bu, həm Azərbaycanı tanıtmaq, həm də başqa ölkələrdən olan tələbələrdən öyrənmək üçün dəyərli fürsətdir.
Xaricdə, xüsusilə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz? Müraciət və hazırlıq prosesində onlar daha çox hansı məqamlara diqqət yetirməlidirlər?
Xaricdə təhsil almaq istəyən gənclərə ilk növbədə müraciət prosesinə erkən başlamağı tövsiyə edərdim. İmtahanı, sənədləri və son tarixləri əvvəlcədən planlaşdırmaq, mümkün olduqda ehtiyat vaxt saxlamaq çox vacibdir.
Ən əsası, seçdikləri universiteti və ixtisası niyə seçdiklərini aydın bilməli, bu təhsili həqiqətən istəməlidirlər. Həmin universitetdə nə öyrənəcəklərini və hansı bilikləri qazanacaqlarını, sonra isə bu bilikləri Azərbaycanda harada və necə tətbiq edəcəklərini əvvəlcədən düşünməlidirlər. Seçdikləri sahədə çalışan mütəxəssislərlə danışıb onların rəyini almaq da faydalıdır. Gedəcəkləri ölkənin həyat səviyyəsi, yaşayış xərcləri və gündəlik şəraiti barədə əvvəlcədən məlumat toplamaq lazımdır. Bu amillər yeni mühitə uyğunlaşmağa və təhsildə uğur qazanmağa təsir edə bilər.
Müsahibəyə də ciddi hazırlaşmağı tövsiyə edərdim. Mən hazırlıq zamanı nəqliyyat sahəsində təcrübəli mentorlarımla görüşüb məsləhətlərindən yararlandım. Rəqabətin güclü olması isə gəncləri müraciətdən çəkindirməməlidir. Tələbləri diqqətlə araşdırsınlar, məqsədlərini əsaslandıra bilsinlər və özlərinə bu fürsətdən yararlanmaq şansı versinlər".