Məktəblilər arasında böyük maraqla qarşılanan beynəlxalq “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinə növbəti qeydiyyat mərhələsinə start verilib.
AzEdu.az xəbər verir ki, cari ilin 19 oktyabr – 19 noyabr 2026-cı il tarixlərində həyata keçiriləcək qeydiyyat prosesi çərçivəsində şagirdlər öz məntiqlərini və rəqəmsal bacarıqlarını sınamaq şansı qazanacaqlar. Müsabiqənin ilkin seçim mərhələsi isə 23–29 noyabr tarixlərində “Bebras” Həftəsi çərçivəsində baş tutacaq.
Bu ildən etibarən müsabiqə qaydalarında vacib bir yenilik tətbiq olunur. Belə ki, bütün şagirdlər yarışma başlamazdan əvvəl məktəb koordinatorları tərəfindən sistemdə qeydiyyata alınmalıdır. Qeydiyyatın 1–10-cu sinif şagirdləri üçün açıq olduğu layihədə iştirak etmək üçün hər hansı xüsusi proqramlaşdırma biliyi tələb olunmur. Müsabiqə sırf informatika, məntiq və alqoritmik düşüncə üzrə maraqlı tapşırıqların həllinə əsaslanır. Tamamilə onlayn formatda keçirilən yarışda iştirakçılara tapşırıqları həll etmək üçün 40 dəqiqə vaxt verilir və seçim mərhələsində yüksək nəticə göstərənlər yarımfinal və final mərhələlərində iştirak etmək imkanı qazanırlar.
Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və yarışmanın Azərbaycan üzrə rəsmi təmsilçisi “ÖzünÖyrən” MMC-nin təşkilatçılığı ilə keçirilir.
Müsabiqədə iştirak etmək, ətraflı məlumat və qeydiyyat qaydaları ilə tanış olmaq üçün bebras.az rəsmi vebsaytına daxil ola bilərsiniz.