2022-2026-cı illərdə bir sıra ixtisaslar üzrə faktiki qəbul olunanlar arasında qadınların payında ciddi artım qeydə alınıb.
AzEdu.az-ın Peşə Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, müvafiq dövr ərzində qadınların payının ən çox artdığı 10 ixtisas arasında avtomatika sistemlərinin istismarı, mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis və metropolitenin stansiya növbətçisi ixtisasları ilk sıralarda yer alıb.
Avtomatika sistemlərinin istismarı ixtisası üzrə qadınların payı 2022-ci ildə 5 % olduğu halda, 2026-cı ildə bu rəqəm 57,6 faizə yüksəlib. Bu isə 52,6 % artım deməkdir.
Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis ixtisasında qadınların payı 20,5 %-dən, 67,6 %-dək yüksəlib: artım 47,1 %.
Metropolitenin stansiya növbətçisi ixtisasında isə bu göstərici 25 %-dən 63,6 %-ə çatıb: artım 38,6 % təşkil edib.
Bir sıra texniki ixtisaslarda qadınların payı kəskin artıb
Son dörd ildə bir sıra texniki və xidmət yönümlü ixtisaslara qəbul olunanlar arasında qadınların payında əhəmiyyətli artım qeydə alınıb.
Göstəricilərə əsasən, ən nəzərəçarpan artımlardan biri kibertəhlükəsizlik ixtisasında müşahidə olunub: qadınların qəbul payı 5 %-dən, 42,8 %-ə yüksəlib - artım 37,8 %.
Qadınların payının artdığı digər ixtisaslar da diqqət çəkir. Plastik boru qaynaqçısı ixtisasında göstərici Sıfırdan 33,3%-ə, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi ixtisasında isə 15,8-dən, 48,1%-ə çatıb.
Bununla yanaşı, informasiya-kommunikasiya texnologiyaları üzrə texnik ixtisasında qadınların payı 20%-dən, 46,9 %-ə, bağban-dekorator ixtisasında 25,7%-ə yüksəlib.
Artım qrafik dizayner ixtisasında da qeydə alınıb. Bu sahədə qadınların qəbul olunanlar arasındakı payı 50,5 faizdən 75,4 %-ə çatıb. Sistem və şəbəkə xidməti üzrə texnik ixtisasında isə göstərici 19,6 faizdən 44,4 faizə yüksəlib.
Məlumatlar son dörd ildə qadınların bir sıra texniki, rəqəmsal və peşə yönümlü ixtisaslara marağının artdığını göstərir. Xüsusilə kibertəhlükəsizlik və İKT kimi texnologiya sahələrində qadınların payının yüksəlməsi diqqətəlayiq tendensiya kimi qiymətləndirilə bilər.