Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Qaliblərdən biri də Bakı şəhəri 245 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirmiş, hazırda Böyük Britaniyanın King's College London universitetində Süni İntellekt ixtisası üzrə bakalavr təhsili alan Aytac Hüseynovadır.
Aytac Hüseynova AzEdu.az-a müsahibəsində qeyd edib ki, Dövlət Proqramının yaratdığı imkanlar əvəzolunmazdı.
- Təhsil yolunuz və süni intellekt sahəsinə marağınız necə formalaşıb?
- Məktəb illərindən dəqiq elmlərə, xüsusilə riyaziyyat, fizika və kompüter elmlərinə böyük həvəsim olub. Bu sahələrə olan dərin marağım və keçdiyim hazırlıq yolu məni bu gün texnologiyanın ən maraqlı və gələcəkyönümlü sahələrindən birinə gətirdi. Hazırda Böyük Britaniyanın King's College London universitetində Süni İntellekt ixtisası üzrə bakalavr təhsili alıram. Eyni zamanda, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alanlardan biriyəm. Akademik fəaliyyətlərimlə yanaşı, musiqi ilə məşğul olmağa, xüsusilə musiqi alətində ifa etməyə və fərqli könüllülük layihələrinə qatılmağa xüsusi maraq göstərirəm.
- Başqa hansı universitetlərdən qəbul almışdınız? Əgər xaricdə təhsil almaq imkanınız olmasaydı Azərbaycanda hansı universitetdə təhsil almağı seçərdiniz?
- King’s College London ilə yanaşı, Böyük Britaniyanın University of Edinburgh, University of Manchester və University of Birmingham kimi prestijli universitetlərindən Süni İntellekt, Kompüter Elmləri və Riyaziyyat yönümlü ixtisaslar üzrə qəbullar almışdım. Eyni zamanda, Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan ODTÜ və Boğaziçi universitetlərinin Kompüter Mühəndisliyi ixtisasına da qəbul olmuşdum. Əgər xaricdə təhsil almaq imkanım olmasaydı, Azərbaycanda seçimim ADA Universiteti olardı. Çünki ADA müasir təhsil mühiti və kompüter elmləri sahəsindəki güclü bazası ilə ölkəmizdə bu istiqamətdə seçilən universitetlərdən biridir. Qeyd edim ki, ADA Universitetinin İnformasiya Texnologiyaları ixtisasından da qəbulum var idi.
- Dövlət Proqramına müraciət prosesiniz necə keçdi? DP-nin sizə yaratdığı imkanları necə qiymətləndirirsiniz? Sizcə, proqramın gənclər üçün ən böyük üstünlüyü nədən ibarətdir?
- Dövlət Proqramına müraciət prosesi mənim üçün həm çox məsuliyyətli, həm də həyəcanlı bir mərhələ idi. Müraciət zamanı yalnız akademik göstəricilərimi təqdim etməklə kifayətlənməyib, akademik hədəflərimi və gələcək planlarımı düzgün ifadə etməyə çalışırdım. Sənədlərin hazırlanmasından müsahibəyə qədər olan hər bir addıma çox ciddi və sistemli yanaşırdım. Bu proses həm də öz məqsədlərimi bir daha aydınlaşdırmaq üçün yaxşı bir təcrübə oldu. Dövlət Proqramının yaratdığı imkanlar həqiqətən əvəzolunmazdır.
Bu dəstək sayəsində maliyyə qayğısı çəkmədən, diqqətimi tam olaraq təhsilimə və akademik inkişafıma yönəldə bilirəm. Öz sahəsində tanınmış professorlardan dərs almaq, nəzəri biliklərimi təcrübədə tətbiq etmək və süni intellekt sahəsində qabaqcıl tədqiqatlar aparan mütəxəssislərlə ünsiyyətdə olmaq mənim üçün böyük şansdır. Düşünürəm ki, Dövlət Proqramının gənclər üçün ən böyük üstünlüyü bizə verilən bir sıra imkanları dəyərləndirərək əldə etdiyimiz beynəlxalq təcrübəni gələcəkdə ölkəmizin inkişafına yönəltməkdir.
- İlk dərs gününüz necə keçdi və universitet mühitində sizi ən çox təəccübləndirən nə oldu?
- İlk dərs günüm həm böyük bir heyranlıq, həm də təbii bir həyəcanla yadda qaldı. Müəllim və tələbə heyətinin müxtəlifliyi, hər kəsin fərqli mədəniyyət və təcrübələrlə bir araya gəlməsi ilk andan çox ilhamverici bir mühit yaratdı. Universitetdə məni ən çox təəccübləndirən tələbələr üçün yaradılan geniş imkanlar oldu. İxtisasyönümlü tələbə icmalarının fəaliyyəti, dərslərdən əlavə keçirilən yarmarkalar və sahənin peşəkarları ilə şəbəkələşmə (networking) ilk andan diqqətimi çəkdi. Bununla yanaşı, professorların səmimi və dəstəkləyici yanaşması, interaktiv diskussiyalar mənə böyük motivasiya verdi və yeni mühitə tez bir zamanda adaptasiya olmağıma şərait yaratdı.
- Tədris baxımından Azərbaycandakı sistemlə necə fərqləndirirsiz? Dərslərdə və ya akademik mühitdə çətinlik çəkdiyiniz məqamlar varmı?
- Əsas fərq tədrisin təşkilində və rəqəmsal imkanların genişliyindədir. Belə ki, sistem həm onlayn resurslardan sərbəst istifadəni, həm də universitetdəki əyani dərsləri bir-biri ilə mükəmməl şəkildə tamamlayır. Universitetdə əyani dərslərdən əlavə, təlim prosesini dəstəkləyən xüsusi bir onlayn platforma mövcuddur.
Platformada hər həftə üçün nəzərdə tutulmuş dərslər, mövzuları əvvəlcədən izah edən videolar, slaydlar və qazandığımız bilikləri yoxlamaq üçün qısa quizlər yerləşdirilir. Bunlarla yanaşı, mövzunu daha da dərinləşdirmək istəyənlər üçün əlavə kitablar və resurslar da təqdim olunur. Sistemin ən çox bəyəndiyim tərəflərindən biri odur ki, bütün həftələrin dərsləri və materialları platformada əvvəlki həftələrdən açıq olur. Beləliklə, müəyyən bir həftənin mövzusunu tam dərk etdikdə və ya mənə asan gəldikdə, gözləmədən növbəti həftələrin materiallarına da qabaqcadan baxa bilirəm. Əyani dərslərimiz mühazirələr, kiçik qrup dərsləri və laboratoriyalardan ibarətdir.
Azərbaycandakı universitetlərdən fərqli olaraq, burada mühazirələr 2 saat olur. Bu dərslərdə professorlar mövzunun üstündən qısaca keçdikdən sonra vaxtın böyük hissəsini daha çətin, düşünmə tələb edən tapşırıqların həllinə ayırır və bizə düzgün istiqamət verirlər. Kiçik qrup (SGT) dərslərində isə ancaq əvvəlki həftənin mövzusu təkrar olunur və müvafiq tapşırıqlar işlənilir. Laboratoriya dərslərində isə həm platformada, həm də mühazirələrdə öyrəndiyimiz nəzəri bilikləri birbaşa praktikada tətbiq edirik. Xüsusilə proqramlaşdırma dərslərində keçdiklərimizi tapşırıqlar üzərində kod yazaraq işləyir və bacarıqlarımızı inkişaf etdiririk. Mühitə və tədrisə uyğunlaşmaqda hər hansı bir ciddi çətinlik çəkmədim.
Həmçinin, istər akademik çətinliklərdə, istərsə də ümumi adaptasiya və şəxsi inkişaf məsələlərində bizə yol göstərən, istiqamət verən xüsusi şəxsi tyutorumuz (Personal Tutor) var. Hər hansı bir sualımız və ya narahatlığımız olduqda birbaşa onunla görüşüb dəstək ala bilirik.
- İngiltərədə gündəlik həyata uyğunlaşmaq necə gedir? Dil, ünsiyyət, insanların davranışı və ümumilikdə İngiltərə mədəniyyəti baxımından sizə ən fərqli gələn nədir?
- İngiltərədə gündəlik həyata uyğunlaşmaq mənim üçün gözlədiyimdən də rahat və axıcı oldu. Mədəniyyət və ünsiyyət baxımından mənə ən fərqli və xoş gələn məqam insanların həddindən artıq ünsiyyətcil, dostcanlı və nəzakətli olmasıdır. Gündəlik mühitdə insanların açıqfikirli və yardımsevər olması, istənilən an səmimi ünsiyyət qurub dəstək göstərməyə hazır olmaları adaptasiyamı çox asanlaşdırdı.
- Yemək məsələsi necədir? Azərbaycan mətbəxindən ən çox nə üçün darıxırsınız və İngiltərədə dadıb “bunu bir də yemərəm” və ya “bunu gözlədiyimdən çox bəyəndim” dediyiniz yemək olub?
- Yemək məsələsinə gəldikdə, Azərbaycan mətbəxinin, xüsusilə milli yeməklərimizin yeri tamamilə başqadır və ən çox darıxdığım da məhz o doğma dadlardır. Lakin London çoxmillətli bir şəhər olduğu üçün mətbəx çeşidliliyi də çox zəngindir. Bu da fərqli ölkələrin mətbəxlərini sınamaq və yeni dadlarla tanış olmaq imkanı yaradır. Məsələn, ingilis mətbəxi ilə yanaşı, Asiya və Vyetnam mətbəxini də sınamaq imkanım oldu və çox bəyəndim. İngilis mətbəxindən isə məşhur fish and chips və ənənəvi yeməklərin bir çoxu gözlədiyimdən daha dadlı idi. Lakin britaniyalıların məşhur səhər yeməyi olan baked beans çox da ağız dadıma xitab etmədi.
- Müxtəlif ölkələrdən olan tələbələrlə tanışlıq sizə hansı yeni baxışlar qazandırıb? Azərbaycan haqqında onlara ən çox hansı məqamları danışırsınız?
- Müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyətdə olmaq dünyagörüşümü zənginləşdirir. Hər kəsin fərqli mədəniyyətdən olması həm akademik layihələrdə, həm də gündəlik söhbətlərdə tamamilə yeni ideyalar və yanaşmalar ortaya çıxarır. Mən də öz növbəmdə onlara Azərbaycan haqqında danışmağı çox sevirəm. Ən çox zəngin mədəniyyətimizdən, tarixi abidələrimizdən, xalqımızın qonaqsevərliyindən və əlbəttə ki, fərqli dadları ilə seçilən milli mətbəximizdən söz açıram. Tanış olduğum tələbələr arasında hətta əvvəllər Azərbaycanda olmuş, milli yeməklərimizi və tarixi abidələrimizi çox bəyənib yenidən ölkəmizə getmək istəyənlər də var. Bunu onlardan eşitmək mənə həqiqətən böyük qürur verir. Hələ ölkəmizə səfər etməyən dostlarıma isə gələcəkdə Azərbaycana səyahət etməyi və bu gözəllikləri canlı görməyi tövsiyə edirəm.