Azedu.az

"ChatGPT" ilə hazırlaşıb nəhəng ABŞ universitetini qazandı - "Kimsə inanmırdı, amma mən bacardım"

Xarici təhsil

23 Sentyabr 2026, 13:41
"ChatGPT" ilə hazırlaşıb nəhəng ABŞ universitetini qazandı - "Kimsə inanmırdı, amma mən bacardım"

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.

Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Qaliblərdən biri də Pensilvaniya Universitetində (University of Pennsylvania) Təhsil siyasəti (Education Policy) ixtisası üzrə magistratura təhsili alan Leyla Hüseynovadır.

AzEdu.az Leyla Hüseynova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

Təhsildə süni intellektin effektiv istifadəsi ilə bağlı biliklər əldə edib, gələcəkdə bu sahədə ölkəmin təhsil sisteminə töhfə verməyi planlaşdırıram:

"Bakalavriatura təhsilimi Azərbaycan Dillər Universitetində İngilis dili və ədəbiyyatı ixtisası üzrə almışam. Təhsil müddətində ümumi ortalama balım 89 olub. Bununla yanaşı, IELTS imtahanından ümumi 8 bal toplamışam. Bundan əlavə, müəllimlik sahəsində iki illik pedaqoji təcrübəm var (Dil kurslarında dərs keçmişəm) Peşəkar inkişafımı davam etdirmək məqsədilə TKT (Teaching Knowledge Test) və TESOL sertifikatları da əldə etmişəm. Hazırda isə University of Pennsylvania-da (Pensilvaniya Universiteti) Education Policy (Təhsil siyasəti) üzrə magistr təhsili alıram.

University of Pennsylvania ilə yanaşı, University College London ( UCL) və Columbia University-dən də qəbul almışdım. UCL mənim alternativ seçimlərimdən biri idi, amma əsas məqsədim ABŞ-də təhsil almaq idi.

Dövlət Proqramının universitet siyahısı açıqlananda University of Pennsylvania-nı gördüm və universiteti və burada keçirilən Education Policy proqramını araşdırmağa başladım. Proqramın məzmununun mənim akademik və gələcək peşəkar maraqlarıma çox uyğun olduğunu gördüm. Xüsusilə diqqətimi çəkən məqam burada bizim tədqiqat praktikasından (internatura) keçəcəyimiz faktı idi. Yəni mən burada təkcə nəzəri biliklərə yiyələnməyəcəm, həmçinin praktiki bacarıqlar da əldə edəcəyəm. UPenn-in həmçinin təhsildə Aİ sahəsində araşdırmalar aparmağı da diqqətimi cəlb etmişdi. Təhsildə süni intellekti necə effektiv istifadə etmək mövzusu məni maraqlandıran mövzudur ona görə bu sahədə dərslər götürüb, ölkəmin təhsil sisteminə töhfə verməyi planlayıram.

Əgər həmin il University of Pennsylvania-dan qəbul almasaydım, xaricdə yüksək səviyyəli təhsil almaq hədəfimdən imtina etməzdim. Bir il ərzində profilimi daha da gücləndirib yenidən universitetlərə və Dövlət Proqramına müraciət etməyi planlaşdırardım. Qarşıma məqsəd qoymuşdum ki, Dövlət Proqramının mənə təqdim etdiyi fürsətdən maksimum şəkildə yararlanım və bu proqramın məzunlarından biri olum".

Dövlət Proqramı Azərbaycan gəncləri üçün dünyanın qabaqcıl universitetlərində təhsil almaq baxımından çox böyük fürsətdir:

"Dövlət Proqramına müraciət prosesim ümumilikdə çox rahat və sistemli keçdi. Müraciətlər başlayanda artıq universitetdən qəbulum var idi. Sənədlərimi təqdim etdim, ərizəmin təsdiqlənməsini gözlədim və daha sonra müsahibə mərhələsinə dəvət olundum.

Müsahibə mənim üçün kifayət qədər ciddi və tələbkar keçdi. Mənə motivasiyam, niyə məhz bu ixtisası seçdiyim, təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdaraq hansı istiqamətdə fəaliyyət göstərmək istədiyim və gələcək planlarım haqqında suallar verildi. Müsahibəyə ciddi hazırlaşmışdım və nəticədə bu mərhələni uğurla keçdim.

Dövlət Proqramının yaratdığı imkanları çox yüksək qiymətləndirirəm. Gənclərə dünyanın qabaqcıl universitetlərində təhsil almaq və bunun üçün hərtərəfli maliyyə dəstəyi əldə etmək çox böyük fürsətdir. Bunu hər dövlət öz vətəndaşları üçün etmir. Xüsusilə təhsil haqqı ilə yanaşı, yaşayış xərclərinin də qarşılanması tələbəyə diqqətini əsasən təhsilinə və inkişafına yönəltməyə imkan verir.

Məncə, proqramın ən böyük üstünlüklərindən biri potensiallı və inkişaf etmək istəyən Azərbaycan gənclərinin maddi imkanlarından asılı olmayaraq dünyanın qabaqcıl universitetlərində təhsil ala bilmələridir. Bununla yanaşı, Dövlət Proqramı məzunları dövlət qurumlarında imtahansız işə düzələ bilirlər, bu başqa bir üstünlükdür".

İlk gündən hiss olunurdu ki, magistratura səviyyəsində tələbədən böyük müstəqillik, hazırlıq və tədqiqat yönümlü düşüncə gözlənilir:

"İlk dərs günüm maraqlı idi. Dərsdə əvvəlcə sillabus ilə tanış olduq, daha sonra isə birbaşa akademik müzakirələrə və dərs prosesinə başladıq. Məni ən çox təəccübləndirən məqamlardan biri isə dərslər başlamamışdan təxminən bir həftə əvvəl professorlarımızın bizimlə əlaqə saxlaması və ilk dərs üçün oxumalı olduğumuz elmi məqalələri göndərməsi oldu. İlk gündən hiss olunurdu ki, magistratura səviyyəsində tələbədən böyük müstəqillik, hazırlıq və tədqiqat yönümlü düşüncə gözlənilir.

Digər maraqlı məqam professorlarla tələbələr arasındakı ünsiyyətin daha sərbəst olmasıdır. Məsələn, professorlarımızın bəziləri onlara soyadları və ya rəsmi titulları ilə deyil, birbaşa adları, hətta qısaldılmış adları ilə müraciət etməyimizi istəyirlər. Bu, mənim üçün maraqlı mədəni fərqlərdən biri oldu. Ümumilikdə isə dərslərdə sərbəst müzakirəyə, fikir bildirməyə və tələbənin müstəqil düşünməsinə çox böyük önəm verildiyini müşahidə etmişəm".

Multikultural mühitdə yaşamaq mənə yeni insanları və fərqli düşüncə tərzlərini tanımaq imkanı verir:

"ABŞ-də gündəlik həyata uyğunlaşmağım ümumilikdə yaxşı gedir. Mənə ilk vaxtlarda ən fərqli gələn məqamlardan biri o idi ki, insanlar hətta tanımadığınız bir insanla qısa göz kontaktı qurduqda belə sizə gülümsəyirlər. İlk vaxtlar bu mənə maraqlı gəlirdi və hətta amerikalı tanışlarımdan bunun səbəbini soruşmuşdum. Onlar dedilər ki, burada kiməsə baxıb gülümsəməyəndə kobud görünürsən. 

Digər tərəfdən, mənim indiyə qədər qarşılaşdığım insanlar müxtəlif mədəniyyətlərə və aksentlərə (tələffüz) çox açıq yanaşıblar. İngilis dilinin mənim ikinci dilim olduğunu bildikləri üçün həm qrup yoldaşlarımdan, həm də professorlarımdan çox dəstək görmüşəm.

Ümumilikdə, fərqli bir ölkədə və multikultural mühitdə yaşamaq mənə yeni insanları və fərqli düşüncə tərzlərini tanımaq imkanı verir və düşünürəm ki, bu təcrübə mənim dünyagörüşümün daha da genişlənməsinə kömək edir".

Azərbaycan çayı üçün çox darıxıram:

"Yemək məsələsi burada mənim üçün ən maraqlı fərqlərdən biridir. ABŞ-də fast food seçimləri xüsusilə çox gözə dəyir, eyni zamanda müxtəlif ölkələrin mətbəxlərini sınamaq üçün də kifayət qədər geniş seçim var.

Azərbaycan mətbəxinə gəldikdə isə demək olar ki, hər şey üçün darıxıram. Xüsusilə xəngəl kimi milli yeməklərimiz və Azərbaycan çayı üçün darıxıram. Mən çay içməyi çox sevirəm və burada bizim öyrəşdiyimiz çay mədəniyyətinin eyni formada olmadığını hiss etmişəm. Ona görə yaxşı Azərbaycan çayının dadı üçün xüsusilə darıxıram.

ABŞ-də gözlədiyimdən daha çox bəyəndiyim yeməklərdən biri isə  Filadelfiyanın pendir steyki oldu.  Bu, Filadelfiyaya xas məşhur bir sendviçdir; əsasən ət, pendir və soğandan hazırlanır. Filadelfiyada  yaşadığım üçün onu sınamaq istədim və həqiqətən bəyəndim.

Hələlik “bunu bir də heç vaxt yemərəm” dediyim bir yemək olmayıb. Əksinə, burada olduğum müddətdə mümkün qədər fərqli dadları sınamağa çalışıram".

Xaricdə təhsil mənim üçün yalnız akademik bilik əldə etmək deyil, eyni zamanda, Azərbaycanı tanıtmaq üçün bir fürsətdir:

Pensilvaniya Universiteti beynəlxalq mühitə malikdir və burada dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə tanışlıq imkanım var. Mən də tələbə kimi mümkün qədər aktiv olmağa çalışıram. Penn Traditions adlı tələbə təşkilatına qoşulmuşam və universitetdəki azərbaycanlı tələbələrin icmasında da iştirak edirəm.

Bu fəaliyyətlər vasitəsilə həm yeni insanlarla tanış olur, həm də fərqli ölkələrdən olan tələbələrlə şəbəkələşirəm. Azərbaycanlı olduğumu dedikdə tələbələr çox vaxt ölkəmiz haqqında maraqla suallar verirlər. Mən də çalışıram ki, Azərbaycanı mümkün qədər yaxşı şəkildə təmsil edim.

Onlara Azərbaycanın tarixi, mədəniyyəti, multikultural və tolerant ənənələri, eyni zamanda müasir Azərbaycan haqqında danışıram. Regionumuzun tarixi və Ermənistan–Azərbaycan münaqişəsi haqqında suallar yarandıqda isə Azərbaycanın tarixi təcrübəsini və mövqeyini faktlara əsaslanaraq izah etməyə çalışıram.

Mənim üçün xaricdə təhsil yalnız akademik bilik əldə etmək deyil. Eyni zamanda, fərqli ölkələrdən olan insanlara Azərbaycanı tanıtmaq və ölkəmiz haqqında daha dolğun təsəvvür formalaşdırmaq üçün bir fürsətdir".

Mənə "89 ortalama ilə Dövlət Proqramına seçilmək çox çətin olacaq" deyənlər oldu, amma ruhdan düşmədim və özümü göstərmək üçün daha ciddi hazırlaşdım:

"Xaricdə, xüsusilə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən gənclərə ilk növbədə deyərdim ki, başqalarının fikirlərinə görə özünüzü əvvəlcədən məğlub hesab etməyin. Mən müraciət etdiyim zaman bakalavr üzrə ortalamam 89 idi. Dövlət Proqramının əvvəlki iştirakçılarından məsləhət alanda mənə deyənlər olmuşdu ki, bu ortalama ilə universitetdən qəbul ala bilərsən, amma Dövlət Proqramına seçilmək çox çətin olacaq.

Amma mən bunun məni ruhdan salmasına imkan vermədim. Əksinə, düşündüm ki, mənə müraciət etmək və özümü göstərmək imkanı verilibsə, maksimum yaxşı hazırlaşmalıyam.

Gənclərə tövsiyəm odur ki, akademik göstəricilərini mümkün qədər yüksək tutsunlar, amma yalnız rəqəmlərə fokuslanmasınlar. Müsahibəyə də çox ciddi hazırlaşsınlar. Niyə məhz həmin proqramı seçdiklərini, gələcək məqsədlərini, təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq əldə etdikləri bilikləri necə tətbiq etmək istədiklərini aydın şəkildə ifadə edə bilsinlər.

Mən özüm müsahibəyə hazırlaşarkən süni intellekt vasitələrindən, xüsusilə ChatGPT-dən də istifadə etmişdim. Mümkün müsahibə sualları üzərində işləyir, role-play formatında məşq edir və cavablarımı təkmilləşdirirdim. Düşünürəm ki, süni intellekt dövründə yaşayırıq və bu vasitələrdən düzgün şəkildə istifadə etdikdə hazırlıq prosesində çox faydalı ola bilər. Amma əsas odur ki, müsahibədə verilən cavablar sizin öz fikirlərinizi, məqsədlərinizi və şəxsiyyətinizi əks etdirsin.

Mənə “rəqabət çox güclüdür”, “kvota məhduddur”, “seçilməyin çətin olacaq” deyən insanlar da olmuşdu. Ona görə öz təcrübəmdən çıxış edərək gənclərə deyərdim: başqalarının sizin imkanlarınız haqqında verdiyi qərarı öz qərarınıza çevirməyin. Dövlət sizə belə bir imkan yaradıbsa, müraciət edin, ciddi hazırlaşın və özünüzün ən yaxşı versiyanızı təqdim etməyə çalışın. Nəticə necə olursa-olsun, özünüzə şans vermədən əvvəl özünüzü yarışdan çıxarmayın. Əgər ABŞ universitetlərinə hazırlaşırsınızsa çalışın İELTS göstəriciniz minimum 8 olsun, düşünürəm ki, bu seçilməyinizə müsbət təsir göstərir".

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox