Hər il 500 tələbə Dövlət Proqramı vasitəsilə dünyanın ən nüfuzlu universitetlərində oxumaq şansı qazanır. Xaricdə mükəmməl təhsil alıb ölkəyə qayıdan gənc kadrlarımız isə orada öyrəndikləri qabaqcıl bilik və beynəlxalq təcrübəni birbaşa ölkəmizin inkişafı üçün tətbiq edirlər.
Həmin gənclərdən biri də ABŞ-nin llinoys Universiteti (Urbana-Şəmpeyn Kampusu) da magistratura səviyyəsi üzrə maliyə ixtisasında təhsil almış Nicat İsmayılovdur.
O, hazırda SOCAR-da Biznesin İnkişafı Şöbəsinin İqtisadçısı kimi fəəliyyət göstərir.
AzEdu.az Nicat İsmayılovla onun təhsil yolundan bəhs edən müsahibəni təqdim edir:
-Orta təhsilimi Naxçıvan şəhər A. Cəlilov adına 12 nömrəli tam orta məktəbdə almışam. 2019-cu il qəbul imtahanlarında 688 bal toplayaraq II ixtisas qrupu üzrə ölkə ikincisi kimi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə fakültəsinə daxil oldum və prezident təqaüdünə layiq görüldüm.
2020-ci ildə isə təhsilimi Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) iqtisad ixtisası üzrə davam etdirdim. Oranı da Şərəf dərəcəsi ilə bitirdim. Daha sonra, 2024-cü ilin avqustunda Dövlət Proqramı xətti ilə ABŞ-nin llinoys Universitetində (Urbana-Şəmpeyn Kampusu) maliyyə ixtisası üzrə magistratura səviyyəsinə başlayıb, 2025-ci ilin dekabrında sona çatdırdım. Hazırda SOCAR-ın Biznesin İnkişafı Şöbəsində iqtisadçı olaraq fəaliyyət göstərirəm.
– Maraqlıdır, niyə məhz Azərbaycandakı təhsilinizi yarıda qoyub xaricə getmək qərarına gəldiniz?
– Hesab edirəm ki, xaricdə təhsil almaq üçün ən ideal dövr məhz bakalavriatura illəridir. Naxçıvandan gələn biri olaraq, komfort zonamdan çıxmaq, daha dinamik bir mühitə adaptasiya olmaq və fərqli mədəniyyətləri tanımaq istəyirdim. Bakı da mənim üçün böyük bir başlanğıc idi, lakin başqa ölkədə, fərqli bir akademik mühitdə oxumağın həm bilik baxımından, həm də şəxsiyyət kimi formalaşmağımda çox daha böyük təsir edəcəyini düşünürdüm.
– İndi arxaya baxanda düşünürsünüzmü ki, kaş, abituriyent illərində ölkəmizdəki universitetlərə yox, birbaşa Türkiyə universitetlərinə hazırlaşa idiniz? Arada müəyyən zaman itirdiyinizi düşünəndə peşmanlıq duyursuz?
– Mənə bu sualı tez-tez verirlər. Lakin həmin dövrü zaman itkisi kimi qiymətləndirmirəm. UNEC-də ixtisasım üzrə tədris dili ingiliscə idi və oradakı birillik hazırlıq mərhələsi dil biliklərimi yüksək səviyyəyə çatdırmağım üçün əla fürsət oldu. Əgər o vaxt həmin addımı atmasaydım, bəlkə də ingilis dilimi lazımi səviyyəyə qaldıra bilməyəcəkdim. Həmçinin ailə mühitindən uzaqlaşıb Bakıda tək yaşamaq mənə psixoloji cəhətdən böyük hazırlıq və müstəqillik qazandırdı. Ona görə də həmin dövrü itki yox, gələcək uğurlarım üçün vacib bir təməl hesab edirəm.
– Komfort zonanızı tərk edib əvvəl Türkiyəyə, daha sonra isə tam fərqli mədəniyyətə malik Amerikaya getdiniz. Bu keçidlər zamanı hansı çətinliklərlə qarşılaşdınız?
– Türkiyədəki ilk ilimiz təəssüf ki, pandemiya dövrünə təsadüf etdi. Bir müddət Naxçıvandan onlayn şəkildə oxumaq məcburiyyətində qaldım. ODTÜ-dəki ikinci kursum isə həqiqətən ən çətin ilim oldu. Akademik yükün ağır olması, yataqxana və adaptasiya problemləri üst-üstə gəlmişdi. Amma mədəniyyət və mentalitet baxımından Türkiyə bizə yaxın olduğu üçün o qədər də yadlıq hiss etmirdim. Amma xaricdəki mühit bizdən biraz fərqlidir. Orada insanlar daha soyuq və məsafəli yanaşırlar. Bizdə isə insanlar o qədər soyuqqanlı deyillər, münasibətdə daha istiqanlı olurlar. Türkiyə və ya Amerikada insanlar bir qədər şübhəli və ehtiyatlı davranmağı üstün tuturlar, ilk baxışdan daha sərt təsir bağışlaya bilirlər.
Amerikaya gəldikdə isə, ora tamamilə fərqli bir dünyadır. Lakin artıq xaricdə yaşamaq təcrübəm olduğu və məqsədimə daha fokuslu kökləndiyim üçün ABŞ-yə uyğunlaşmaq mənim üçün nisbətən daha rahat oldu. Təbii ki, okeanın o tayında hər şey fərqli idi, amma çətinliklərin öhdəsindən gələ bildim.
– Magistratura təhsili üçün məhz Amerikanı seçməyinizin səbəbi nə idi?
– Çünki Amerika maliyyə və biznes sektorunun qlobal mərkəzidir. Nyu-York və Çikaqo kimi maliyyə paytaxtlarındakı axınlar Avropadan daha üst səviyyədədir. Burada mediada gördüyümüz, sahənin inkişafına yön verən qabaqcıl mütəxəssislərlə canlı ünsiyyət qurmaq və şəbəkə yaratmaq imkanları qat-qat çoxdur. Həmçinin iqtisadiyyat sahəsindəki nəzəri biliklərimi daha praktiki və tətbiqi müstəviyə daşımaq istədiyim üçün Amerika ən doğru seçim idi.
– Azərbaycan, Türkiyə və ABŞ təhsil sistemlərini müqayisə etsəniz, ortaq və fərqli cəhətlər kimi nələri qeyd edərdiniz?
–Təhsil prosesinə gəldikdə isə Türkiyədəki universitet təhsili, oranın dili, mühiti və ümumi ab-havası tamamilə fərqli bir təcrübə idi. ODTÜ quruluş etibarilə ABŞ təhsil sisteminin prinsiplərinə əsaslandığı üçün orada müəyyən bənzərliklər var idi. Amma kampus həyatı və tələbələrə yaradılan şərait baxımından həm Türkiyənin aparıcı universitetləri, həm də ABŞ tamamilə fərqli bir səviyyədədir.
Məsələn, ABŞ-də professor heyəti əsasən dünyanın ən nüfuzlu universitetlərində magistratura və doktorantura təhsili almış, qlobal miqyasda tanınan şəxslərdən ibarətdir. Orada təhsil alan tələbə sadəcə dərs oxumur, həm də qlobal akademik şəbəkənin bir parçasına çevrilir. Azərbaycan təhsili ilə müqayisəyə gəldikdə, təəssüf ki, ölkəmizdəki təhsil dövrüm 1 il olduğundan və o da pandemiyaya təsadüf etdiyindən bu barədə dərin müqayisə apara bilmirəm.
Amerikada təhsil almağa başlayanda artıq 21 yaşım var idi və xaricdə oxumağın verdiyi 4 illik təcrübə sayəsində hər addımımı daha planlı atmağı öyrənmişdim. Hansı çətinliklərlə üzləşə biləcəyimi əvvəlcədən təxmin etdiyim üçün adaptasiya dövründə böyük bir problem yaşamadım. Həm də orada Azərbaycanın müxtəlif universitetlərindən gələn tələbə yoldaşlarımızla bir-birimizə dəstək olaraq bu prosesi daha rahat keçdik.
Dediyim kimi, ən əsas şərt komfort zonasından çıxmağı bacarmaqdır. Yeni addım atmaq istəyən insanlara — istər gənclərə, istərsə də məndən daha yaşlı və təcrübəli şəxslərə məsləhətim odur ki, cəsarətli olsunlar və naməlum yollara getməkdən qorxmasınlar. Onsuz da gec-tez hər kəs öz yolunu tapır və zəhmətinin bəhrəsini görür. Xaricdə oxumaq qorxulu bir proses deyil. Təbii ki, bu yolda ailə dəstəyi də çox önəmlidir, amma ümumilikdə qorxmağa heç bir əsas yoxdur.
– Qəbul imtahanında ölkə ikincisi olsanız da, sonradan buradakı təhsilinizdən imtina edib Türkiyəyə getdiniz. Maraqlıdır, yüksək nəticə göstərən biri olaraq, gələcəyi qeyri-müəyyən görünən bir təhsil yoluna çıxmağınıza görə sizə irad tutanlar var idimi?
– Təbii ki, bizim cəmiyyətdə ailə və yaxın ətraf faktoru həmişə böyük rol oynayır. İlk vaxtlar ailədən də müəyyən narazılıqlar və suallar gəldi ki, "Niyə belə edirsən?" - hər kəs əldə olunmuş hazır mövqeyimi qorumağımı istəyirdi.
Amma mən uzunmüddətli düşünməyə çalışırdım. Hesab edirdim ki, heç olmasa bakalavriatura səviyyəsində xaricdə təhsil almaq mənim üçün gələcək karyeramda əvəzsiz bir üstünlük - əlavə bir "premya" olacaq. İstər iş axtarışında, istərsə də qlobal şəbəkə qurulmasında ODTÜ kimi tanınmış bir universitetdə oxumağın böyük rolu olacağını anlayırdım. Nəticədə öz qərarımda irəlilədim.
-Bəs doktorantura, PHD səviyyəsi üzrə oxumağı düşünürsünüzmü?
-Hazırkı mərhələdə yox. Əslində, magistratura səviyyəsində maliyyə sahəsini seçməyim iqtisadiyyatın bəzi istiqamətlərinin mənə həddindən artıq nəzəri görünməsi ilə bağlı idi. Təhsilin ilk illərində daha çox ümumi, konseptual və gündəlik həyatda qarşılaşdığımız məsələləri nəzəri müstəvidə analiz edirdik.
Lakin zamanla gördüm ki, maliyyə sektoru daha tətbiqi, riyazi statistikaya və real nəticələrə əsaslanan bir aləmdir. Mən də praktiki sektora, biznes və maliyyə yönümlü sahələrə maraq göstərdiyim üçün məhz bu istiqaməti seçdim. Amerika təhsil sisteminin ən böyük üstünlüyü də elə bundadır: sənə dar çərçivədə qalmağa imkan vermir, öz maraq dairənə uyğun sahədə ixtisaslaşmağın üçün geniş şərait yaradır.
Türkiyədəki təhsilimlə müqayisədə orada seçmə fənlərin rolu çox böyük idi. Məsələn, ODTÜ-də 18-20-dən çox seçmə fənn kateqoriyası mövcud idi və tələbə fərqli disiplinlərdən - kompüter mühəndisliyindən tutmuş statistikaya qədər istədiyi dərsləri seçə bilirdi. Bu yanaşma tənqidi təfəkkürün və hərtərəfli dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır.
- Amerikadan Azərbaycana qayıdanda adaptasiya dövrünü necə keçdiniz?
– 2025-ci ilin dekabrın sonlarında ölkəyə qayıtdım. Təbii ki, 17 yaşımdan başlayan və uzun müddət xaricdə davam edən təhsil və həyat tərzindən sonra yenidən Vətənə dönəndə müəyyən fərqliliklər hiss olunur. Oradakı insanlar və mühit insanın dünyagörüşünə, şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərir.
Amma xaricdə qazandığım ən əsas bacarıqlardan biri emosional intellekt və adaptasiya çevikliyidir. Qarşındakı insanın düşüncə tərzini və yanaşmasını anlamaq, fərqli fikirlərə hörmətlə yanaşaraq öz yolunla irəliləmək orada mənimsədiyim ən dəyərli vərdişlərdəndir. Bu düşüncə tərzi həm karyerada, həm də şəxsi münasibətlərdə insana çox kömək edir.
-Amerikada öyrəndiyiniz hansı vərdişi özünüzdə fərqində olmadan Azərbaycanda tətbiq etməyə edirsiz?
-Türkiyədə bakalavr təhsilimin sonuna qədər özümü yalnız dərslərimə fokuslamışdım. Lakin Amerikaya getdikdən sonra ilk vaxtlar karyera planlaması dərsimiz oldu və orada keçilən ilk mövzulardan biri "networking" (əlaqələr qurmaq) idi. Amerikada iş və karyera baxımından 'networking' bir nömrəli faktor kimi vurğulanırdı və bu, ilk vaxtlar mənə çox qəribə gəlirdi.
Düşünürdüm ki, əgər yaxşı universitetdə oxumuşamsa və qiymətlərim yüksəkdirsə, 'networking' məni necə daha tez irəliyə apara bilər ki? İlk dəfə orada qarşılaşdığım üçün başlanğıcda bu yanaşmaya uyğunlaşmaqda biraz çətinlik çəkdim. Daha sonra təşkil olunan karyera sərgilərinə qatılaraq, şirkət nümayəndələri ilə ünsiyyət qura-qura bu bacarığı özümdə formalaşdırdım.
Azərbaycana qayıtdığım gündən etibarən istər iş müsahibələri, istərsə də UNEC-dəki qrup yoldaşlarımla ünsiyyət vasitəsilə mühitə adaptasiya olmağa başladım. Xaricdə təhsil almağın mənfi tərəflərindən biri yerli iş bazarından bir qədər kənarda qalmaqdır və bu boşluğu doldurmaq mənim xeyli vaxtımı aldı. Avqust ayında SOCAR-da işə başlayana qədər artıq bir çox yerlərlə müsahibə və görüşlərim olmuşdu.
-Bəs xaricdə öyrəndiyiniz bilikləri, texnologiyaları iş həyatınıza tətbiq edə bilirsinizmi ? Sizcə, yerli bazar Amerika standartlarına nə qədər hazırdır?
-Bu, maraqlı sualdır. Təbii ki, orda bir çox sektorlar oynayır. Amerika bazarı, maliyyə sahəsini nəzərdə tutsaq, təbii ki, ən çətin bazarlardan biridir, hətta birincisidir. Orada maliyyə dəyərinin həcmi trilyonlardır. Azərbaycanda iqtisadiyyatını 70 milyard dollardan biraz artıq olduğunu nəzərə alsaq, bu, çox böyük bir rəqəmdir. Ən azından hədəfi o dərəcədə olmağa hazır deyil.
-Cəmiyyətdə xaricdə oxuyan insanlara qarşı sanki biraz qəribə yanaşma var; onlardan ölkəyə qayıdanda daha böyük işlər, fəaliyyətlər gözləyirlər. Maraqlıdır ki, işə götürənlər dövlət proqramı ilə xaricdə oxuyub gələn gənclərə necə yanaşırlar? Sizdən gözləntilər çoxmu yüksəkdir?
-"SOCAR-da həmkarlarımın və rəhbərliyin mənimlə bağlı gözləntiləri təbii olaraq müəyyən suallar doğururdu. Xaricdə təhsil almış bir SOCAR əməkdaşı olaraq, Amerika təcrübəsini birbaşa yaşamış şəxs kimi mənə qarşı suallar çox idi.
Məsələn, müsahibədə belə suallar ünvanlamışdılar: "Dövlətin strategiyasına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hansı yolu tutmaq olar? Neft-qaz sektorundan asılılığın azaldılması üçün hansı dövlət layihəsinin həyata keçirilməsini istərdin?"
Bu tipli 'case study' suallarını cavablandırarkən xaricdəki təhsilimin mənə qatdığı üstünlükləri nümayiş etdirməyə çalışırdım. Əlbəttə, ölkə iqtisadiyyatının ümumi səviyyəsinə toxunan belə genişmiqyaslı sualları cavablandırmaq dərin təcrübə tələb edir. Lakin hesab edirəm ki, belə sualların verilməsi həm rəhbərliyin gözləntilərinin yüksək olduğunu, həm də xaricdə oxuyan tələbənin sadəcə akademik biliklərlə kifayətlənməyib, dünya görüşünü artırıb-artırmadığını, bu imkandan necə faydalandığını öyrənmək istəyini göstərir. Yəni məqsəd sadəcə oxuyub qayıtmaq yox, həmin bilikləri real mühitdə tətbiq edə bilməkdir.
İş mühitində tətbiq etdiyimiz modellər, qazandığımız əlaqələr və beynəlxalq praktika bu gün işimdə mənə çox kömək edir. Dövlət qurumu tərəfindən xaricə göndərilən tələbələrin əsas məqsədi ölkəyə və çalışdığı quruma əlavə dəyər yaratmaqdır. Qayıdandan sonra da ən çox əlavə dəyər yarada biləcəyin sahələrdə işləməyin tövsiyə olunur.
Hesab edirəm ki, mənim hazırkı fəaliyyətim tam olaraq buna uyğundur. SOCAR-ın xarici layihələri, xarici tərəfdaşlarla əlaqələrin qurulması, təhlillərin aparılması və risklərin qiymətləndirilməsi kimi proseslərdə xarici təhsilimin verdiyi töhfəni açıq şəkildə hiss edirəm.
-Bəs xaricdə oxuyub, ölkəmizdə karyera qurmaq istəyən gənclərə hansı tövsiyələriniz olardı?
- Xaricdə oxuyarkən təkcə təhsil almaqla kifayətlənməyib, həm həmin ölkənin, həm də Azərbaycan bazarını dərindən araşdırmaq lazımdır. Bunu internet üzərindən məlumat toplamaqla və ya mütəxəssislərlə müzakirələr aparmaqla həyata keçirmək mümkündür. İki bazarın müqayisəsini apararaq özün üçün bir növ fəaliyyət sxemi çıxara bilərsən.
Burada məsələ təkcə maliyyə deyil; söhbət Amerikanın maliyyə sistemindəki yanaşmaları, standartları və dəyərləri görməkdən gedir. Azərbaycan bazarının hazırkı vəziyyətini, dövlət proqramlarını və strateji planlamalarını oxuyanda hansı sahələrdə boşluqların olduğunu daha aydın görürəm.
Bütün bunları təhlil edərək ölkəyə qayıtmaq yəni xarici təcrübəni yerli bazarın reallıqları ilə birləşdirmək yanaşması həm işəgötürənlərin gözündə dəyərini artırır, həm də uğurlu karyera qurmağa və şəxsi brendini gücləndirməyə güclü təkan verir.
-Dövlət Proqramının üstünlüklərindən bəhs etsəydiniz, nəyi qeyd edərdiniz?
-Mənim üçün ən böyük üstünlük Amerikada təhsil almağımda Dövlət Proqramının yaratdığı imkandır. Dövlət Proqramına seçilməyim Amerikada oxumaq arzumu xəyaldan reallığa çevirdi.
Maddi baxımdan istər təhsil haqqı və digər xərclər baxımından kifayət qədər dəstək oldular. Bu da dərslərə və karyera planlamasına tam fokuslanmağımıza imkan yaratdı. Çünki adətən xaricdə oxuyanda tələbələr həm oxumaq, həm də işləmək arasında qalırlar. Dövlət Proqramı isə bu kimi narahatlıqları minimuma endirdi.
Xaricə çıxmaq, müxtəlif ölkələrə səyahət etmək imkanı hər zaman var, amma məsələn, Türkiyə ilə Amerikanı müqayisə edəndə, Amerikada təhsil almaq tamamilə fərqli bir təcrübədir və buna həqiqətən dəyərdi.
-Üz tutduğunuz ölkələrdə Azərbaycanı necə təmsil edirdiniz?
-Amerikada oxuyarkən azərbaycanlı tələbələr xüsusi bir cəmiyyət - tələbə qrupu yaratmışdılar. Hətta bir dəfə tədbirimizdə Azərbaycanın Amerikadakı səfirliyindən və konsulluğundan nümayəndələr də iştirak etdilər.
Universitetdə mədəniyyətimizi, milli şirniyyatlarımızı və yeməklərimizi tanıdan müxtəlif tədbirlər təşkil edirdik. Hesab edirəm ki, orada həm universitet, həm də şəhər səviyyəsində göstərdiyimiz bu aktivlik ölkəmizin xaricdə tanınmasına böyük töhfə verdi.
