“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.
Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Qaliblərdən biri də İtaliyanın Politecnico di Torino universitetində Mechatronics Engineering üzrə magistr təhsili alan Murad Suleymanovdur.
AzEdu.az bu münasibətlə Murad Suleymanovla əlaqə saxlayıb.
Gələcəkdə həm texniki biliklərimi, həm də praktiki təcrübəmi inkişaf etdirərək aerokosmik sahədə çalışmağı hədəfləyirəm:
"Əslən Azərbaycandanam. Rusiyada anadan olsam da, uşaqlığım və həyatımın böyük hissəsi Azərbaycanda keçib. Mühəndisliyə marağım ailəmdən gəlir. Atamın, babamın və əmilərimin mühəndis olması bu sahəyə uşaqlıqdan maraq göstərməyimə böyük təsir edib. Eyni zamanda, uşaqlıqdan təyyarə ilə çox səyahət etmişəm və təyyarələrə həmişə xüsusi marağım olub. Zaman keçdikcə bu maraq məni mühəndisliyə, xüsusilə də aerokosmik texnologiyalara daha da yaxınlaşdırıb.
Bakalavr təhsilimi Macarıstanın Peç Universitetində Elektrik Mühəndisliyi ixtisası üzrə almışam. Hazırda isə İtaliyanın Turin Politexnik Universitetində Mexatronika Mühəndisliyi üzrə magistr təhsili alıram.
Əsas maraq dairələrim aerokosmik texnologiyalar, kosmik tədqiqatlar və xüsusilə hərəkətverici sistemlərdir. Gələcəkdə bu istiqamətlərdə həm texniki biliklərimi, həm də praktiki təcrübəmi inkişaf etdirərək aerokosmik sahədə çalışmağı hədəfləyirəm.
Politecnico di Torino ilə yanaşı, Padova Universiteti, Bolonya Universiteti, İllinoys Texnologiya İnstitutu, Ohayo Dövlət Universiteti, Şeffild Universiteti və Lids Universitetindən də qəbul almışdım. Sonda ixtisasıma və gələcək planlarıma daha uyğun olduğu üçün Turin Politexnik Universitetini seçdim.
Əgər xaricdə təhsil almaq imkanım olmasaydı, Azərbaycanda ADA Universitetində təhsil almağı seçərdim. Mənim üçün beynəlxalq mühit, müasir tədris yanaşması və tələbənin özünü inkişaf etdirməsi üçün yaradılan imkanlar vacib amillərdir.
Dövlət Proqramına müraciət prosesi mənim üçün kifayət qədər çətin keçdi. Əsas çətinlik hərbi xidmətlə bağlı möhlət məsələsində yarandı. Mənim Macarıstandakı bakalavr proqramım Bologna sisteminə uyğun olaraq üç il yarım davam edirdi və təhsilimi normal müddətində, yanvar ayında başa vurmuşdum. Azərbaycanda bakalavr təhsili adətən daha gec, tədris ilinin sonunda başa çatdığı üçün mənim hərbi möhlətim də digər tələbələrə nisbətən daha erkən başa çatmışdı".
İtaliyaya və universitet mühitinə uyğunlaşmağım nisbətən rahat oldu:
"Dövlət Proqramına müraciət zamanı aktual möhlət sənədi tələb olunurdu və bu məsələ mənim üçün ciddi problem yaratdı. Vəziyyəti izah edən məktubla müraciət etdim və möhlətin daha erkən başa çatmasının təhsil proqramımın müddəti ilə bağlı olduğunu bildirdim. Xoşbəxtlikdən müraciətim nəzərə alındı, sənədlərim qəbul edildi və sonda Dövlət Proqramına qəbul olundum.
Dövlət Proqramının yaratdığı imkanları çox yüksək qiymətləndirirəm. Məncə, proqramın əsas üstünlüyü Azərbaycan gənclərinə əvvəlcədən müəyyən edilmiş nüfuzlu xarici universitet və proqramlarda təhsil almaq üçün geniş imkan yaratmasıdır. Bundan əlavə, tələbə yalnız akademik bilik qazanmır. Fərqli ölkələrdən olan insanlarla işləmək, beynəlxalq mühitdə təcrübə toplamaq və gələcəkdə bu bilikləri Azərbaycanda tətbiq etmək üçün imkan əldə edir.
Mən artıq bakalavr təhsilimi Macarıstanda aldığım üçün Avropadakı beynəlxalq universitet mühitinə tamamilə yad deyildim. Buna görə İtaliyaya və universitet mühitinə uyğunlaşmağım nisbətən rahat oldu. Həm müxtəlif ölkələrdən olan tələbələrlə, həm də italyan tələbələrlə tanış olmaq maraqlı idi.
Məni ən çox təəccübləndirən isə insanların ünsiyyət tərzi oldu. Əvvəldən italyanların sosial və qonaqpərvər insanlar olduğunu bilirdim, amma bunu gündəlik həyatda birbaşa hiss etmək fərqli təəssürat yaratdı.
Politecnico di Torino isə ilk gündən məndə kifayət qədər ciddi təəssürat yaratdı. Universitetdə akademik tələblərin yüksək olduğu hiss olunur və ilk gündən anlayırsan ki, qarşıda asan olmayan, amma çox şey öyrənəcəyin bir yol var.
Mən Azərbaycanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təxminən iki il təhsil almışdım. Daha sonra Macarıstandan qəbul aldıqdan sonra təhsilimi orada davam etdirdim. Buna görə fərqli akademik mühitləri müqayisə etmək imkanım olub.
Mənim təcrübəmə görə, Azərbaycanda universitet mühiti daha ciddi və strukturlaşdırılmış idi. Xüsusilə davamiyyət məsələsinə daha çox diqqət yetirilirdi və dərslərdə iştirak tələbələr üçün daha vacib şərtlərdən biri idi.
Avropada isə ümumi yanaşma daha sərbəstdir. Bir çox hallarda davamiyyət fəndən asılı olaraq məcburi olmur və tələbə öz təhsilini daha çox özü idarə edir. Əsas məqsəd mövzunu mənimsəmək və sonda tələb olunan nəticəni göstərməkdir. Bu, insana vaxtını və hazırlıq prosesini daha müstəqil şəkildə planlaşdırmağı öyrədir.
Politecnico di Torino-da bunun başqa bir maraqlı tərəfi də tələbələrin dərsdən kənarda müxtəlif layihələrə və komandalara qoşula bilməsidir. Universitetdə tələbələrin texniki layihələr üzərində işlədiyi və beynəlxalq yarışlarda iştirak etdiyi çoxsaylı komandalar fəaliyyət göstərir. Məsələn, PoliTo Rocket Team raketlərin layihələndirilməsi və hazırlanması ilə, ICARUS isə müxtəlif aerokosmik layihələrlə məşğuldur. Mənim maraq dairəmə görə belə imkanların olması xüsusilə diqqətimi çəkir.
Təbii ki, magistratura səviyyəsində mövzular daha dərin və temp daha yüksəkdir. Buna görə müəyyən çətinliklər var, amma mən bunu daha çox inkişaf prosesinin bir hissəsi kimi görürəm".
Yemək məsələsində İtaliyada şikayət etmək çətindir:
"Ümumilikdə uyğunlaşma çox yaxşı gedir. Macarıstanda bakalavr təhsili aldığım üçün Avropada yaşamaq təcrübəm artıq var idi və buna görə yeni mühitə adaptasiya mənim üçün çox çətin olmadı.
Təbii ki, bütün italyanlar ingilis dilində danışmır. Buna görə gündəlik həyat üçün bəzi italyan ifadələrini öyrənmişəm və bu, ünsiyyətdə kifayət qədər kömək edir.
İtalyanları ümumilikdə çox mehriban, açıq və ünsiyyətcil insanlar kimi müşahidə etmişəm. Hətta bəzi sosial və ailəvi münasibətlər baxımından Azərbaycanla müəyyən oxşarlıqlar hiss edirəm. Bu da mənim üçün İtaliyaya uyğunlaşmanı daha rahat edən amillərdən biridir.
Yemək məsələsində İtaliyada şikayət etmək çətindir. İtalyan mətbəxi çox zəngindir və demək olar ki, hər regionun özünəməxsus yeməkləri var. Turin də qəhvəsi, gelatosu və müxtəlif yerli mətbəx nümunələri ilə seçilir.
Amma xaricdə yaşadıqca Azərbaycanda adiləşmiş kimi görünən yeməklərin əslində nə qədər dəyərli olduğunu daha yaxşı başa düşürsən. Mən ən çox öz bölgəmin yeməyi olan Sürhüllü üçün darıxıram. Bu, xəmir və ətlə hazırlanan, uşaqlıqdan mənə tanış olan və mənim üçün sadəcə yeməkdən daha çox ev və doğmalıq hissi yaradan bir yeməkdir.
Müxtəlif ölkələrdən olan insanlarla tanış olduqca görürsən ki, eyni məsələyə tamamilə fərqli yanaşmalar ola bilər. Bu da mənə həm ünsiyyətdə, həm də problemlərə yanaşmada daha açıq və çevik düşünməyi öyrədib.
Azərbaycan haqqında danışanda əsasən mədəniyyətimiz, mətbəximiz, təbiətimiz və insanların qonaqpərvərliyi barədə danışıram. Eyni zamanda Azərbaycanın son illərdə keçirdiyi böyük beynəlxalq tədbirləri də qeyd edirəm. Formula 1 və COP29 kimi tədbirlər bir çox xarici tələbənin Azərbaycan haqqında maraqlanmasına səbəb olur.
Bundan əlavə, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatından, xüsusilə enerji və bərpa olunan enerji sahəsindəki imkanlardan da danışıram. Məncə, Azərbaycanı xaricdə təqdim edərkən yalnız tariximizdən və mədəniyyətimizdən deyil, ölkənin bu günü və gələcək potensialından da danışmaq vacibdir".
Universiteti yalnız reytinqə əsasən seçmək düzgün olmaz:
"Mənim ilk məsləhətim müraciətə başlamazdan əvvəl bütün prosesi ətraflı araşdırmaqdır. Hansı sənədlərin tələb olunduğunu, son tarixləri və digər şərtləri Dövlət Proqramının və Elm və Təhsil Nazirliyinin rəsmi resurslarından əvvəlcədən yoxlamaq lazımdır.
Xüsusilə universitet siyahısına diqqət yetirmək vacibdir. Mən özüm bu məsələdə səhv etmişdim. ABŞ-də bəzi universitetlərdən qəbul almışdım, amma sonradan onların Dövlət Proqramının həmin il üzrə siyahısında olmadığını gördüm. Ona görə də məncə, əvvəlcə proqramın uyğun universitet və proqramlarını araşdırmaq, daha sonra həmin siyahıdan öz məqsədlərinə uyğun seçim etmək lazımdır.
Bundan başqa, universiteti yalnız reytinqə əsasən seçmək düzgün olmaz. Universitetin yerləşdiyi şəhəri, yaşayış xərclərini, kampus imkanlarını, həmin regionda fəaliyyət göstərən şirkətləri, sənaye mühitini və gələcək təcrübə və iş imkanlarını da araşdırmaq lazımdır. Xüsusilə mühəndislik kimi praktiki sahələrdə şəhərin və regionun sənaye potensialı çox vacibdir.
Sonda isə deyərdim ki, xaricdə təhsilə yalnız diplom əldə etmək kimi baxmaq olmaz. Bu, insanın özünü sınaması, fərqli insanlarla tanış olması, yeni mədəniyyətləri öyrənməsi və qazandığı bilik və təcrübəni gələcəkdə öz ölkəsinə gətirməsi üçün böyük bir imkandır".