Təhsil tələbə krediti (TTK) almaq üçün edilən müraciətlərin bir qismi müxtəlif səbəblərdən imtina ilə nəticələnib. İmtina edilən müraciətlər arasında tələbələrin öz istəyi ilə kreditdən imtina etməsi, müraciət müddətinin başa çatması, eləcə də müəyyən edilmiş tələblərə uyğun gəlməməsi kimi hallar üstünlük təşkil edir.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, ümumilikdə 16 829 nəfərin təhsil tələbə krediti ilə bağlı müraciəti imtina edilib.
İmtinaların ən böyük hissəsi müraciət müddətinin başa çatması ilə əlaqədardır. Belə ki, 6 548 nəfərin (38,91%) müraciəti tələbənin sistemə daxil olmasına baxmayaraq, heç bir əməliyyat aparmaması, müraciət müddətinin bitməsi və ya kredit almaq hüququnun olmaması səbəbindən rədd edilib.
İkinci yerdə tələbələrin öz istəyi ilə kredit müraciətindən imtina etməsi dayanır. Bu səbəbdən 4 383 nəfərin (26,04%) müraciəti nəticəsiz qalıb.
Digər 3 614 nəfərin (21,48%) müraciəti isə sosial statusun təsdiqlənməməsi, standart TTK üçün tələb olunan qəbul balı və ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) uyğun gəlməməsi, eləcə də illik təhsil haqqının 20 faizinin ödənilməməsi səbəbindən imtina edilib.
Bundan başqa, 1 627 nəfərin (9,68%) müraciəti normativ təhsil müddətindən artıq təhsil alması, müvafiq təhsil müəssisəsində oxumaması və ya akademik borcunun olması ilə əlaqədar qəbul edilməyib.
485 nəfərin (2,88%) müraciəti isə dövlət sifarişli təhsil formasına keçməsi, təhsildən imtina etməsi, qiyabi təhsil formasına keçməsi və ya qrant qazandığı üçün təhsil haqqının İqtisadiyyat və Təhsil Təşəbbüslərinə Dəstək Fondunun (İDF) vəsaiti hesabına qarşılanması səbəbindən ləğv olunub.
İmtinaların digər səbəbləri arasında təhsil haqqından azad edən imtiyazın olması (95 nəfər- 0,56%), bankda kreditin rəsmiləşdirilməsi mərhələsində tələbənin imtinası (47 nəfər- 0,28%), sosial TTK üzrə razılıq sorğusu zamanı imtina (21 nəfər- 0,12%) və standart TTK üzrə razılıq sorğusunda imtina (9 nəfər- 0,05%) yer alıb.
Beləliklə, imtina edilmiş 16 829 müraciətin əsas hissəsi müraciət müddətinin başa çatması, tələbələrin öz istəyi ilə imtinası və kredit şərtlərinə uyğun gəlməməsi ilə bağlı olub.