Süni intellektin sürətlə inkişafı təhsil sahəsində də yeni imkanlar və suallar yaradır. Xüsusilə abituriyent hazırlığında bu texnologiyaların tətbiqi repetitorların və hazırlıq kurslarının gələcək rolunu yenidən gündəmə gətirir. Bir tərəfdən, süni intellekt şagirdlərə mövzuları mənimsəməkdə, tapşırıqları həll etməkdə və biliklərini möhkəmləndirməkdə kömək edir. Digər tərəfdən, hazır cavablara asan çıxış imkanı şagirdlərin müstəqil düşünmə və araşdırma bacarıqlarına təsir göstərə bilər.
Maraqlıdır, süni intellekt alətləri abituriyent hazırlığına və repetitorluq sektoruna hansı təsirləri göstərə bilər? Şagirdlər bu texnologiyalardan öz biliklərini artırmaq üçün, yoxsa tapşırıqları müstəqil yerinə yetirməkdən yayınmaq məqsədilə istifadə edirlər?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən “İlin gənc müəllimi”, Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Xəzri Muradov hesab edir ki, süni intellektin təhsil sahəsinə təsiri qaçılmazdır:
“Amma bu təsiri yalnız təhlükə kimi qiymətləndirmək düzgün olmazdı. Çünki süni intellekt düzgün istifadə edildikdə şagirdin ən yaxşı köməkçilərindən birinə çevrilə bilər. Ona çətinlik çəkdiyi mövzunu izah edə, əlavə tapşırıqlar hazırlaya, səhvlərini göstərərək öyrənməsinə kömək edə bilər.
Lakin burada məni düşündürən daha ciddi bir məsələ var: Bizim şagirdlər süni intellektdən öyrənmək üçün istifadə edirlər, yoxsa öyrənməkdən yayınmaq üçün?
Təəssüf ki, indiki şagirdlərin bir qismində çalışmağa, araşdırmağa, verilən tapşırıq üzərində düşünməyə həvəs azalıb. Onlar üçün bəzən izahın özü deyil, hazır cavab daha maraqlıdır. Hətta elə şagirdlər var ki, məsələnin həll yolunu öyrənməkdənsə, birbaşa cavabını əldə etməyə üstünlük verirlər. Bu isə məni ciddi narahat edir. Çünki biz uşaqlara yalnız düzgün cavabı tapmağı deyil, o cavaba hansı düşüncə yolu ilə gəlib çatmağı öyrətməliyik.
Mənim fikrimcə, süni intellektin ən böyük təhlükəsi şagirdin yerinə düşünməyə başlaması deyil, şagirdin özünün düşünməkdən imtina etməsidir.
Kursların gələcəyinə gəldikdə isə, düşünmürəm ki, süni intellekt yaxın gələcəkdə hazırlıq mərkəzlərini əvəz edə bilsin. Bəlkə də gələcək illərdə bu texnologiyanın təsiri daha çox hiss olunacaq. Ancaq təhsildə bir amil var ki, onu texnologiya ilə tam əvəz etmək mümkün deyil: müəllim-şagird münasibəti”.
Şagirdlə müəllim arasında göz təması, canlı ünsiyyət, müəllimin şagirdin diqqətini, davranışını, mövzuya münasibətini izləməsi çox vacibdir:
“Mən bunu öz təcrübəmdə də müşahidə edirəm. Şagirdlə müəllim arasında göz təması, canlı ünsiyyət, müəllimin şagirdin diqqətini, davranışını, mövzuya münasibətini izləməsi çox vacibdir. Müəllim bəzən şagirdin bir baxışından belə onun mövzunu anlayıb-anlamadığını hiss edə bilir. Şagirdə yalnız məlumat vermək kifayət deyil, onu çalışmağa həvəsləndirmək, məsuliyyət aşılamaq və nəticəyə aparmaq lazımdır. Bunlar isə canlı tədris prosesinin mühüm üstünlükləridir.
Əslində, mən süni intellektə müsbət yanaşıram. Hətta düşünürəm ki, gələcəkdə müəllimlər də bu texnologiyadan daha fəal istifadə etməlidirlər. Amma şagirdə bir şeyi başa salmalıyıq: süni intellekt sənin üçün yol göstərə bilər, lakin sənin yerinə yol gedə bilməz.
Nelson Mandelanın çox məşhur bir fikri var: “Təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyimiz ən güclü silahdır”. Mən bu fikrə bir məqam da əlavə edərdim: təhsilin gücü yalnız əldə etdiyimiz məlumatda deyil, həmin məlumatı düşünmək, təhlil etmək və düzgün tətbiq etmək bacarığındadır. Gələcəyin qalibi süni intellektdən istifadə edən deyil, süni intellektdən istifadə edərkən öz intellektini itirməyən şagird olacaq.
Ona görə də bizim əsas vəzifəmiz uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onlara texnologiyadan düzgün istifadə etməyi öyrətməkdir. Çünki texnologiya inkişaf edə bilər, amma düşünən insan yetişdirmək missiyası yenə də təhsilin və müəllimin üzərində qalacaq”.