Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXIX Respublika Elmi Konfransı (NASCO29) keçirilib.
AzEdu.az xəbər verir ki, iki gün davam edən və hibrid formatda təşkil olunan bu tədbir, ölkə üzrə indiyədək keçirilmiş ən genişmiqyaslı elmi konfrans kimi tarixə düşüb. Konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 elmi iş təqdim edilib, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra isə 1382 gənc tədqiqatçının 1028 elmi işi proqrama qəbul olunub.
Bu mötəbər platformada Lənkəran Dövlət Universiteti (LDU) də iştirak edib. Tədbirdə LDU-nun rektoru, prof. Natiq İbrahimov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Gülbəniz Əliyeva və Elmi-tədqiqat və strateji inkişaf mərkəzinin direktoru vəzifəsini icra edən dos. Ülkər Babayeva təmsil olunublar.
Bölmə iclaslarında universitetin elmi potensialını nümayiş etdirən dos. Ülkər Babayeva əyani, LDU-nun digər 14 nümayəndəsi isə onlayn qaydada elmi məruzələrlə çıxış edərək ali təhsil müəssisəsini uğurla təmsil ediblər.