Azedu.az

Müəllimlərin sosial şəbəkə fəaliyyəti - Maarifçilik, yoxsa izləyici toplamaq yarışı?

AzEdu Təhsil Platforması

2 Noyabr 2026, 14:12
Müəllimlərin sosial şəbəkə fəaliyyəti - Maarifçilik, yoxsa izləyici toplamaq yarışı?

Son dövrlər müəllimlərin sosial şəbəkələrdə aktivliyi cəmiyyətdə birmənalı qarşılanmır. Ötən gün bir müəllimin sosial şəbəkədə canlı yayım açaraq məktəb direktoru haqqında xoşagəlməz ifadələr işlətməsi də bu müzakirələri yenidən gündəmə gətirib.

Maraqlıdır, müəllimlərin sosial şəbəkələrdən istifadəsinə nə dərəcədə nəzarət edilməlidir? Onlar bu platformalardan istifadə zamanı hansı yanlışlıqlara yol verirlər? Dərs zamanı sosial şəbəkədə canlı yayım açan müəllim şagirdindən telefondan istifadə etməməyi necə tələb edə bilər?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri qeyd edib ki, müəllim qadağa qoyulan hər hansı məsələ ilə bağlı əvvəlcə özü nümunə olmalı, şagirdlərdən əvvəl onlara şüuraltı mesaj vermək üçün addım atmalıdır:

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilən  “Təhsilverənlərin etik davranış Qaydaları”nın əsas müddəalarından biri də müəllimlərin media, eləcə də sosial şəbəkələrdəki davranış və rəftarlarına xüsusi diqqət etmələri və cəmiyyətə yalnız müsbət nümunə sayılacaq hadisələrlə yadda qalmalarıdır.

Təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edən sənəddə sosial şəbəkələrdəki davranış mexanizmlərinə əsas müddəalardan biri kimi toxunulması heç də təsadüfi deyil. Təəssüf ki, sosial şəbəkələrin son illərdə həyatımıza ciddi şəkildə nüfuz etməsi müsbət hallarla yanaşı, mənfi tendensiyalarla da yadda qalmış və bu kimi neqativ halların bir çoxu məktəb,  təhsil cameəsi və onun nümayəndələri ilə bağlı olmuşdur. Ümumilikdə dünyada getdikcə artmaqda olan bu tendensiyada müəllimlərin  davranış qaydaları xüsusi diqqət mərkəzində olduğundan daha böyük rezonanslara səbəb olmuşdur.

Təhsilverənlərin etik davranış qaydalarının 1.3-cü maddəsində də deyilir ki, bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir".

Müəllimlərin sosial şəbəkə üzərindən mənfi məzmunlu fəaliyyətləri arasında ən çox rast gəlinəni isə təbii ki, şouya meyillənmə, təhsil faktorunu şou hadisəsinə çevirməklə auditoriyanın diqqətini çəkmək istəyidir:

"Təhsil cameəsini təmsil edən pedaqoji kadrların  Tik-tok platforması, eləcə də digər sosial şəbəkələrdəki fəaliyyətini məzmun etibarilə müsbət və mənfi kateqoriyaya bölmək mümkündür. Müsbət kateqoriyaya meyillənən müəllimlər qrupu daha çox maarifçilik məqsədilə paylaşımlar edən, öz ixtisasına aid bilgi və materialları daha geniş auditoriya üçün çatımlılığına can atan, həmçinin, milli-mənəvi dəyərləri, intellektual keyfiyyəti qorumağa çalışan kəsimdir. 

Mənfi kateqoriyaya  aid göstəricilərlə sosial şəbəkə fəaliyyətini formalaşdıran təhsilverənlərin sayı isə təəssüf ki, birinciləri xeyli üstələyir. Bu tip müəllimlərin sosial şəbəkə fəaliyyətlərini məqsədyönümlülük prinsiplərinə əsasən bu  şəkildə qruplaşdırmaq olar: şouya meyillilik, aşırı tanınmaq; daxili auditoriyanı genişləndirmək; kommersiya xarakterli təhsil xidməti (repetitorluq, təlimçilik) 

Müəllimlərin sosial şəbəkə üzərindən mənfi məzmunlu fəaliyyətləri arasında ən çox rast gəlinəni isə təbii ki, şouya meyillənmə, təhsil faktorunu şou hadisəsinə çevirməklə auditoriyanın diqqətini çəkmək istəyidir.
Bu kimi faktorlar “Təhsilverənlərin etik davranış Qaydaları” ilə yanaşı, təhsillə bağlı əsas qanunverici mənbə hesab edilən "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin (həmin maddədə müəllimlərin davranışlarında məsuliyyətli və etik olmaq  vurğulanır) pozulmasının təsdiqidir.

Sosial şəbəkə platformalarında (əsasən də “YouTube”, “TikTok” və “İnstagram”) müəllimlərin aludəçilik səbəblərindən biri də daxili auditoriyasının genişləndirilməsi və sonradan bu auditoriya vasitəsilə “YouTube”-nin kommersiya üstünlüklərindən yararlanmaqdır. Bildiyimiz kimi, “YouTube” platforması bütün dünyada aktiv və böyük izləyici ordusu olan xüsusi istifadəçilərə kəmiyyət göstəricilərinə əsasən (izləyici sayı, baxış sayı, izləyicilər tərəfindən paylaşılan video materialın seyretmə müddəti və s.) ayrıca ödənişlər təqdim edir. İlk baxışda, modern dünyanın İT üstünlüklərindən yararlanmaqla maddi divident əldə edilməsi pis hadisə sayılmamalıdır və dünyada hazırda milyonlarla insan bu işlə məşğuldur.

Lakin burada məsələnin həssas tərəfi var: həm qanunverici aktlara, həm də cəmiyyətdəki mövqeyinə, üstəlik, təhsilalanlara və onların valideynlərinə edə biləcəyi təsir baxımından müəllim kəsimi bu məsələdə xüsusi ehtiyatlı davranmalıdır. Çünki onların həm pedaqoq olaraq maarifçi-mənəvi öhdəlikləri, həm də daha asanlıqla təsiretmə üstünlükləri onda bəzi məsələlərə həssas yanaşmanı tələb edir. Təəssüf ki, bir çox hallarda bunun tam əksini görür, müəllimlərin “YouTube”, “Tik-tok”da  daha çox izləyici qazanmaqdan ötrü xüsusən də təhsillə bağlı yanlış informasiyalar, neqativ meyillər (əsassız şikayət xarakterli)  yayan materiallar, həmçinin, dərsdənkənar qeyri-vacib videolar paylaşdığının şahidi oluruq.

Müəllim qadağa qoyulan hər hansı məsələ ilə bağlı əvvəlcə özü nümunə olmalı, şagirdlərdən əvvəl onlara şüuraltı mesaj vermək üçün addım atmalıdır. Məsələn, sosial şəbəkə, yaxud, digər məsələlərlə bağlı şagirdlərə qadağa varsa,öncə müəllim özü örnək addım atmalı və şagirdə “dərsi” həm də bu cür aşılamalıdır. Çünki şagird psixiologiyası müəllim davranışlarına çox fokuslanır və onun təsiri təhsilalanın üzərində uzun müddət qalır".

Ərdoğanın təyyarəsi Bakıya daxil oldu - Havada olarkən KRİTİK MESAJ
Son xəbərlərDaha çox