Son zamanlarda belə düşüncələr var ki, fənnlər arasında bölgülər olsun.
“AzEdu.az”a mövzu ilə bağlı danışan “İlin gənc müəllimi”, Azərbaycan dili və ədəbiyyat müəllimi Əliheseyn Yaqubov qeyd edib ki, inkişaf etmiş ölkələrdə bir müəllim yalnız 1-ci və 2-ci siniflərə, digəri isə 3-cü və 4-cü siniflərə dərs deyir:

"Azərbaycanda təhsil sistemi ilə bağlı fikirlərimi ABŞ və Avropa təcrübəsinə əsaslanaraq bölüşmək istəyirəm. Xarici ölkələrdə fənlər üzrə ixtisaslaşma prinsipi tətbiq olunur. Məsələn, tarixdə hər dövr - qədim, orta və yeni dövrlər üzrə ayrı-ayrı mütəxəssislər hazırlanır və tədris həmin istiqamətlərdə aparılır. Bizdə isə bir tarix müəllimi bütün proqramı əzbərləməli olur. Düzdür, müəllim imtahan verib ixtisaslaşır, dünyagörüşü var, amma bir bölmə üzrə daha çox çalışsa, dərsi daha keyfiyyətli tədris edə bilər və bu da şagirdlərin elmi biliklərə əlçatanlığını artırar.
Eyni təcrübə ibtidai siniflərdə də var. Məsələn, inkişaf etmiş ölkələrdə bir müəllim yalnız 1-ci və 2-ci siniflərə, digəri isə 3-cü və 4-cü siniflərə dərs deyir. Bizdəki kimi bir müəllimin 4 sinfi birdən tədris etməsinə ehtiyac qalmır. Nəticədə müəllim 4 sinfin bütün mövzularını əzbərləmək və sertifikasiya imtahanı üçün həddindən artıq yük altına girmək məcburiyyətində qalmır. Bu cür artıq yük müəllimin sosial həyatına və psixoloji durumuna da mənfi təsir edir.
O cümlədən Azərbaycan dili və ədəbiyyatı fənnini götürək. Eyni müəllimin hər iki fənlə məşğul olması onun innovativliyinə və inkişafına mənfi təsir göstərir. Ən azı hər məktəbdə olan iki Azərbaycan dili və ədəbiyyatı müəllimini elə istiqamətləndirmək olar ki, biri yalnız Azərbaycan dili, digəri isə yalnız ədəbiyyat üzrə ixtisaslaşsın.
Hələ coğrafiya kimi fənlərin bölmələrə bölünməsini demirəm, çünki buna çox zaman lazımdır. Amma tarixdə Azərbaycan tarixi ilə Ümumi tarixi, eləcə də Azərbaycan dili ilə ədəbiyyatı ayırmaq, ibtidai fənlərdə də eyni istiqamətdə işlər aparmaq olar. Vaxtilə bu təkliflə çıxış edəndə bildirdilər ki, özünüz təcrübə aparın, amma risk etmədim. Çünki ibtidai sinif müəllimi yalnız 1-ci və 2-ci sinfə dərs keçsə, sertifikasiya imtahanında 3-cü və 4-cü sinfin suallarına cavab verə bilməyəcək. Həyata keçirmək istədiyimiz yeniliyin qarşılığı olmalıdır. İmtahanda və bütün proseslərdə bu nəzərə alınsa, təhsilin inkişafına böyük təkan verər".