Azedu.az

Kredit, qəbul balı, ixtisas... - Tələbə köçürülməsində nələr nəzərə alınır?

Tələbələr

20 Oktyabr 2026, 09:15
Kredit, qəbul balı, ixtisas... - Tələbə köçürülməsində nələr nəzərə alınır?

Ali təhsil müəssisələrində artıq yeni tədris ili başlayıb. Tələbələrin ən çox maraqlandığı məsələlərdən biri isə təhsil müəssisəsinin və ya ixtisasın dəyişdirilməsi, başqa sözlə, tələbə köçürülməsi ilə bağlıdır. Köçürülmə prosesinin hansı şərtlərlə həyata keçirilməsi, müraciət zamanı hansı meyarların nəzərə alınması və kimlərin bu hüquqdan yararlana bilməsi tələbələr üçün aktual suallardandır.

AzEdu.az tələbələrin köçürülməsi ilə bağlı mövcud qaydaları təqdim edir.

Tələbələrin köçürülməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir. Bu qaydalar ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi, təhsil müəssisəsindən xaric edilməsi və bərpası, həmçinin akademik məzuniyyət məsələlərini əhatə edir.

Qaydalara əsasən, tələbələrin köçürülməsi yay tətili dövründə ildə bir dəfə həyata keçirilir. Köçürülən tələbələr, müəyyən istisnalar nəzərə alınmaqla, təhsillərini ödənişli əsaslarla davam etdirirlər. Dövlət hesabına və ya dövlət sifarişi ilə təhsil alan və eyni ixtisas üzrə təhsil müəssisəsini, yaxud təhsilalma formasını dəyişən tələbələr bu qaydadan istisnadır;

Köçürülmə zamanı tələbənin əvvəlki təhsil müddətində topladığı kreditlər nəzərə alınır. Kreditlərinin ən azı yarısını toplamayan tələbənin köçürülməsinə icazə verilmir. Eyni zamanda, tələbənin topladığı qəbul balı köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından yüksək olmalıdır;

Tələbələr, bir qayda olaraq, eyni ixtisas qrupu daxilində ixtisaslarını dəyişə bilərlər. Tədris dilinin dəyişdirilməsinə isə icazə verilmir (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla);

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə köçürülmə zamanı həm buraxılış, həm də qabiliyyət imtahanlarının nəticələri nəzərə alınır. Təhsilalma formasının dəyişdirilməsi isə yalnız müvafiq ixtisas üzrə həmin təhsilalma formasına qəbul aparıldığı halda mümkündür;

Normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrin köçürülməsinə yol verilmir. Subbakalavr kimi ali təhsil müəssisəsinə qəbul olunan şəxslər də, təhsilalma formasının dəyişdirilməsi istisna olmaqla, köçürülə bilməzlər. Magistratura səviyyəsində təhsil alan tələbələr isə yalnız təhsil müəssisələrini dəyişə bilərlər; onların ixtisas və ya ixtisaslaşma dəyişdirməsinə icazə verilmir;

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri, eləcə də beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının məzunları yalnız seçdikləri ixtisaslara köçürülə bilərlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsi isə həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda mümkündür.

Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycandakı universitetlərə köçürülmək istəyən tələbələr üçün də xüsusi tələblər müəyyən edilib:

Bu zaman tələbənin beynəlxalq imtahanlarda və ya təhsil aldığı ölkədə ali məktəblərə qəbul üçün keçirilən mərkəzləşdirilmiş imtahanlarda göstərdiyi nəticələr nəzərə alına bilər.

Bakalavriat səviyyəsi üzrə bu göstəricilərə SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal, o cümlədən riyaziyyat fənnindən minimum 650 bal, YÖS imtahanından ən azı 75 faiz, ЕГЭ imtahanından ümumilikdə 300 bal və hər fənn üzrə minimum 75 bal daxildir. Həmçinin AP imtahanından 3 və ya 4 bal, IB diplomu üzrə 25–35 bal, A-Level üzrə C və ya B, ACT imtahanından isə 27 bal nəticə nəzərə alınan göstəricilər sırasındadır.

Digər bir meyara əsasən, tələbənin xaricdə qəbul olunduğu ildə təhsil aldığı universitet “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və ya “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinqlərindən ən azı birində ilk 500 universitet sırasında yer almalıdır.

Dövlət proqramları çərçivəsində xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının ölkə universitetlərinə köçürülməsi isə yalnız həmin proqramlar çərçivəsində təhsillərinə xitam verildiyi halda həyata keçirilə bilər.

Köçürülmə ilə bağlı müraciətlər və onların nəzərdən keçirilməsi müvafiq sənədlər əsasında elektron formada portal.edu.az platforması vasitəsilə aparılır.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox