Universitetə qəbul olmaq gənclərin həyatında yeni və mühüm mərhələnin başlanğıcıdır. Lakin tələbəlik həyatının ilk addımlarında təhsil haqqının ödənilməsi bir çox ailələr üçün əlavə maliyyə yükü yarada bilər. Bu baxımdan Təhsil Tələbə Krediti (TTK) tələbələrə təhsil xərclərinin maliyyələşdirilməsində mühüm dəstək imkanlarından biri kimi çıxış edir.
Maraqlıdır, TTK üçün müraciət edən birinci kurs tələbələrinin ən çox üzləşdiyi problemlər hansılardır və bu çətinliklər əsasən hansı mərhələdə yaranır?
Bununla bağlı AzEdu.az Təhsil Tələbə Krediti Fonduna sorğu ünvanlayıb.
Fonddan sorğumuza cavab olaraq bildirilib ki, universitetə əyani və ödənişli əsaslarla qəbul olunan birinci kurs tələbəsi təhsil müəssisəsinə elektron qeydiyyatını həyata keçirərkən paralel olaraq təhsil tələbə krediti üçün də müraciət edə bilər:
"Bunun üçün ilk addım elektron razılıq ərizəsinin alınmasıdır. Tələbə 18 yaşına çatmayıbsa, razılıq ərizəsi onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən təsdiqlənməlidir. Razılıq ərizəsini mygov və “Mobil Notariat” tətbiqləri, notariat ofisləri və ya “ASAN xidmət” mərkəzləri vasitəsilə əldə etmək mümkündür. Daha sonra tələbə e-ttkf.edu.az elektron portalına daxil olaraq TTK üçün müraciətini formalaşdırmalıdır.
Birinci kurs tələbəsi universitetə elektron qeydiyyatını həyata keçirərkən paralel olaraq TTK üçün də müraciət edə bilər. Lakin müraciətin növbəti mərhələyə keçməsi üçün tələbənin təhsil müəssisəsi, ixtisası, təhsil səviyyəsi, təhsilalma forması və illik təhsil haqqı barədə məlumatları müvafiq informasiya sistemində təsdiqlənməlidir.Müraciət prosesi elektron qaydada həyata keçirilir və zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının informasiya sistemlərindən avtomatik əldə olunur.
Müraciət zamanı tələbənin şəxsiyyət vəsiqəsi məlumatları, aktiv mobil telefon nömrəsi, təhsil göstəriciləri və təsdiqlənmiş razılıq ərizəsi olmalıdır. Sosial TTK almaq hüququ yaradan məlumatlar da müvafiq dövlət informasiya sistemləri vasitəsilə yoxlanılır. Tələbənin müraciəti kredit növləri üzrə müəyyən edilmiş meyarlara uyğun qiymətləndirilir və onun sosial və ya standart TTK-dan yararlanmaq hüququ müəyyənləşdirilir.
Tələbə müraciətinin statusunu e-ttkf.edu.az elektron portalındakı şəxsi kabinetindən izləyə bilər. Məlumatların yoxlanılması, müraciətin təsdiqi və müqavilənin rəsmiləşdirilməsi daxil olmaqla, prosesin bütün mərhələləri şəxsi kabinetdə "Müraciətin izlənilməsi" bölməsində əks olunur.Buna görə tələbələrə müraciət zamanı aktiv mobil nömrə qeyd etmələri, şəxsi kabinetlərini və daxil olan bildirişləri mütəmadi izləmələri tövsiyə olunkapitalur.
Sosial TTK qanunvericiliklə müəyyən edilmiş sosial kateqoriyalara aid olan tələbələrə verilir. Ətraflı Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda göstərilib. Tələbənin müvafiq sosial kateqoriyalardan birinə aid olması dövlət informasiya sistemləri vasitəsilə təsdiqləndikdə o, sosial TTK-dan yararlana bilər.
Sosial TTK almaq hüququ yaranmayan tələbə akademik və digər tələblərə uyğun olduğu halda standart TTK üçün müraciət edə bilər. Birinci kursun ilk semestrində sosial TTK üçün minimum qəbul balı tələbi yoxdur. Standart TTK üzrə isə təhsil səviyyələri üzrə minimum qəbul balı həddi tətbiq edilir.
Müraciətin təsdiqlənməməsinin əsas səbəbləri tələbənin əyani və ödənişli əsaslarla təhsil almaması, təhsil məlumatlarının sistemdə tam təsdiqlənməməsi, standart TTK üzrə tələb olunan akademik göstəricinin ödənilməməsi və sosial TTK üçün əsas yaradan statusun müvafiq informasiya sistemlərində təsdiqlənməməsi ola bilər.Həmçinin müraciət zamanı məlumatların yanlış və ya natamam qeyd edilməsi prosesin növbəti mərhələyə keçməsinə mane ola bilər.
Tələbə təhsil haqqını ödədikdən sonra da həmin semestr üzrə TTK üçün müraciət edə bilər. Kredit rəsmiləşdirildikdən və vəsait təhsil müəssisəsinin hesabına köçürüldükdən sonra tələbə əvvəl ödədiyi məbləğin geri qaytarılması ilə bağlı təhsil müəssisəsinə müraciət edə bilər. Həmin proses universitetin daxili prosedurlarına uyğun olaraq həyata keçirilir".
Tələbə növbəti semestrlərdə də müəyyən edilmiş şərtlərə uyğun olduğu halda TTK üçün müraciət edə bilər:
"Tələbə şəxsi kabinetinə daxil olaraq müraciətinin hansı mərhələdə olduğunu yoxlamalı və emal prosesinin tamamlanmasını gözləməlidir.Əlavə məlumat əldə etmək üçün Fondun 146-5 Çağrı Mərkəzinə və digər rəsmi müraciət kanallarına müraciət etmək mümkündür.
Kredit müqaviləsi rəsmiləşdirildikdən sonra ayrılmış vəsait tələbənin özünə deyil, birbaşa təhsil müəssisəsinin bank hesabına köçürülür.Tələbə müraciət zamanı düzgün məlumat təqdim etməli, şəxsi kabinetindəki bildirişləri izləməli və müraciəti təsdiqləndikdən sonra kredit müqaviləsini SİMA İmza və ya Birbank tətbiqi vasitəsilə imzalamalıdır. Müqavilə imzalanmadığı halda kredit rəsmiləşdirilmir və maliyyələşmə həyata keçirilmir.
Texniki problemlə qarşılaşan tələbə Fondun 146-5 Çağrı Mərkəzi və digər rəsmi əlaqə nömrələri ilə əlaqə saxlaya, yaxud [email protected] elektron poçt ünvanına müraciət edə bilər.
TTK üçün elektron müraciət zamanı zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının informasiya sistemlərindən avtomatik əldə olunur.Müraciət zamanı valideynin və ya digər qanuni nümayəndənin misal olaraq, mobil nömrəsi yanlış daxil edilibsə, məlumatın düzəldilməsi üçün Fondun rəsmi müraciət kanalları ilə əlaqə saxlanılmalıdır.
TTK bütün təhsil müddəti üçün avtomatik rəsmiləşdirilmir. Tələbə hər semestr üzrə yenidən müraciət etməli və həmin semestr üçün müəyyən olunmuş şərtlərə uyğun olmalıdır.Tələbə əyani və ödənişli əsaslarla təhsilini davam etdirməli, normativ təhsil müddətində olmalı, özündən əvvəlki semestr üzrə akademik borcu yaranmamalı və ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və ya daha yüksək olmalıdır.
Əvvəlki semestrlər üzrə rəsmiləşdirilmiş və təhsil müəssisəsinə köçürülmüş kredit məbləği tələbənin borc öhdəliyi olaraq qalır. Universitet və ya ixtisas dəyişdirildikdən sonra tələbənin yeni təhsil məlumatları müvafiq informasiya sistemində qeyd olunmalı və təsdiqlənməlidir.
Tələbənin sonrakı semestrlər üzrə TTK-dan yararlanmaq hüququ yeni təhsil məlumatları və mövcud kredit şərtləri əsasında qiymətləndirilir.Tələbə kreditin növünə, kredit müddətinə, güzəşt dövrünə, geriödəmənin başlanma tarixinə və aylıq ödəniş qaydasına xüsusi diqqət yetirməlidir.Kredit müqaviləsinin imzalanması yalnız texniki mərhələ deyil, eyni zamanda uzunmüddətli maliyyə öhdəliyinin qəbul edilməsidir.
TTK yalnız təhsil haqqı xərcinin maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Kredit məbləği tələbəyə nağd şəkildə verilmir və birbaşa təhsil müəssisəsinin bank hesabına köçürülür.Tələbə müqavilədə göstərilən faiz dərəcəsinə uyğun olaraq krediti müəyyən edilmiş müddətdə geri ödəyir".
Ən çox rast gəlinən hallardan biri müraciətin rəsmiləşdirilməsi mərhələsində "Birbank" hesabının tələbənin öz adına olmamasıdır:
"Belə olduqda müraciət təsdiqləndikdən sonra kredit müqaviləsinin SİMA İmza vasitəsilə imzalanması zamanı çətinlik yarana bilər. Bu isə müqavilənin rəsmiləşdirilməsi və maliyyələşmə prosesinin uzanmasına səbəb olur. Buna görə tələbələr müraciətə başlamazdan əvvəl istifadə etdikləri mobil nömrənin, Birbank hesabının və SİMA İmzanın öz adlarına rəsmiləşdirildiyinə əmin olmalıdırlar.
İlk növbədə tələbələrə müraciəti son günlərə saxlamamağı tövsiyə edirik. Tələbə universitetə elektron qeydiyyatını həyata keçirməli, razılıq ərizəsinin təsdiqləndiyinə əmin olmalı, e-ttkf.edu.az portalında məlumatlarını diqqətlə yoxlamalı və öz adına olan aktiv mobil nömrəni qeyd etməlidir. Müraciət göndərildikdən sonra şəxsi kabinet və daxil olan bildirişlər mütəmadi izlənilməli, müraciət təsdiqləndikdən sonra isə kredit müqaviləsi SİMA İmza vasitəsilə vaxtında imzalanmalıdır.
Tələbələr kreditin şərtləri ilə əvvəlcədən tanış olmalı və yalnız Fondun rəsmi məlumatlarına istinad etməlidirlər. Hər hansı sual və ya çətinlik yarandıqda 146-5 Çağrı Mərkəzi və Fondun digər rəsmi kommunikasiya kanalları vasitəsilə ətraflı məlumat ala bilərlər. Eyni zamanda, Fond tərəfindən yaradılmış Yardım masasına yaxınlaşaraq müraciət prosesində qarşılaşdıqları məsələlərlə bağlı yerində və operativ dəstək əldə edə bilərlər".