Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında icra olunan ikili diplom proqramının magistrantı Sənur Məmmədli Pekində keçirilən “Qarşılıqlı öyrənmə, dostluq, qarşılıqlı fayda: Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının yeni mərhələsi” mövzusunda II Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransında iştirak edib.
AzEdu.az xəbər verir ki, Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən konfransa Azərbaycan və Çindən 40-dan çox alim qatılıb.
Çin-Azərbaycan münasibətlərinin inkişafı, qarşılıqlı öyrənmə və elmi əməkdaşlıq məsələlərinə həsr olunan tədbirdə elmi məruzə ilə çıxış edən Sənur Məmmədli Azərbaycanşünaslığı Azərbaycan dili, tarixi və mədəniyyəti ilə yanaşı, ölkənin digər regionlar və sivilizasiyalarla tarixi və müasir əlaqələrini araşdıran fənlərarası elm sahəsi kimi səciyyələndirib. O, həmçinin incəsənət və mədəni irs sahələrində süni intellekt və kompüter görməsi texnologiyalarının tətbiqinə dair tədqiqatlarının nəticələrini bölüşüb. Bu tədqiqat nəticələrinin “English Writing for Science and Technology” adlı beynəlxalq dərsliyə daxil edilməsi nəzərdə tutulur.
Konfransda BUCEA-nın Xarici Dillər kafedrasının müəllimi Dr. Zhu Shu da Azərbaycanın elm və təhsilinə həsr olunmuş məruzə ilə çıxış edib. Məruzədə ikili diplom proqramı çərçivəsində aparılan elmi araşdırmalara toxunulub, Sənur Məmmədlinin tədqiqat fəaliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, BMU-nun yüksək ixtisaslı kadrların hazırlanmasındakı rolu vurğulanıb.
BMU-BUCEA ikili diplom proqramı çərçivəsində əldə olunan elmi nəticələrin beynəlxalq konfransda təqdim edilməsi universitetlər arasında akademik əməkdaşlığın inkişafını və proqramın elmi fəaliyyət üçün yaratdığı imkanları nümayiş etdirir.
Qeyd edək ki, konfransda hər iki ölkənin alim və tədqiqatçılarının 30-a yaxın məruzəsi dinlənilib. Azərbaycanşünaslıq elminin inkişafı, iki ölkə arasında təhsil, mədəniyyət və tarixi əlaqələrin genişləndirilməsi, eləcə də “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz və regional əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.