Lənkəran Dövlət Universitetində (LDU) tələbə və müəllim heyətinin hüquqi biliklərinin artırılması məqsədilə “İnsan hüquqları və hüququn aliliyi: demokratik cəmiyyətin əsas prinsipləri” mövzusunda maarifləndirici seminar keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında hüquqi dövlət prinsiplərini təbliğ etmək və onların vətəndaşlıq məsuliyyəti hissini gücləndirmək olub.
Seminarı giriş sözü ilə açan LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Ramiz Şəmmədov insan hüquqlarının qorunmasının və qanunun aliliyinin müasir dövlətçilikdəki rolundan bəhs edib. Prorektor universitet daxilində bu cür elmi-praktiki görüşlərin mütəmadi təşkilinin tələbələrin dünyagörüşünün formalaşmasındakı əhəmiyyətini xüsusi vurğulayıb.
Tarix-coğrafiya və İncəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova “Ümummilli lider Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin qurucusu kimi” mövzusunda çıxış edib. O, Ulu öndərin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin bərpası və müasir hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətindəki müstəsna xidmətlərini faktlarla diqqətə çatdırıb.
Lənkəran Şəhər Məhkəməsinin hakimi Anar Pənahov “Hüququn aliliyi və ədalətli cəmiyyətin formalaşdırılması” mövzusunda çıxış edərək məhkəmə-hüquq islahatlarından danışıb. Hakim qanun qarşısında hamının bərabərliyi prinsipinin cəmiyyətdə sabitliyin və sosial ədalətin qorunmasındakı rolunu praktiki nümunələrlə izah edib. Universitetin Tarix müəllimliyi ixtisasının III tədris ili tələbəsi Zəhra Ağalıyeva “Azərbaycanda insan hüquqlarının qorunması və müdafiəsi” mövzusunda məruzə edərək, gənclərin qanunvericilik mexanizmlərinə dair yanaşmalarını və fəal vətəndaş mövqeyini nümayiş etdirib.
Tədbir diskussiya və qarşılıqlı fikir mübadiləsi formatında davam edib.