Bəzi abituriyentlər imtahana hazırlıq zamanı diqqətlərini daha çox buraxılış imtahanına yönəldirlər. Buna səbəb olan amillərdən biri də buraxılış imtahanında səhv cavabların doğru cavabların nəticəsinə təsir etməməsidir.
Bu yanaşma isə bəzən abituriyentlərin hazırlıq prosesində vaxt və diqqəti buraxılış imtahanına daha çox, qəbul imtahanına isə nisbətən az ayırmasına gətirib çıxarır.
Bəs, abituriyentlər hər iki imtahana hazırlıq prosesini necə planlaşdırmalı, vaxtlarını fənlər arasında hansı prinsiplə bölüşdürməlidirlər? Uğurlu nəticə əldə etmək üçün hansı hazırlıq strategiyasına üstünlük verilməlidir?
AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi", Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Xəzri Muradov açıqlama verib.

O, qeyd edib ki, yüksək nəticə istəyən şagird məhz çətin hesab etdiyi mövzuların üzərinə getməyi bacarmalıdır:
“Yüksək nəticə əldə etmək istəyən abituriyent imtahanlardan birini əsas, digərini ikinci dərəcəli hesab etməməlidir. Çünki 600-dən yuxarı nəticə təsadüfün deyil, düzgün strategiyanın və ardıcıl zəhmətin məhsuludur.
Abituriyentlərin hazırlıq prosesini müşahidə etdikdə görürük ki, onların bir qismi diqqətini daha çox buraxılış imtahanına yönəldir. Bunun səbəblərindən biri də buraxılış imtahanında səhv cavabların düzgün cavabları aparmaması, digər səbəb isə bəzi şagirdlərin buraxılış imtahanını daha asan nəticə əldə edə biləcəkləri mərhələ kimi qiymətləndirməsidir. Nəticədə hazırlıq vaxtının böyük hissəsi buraxılışa, daha az hissəsi isə qəbul imtahanının ikinci mərhələsinə – blok imtahanına ayrılır.
Mən bu yanaşmanı düzgün hesab etmirəm. Əlbəttə, buraxılış imtahanına ciddi hazırlaşmaq lazımdır. Lakin bu, blok imtahanını arxa plana keçirmək hesabına olmamalıdır. Abituriyent bir imtahanda yüksək nəticə göstərməyi deyil, ümumi qəbul strategiyasını düzgün qurmağı hədəfləməlidir.
Müşahidələrim göstərir ki, elə şagirdlərimiz var ki, onlar həm buraxılış, həm də blok imtahanına eyni məsuliyyətlə yanaşır, hər iki istiqamətdə biliklərini sistemli şəkildə artırırlar. İlin sonunda 600-dən yuxarı nəticə göstərən abituriyentlərin uğurunda da məhz bu yanaşmanın əhəmiyyətini görmək mümkündür. Mən yüksək nəticə göstərən hər bir şagirdin uğurunu yalnız bir amillə əlaqələndirməzdim. Burada bilik, davamlı çalışma, düzgün müəllim dəstəyi, vaxtın idarə olunması və imtahan strategiyası birlikdə rol oynayır.
Digər tərəfdən, bəzi abituriyentlərdə asan yolla nəticə əldə etmək meyli müşahidə olunur. Onlar buraxılış imtahanını daha əlçatan hesab edir, hazırlığın əsas hissəsini bu mərhələyə yönəldir, blok imtahanına isə bəzən ikinci dərəcəli məsələ kimi yanaşırlar. Ancaq qəbul prosesi belə düşünən şagirdlərin hər zaman gözlədiyi nəticəni vermir”.
Abituriyent bilməlidir ki, bir imtahanın başa çatması onun mübarizəsinin bitməsi demək deyil:
“Mənim fikrimcə, “asan imtahana çox, çətin imtahana az hazırlaşmaq” strategiya deyil, çətinlikdən yayınmaqdır. Halbuki yüksək nəticə istəyən şagird məhz çətin hesab etdiyi mövzuların üzərinə getməyi bacarmalıdır.
Burada başqa bir vacib məqama da toxunmaq istəyirəm. Təcrübəmdə müşahidə etmişəm ki, bəzi abituriyentlər buraxılış imtahanını verdikdən sonra hazırlığın intensivliyini azaldır, hətta dərslərə əvvəlki münasibətlərini itirirlər. Mən bunu ciddi yanlışlıq hesab edirəm. Çünki buraxılış imtahanı başa çatdıqdan sonra şagirdin qarşısında hələ mühüm bir mərhələ – blok imtahanı qalır.
Əslində, buraxılış imtahanından sonrakı dövr düzgün qiymətləndirildikdə abituriyent üçün böyük fürsətə çevrilə bilər. Artıq buraxılış fənlərinə əvvəlki qədər vaxt ayırmaq zərurəti azaldığından, şagird diqqətini blok fənlərinə daha çox yönəldə, zəif mövzularını müəyyənləşdirə və biliklərindəki boşluqları aradan qaldıra bilər. Başqa sözlə, bu mərhələ istirahətə çəkilmək deyil, hazırlığı daha məqsədyönlü şəkildə davam etdirmək zamanıdır.
Abituriyent bilməlidir ki, bir imtahanın başa çatması onun mübarizəsinin bitməsi demək deyil. Bəzən həlledici mərhələyə məhz bundan sonra daxil olur”.
Bəs, düzgün hazırlıq strategiyası necə olmalıdır?
"İlk növbədə, şagird özünün hazırkı bilik səviyyəsini obyektiv qiymətləndirməlidir. Hansı fəndə zəif olduğunu, hansı mövzuları mənimsəmədiyini və hansı istiqamətdə daha çox çalışmağa ehtiyac duyduğunu bilməlidir. Hazırlıq sadəcə saatlarla kitab qarşısında oturmaqdan ibarət deyil. Əsas məsələ sərf olunan vaxtın nə dərəcədə səmərəli olmasıdır.
İkincisi, buraxılış və blok imtahanlarına hazırlıq paralel şəkildə aparılmalıdır. Vaxt bölgüsü hər bir abituriyentin səviyyəsinə, fənlər üzrə nəticələrinə və qarşıya qoyduğu hədəfə uyğun müəyyənləşdirilməlidir. Əgər şagirdin buraxılış fənləri zəifdirsə, həmin istiqamətə daha çox vaxt ayırması təbiidir. Eyni zamanda, blok fənlərini aylarla arxa plana keçirmək sonradan ciddi çətinlik yarada bilər.
Üçüncüsü, sınaq imtahanları sadəcə bal toplamaq vasitəsi kimi qəbul edilməməlidir. Hər bir sınaq şagird üçün özünü tanımaq imkanıdır. O, yalnız neçə bal topladığını deyil, hansı səhvləri niyə etdiyini, vaxtı necə idarə etdiyini və hansı mövzuların üzərində yenidən işləməli olduğunu müəyyənləşdirməlidir.
Dördüncüsü, şagirdlər qısa müddətdə yüksək nəticə əldə etmək istəyindən daha çox, davamlı çalışma vərdişi formalaşdırmalıdırlar. İmtahana hazırlıq bir neçə ay ərzində göstərilən səylə deyil, uzun müddət qorunan intizamla nəticə verir".
Yüksək nəticə üçün ailənin də üzərinə məsuliyyət düşür:
"Valideynlərin də bu prosesdə rolu böyükdür. Bəzən ailələr şagirdin buraxılış imtahanındakı nəticəsinə həddindən artıq fokuslanır və bununla da bilmədən onun diqqətini yalnız bir mərhələyə yönəldirlər. Halbuki valideyn üçün əsas meyar təkcə cari bal deyil, övladının ümumi qəbul hədəfinə nə dərəcədə yaxınlaşması olmalıdır.
Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm: hər bir abituriyentin məqsədi sadəcə imtahandan keçmək deyil, arzuladığı ixtisasa qəbul olmaq olmalıdır. Bunun üçün də bütün hazırlıq prosesinə vahid bir yol kimi baxmaq lazımdır.
İmtahanın asanlığını axtaran şagird özünə rahat yol seçə bilər, amma yüksək nəticə üçün məsuliyyətin asan yolu yoxdur.
Mən abituriyentlərə tövsiyə edərdim ki, buraxılış imtahanına hazırlaşarkən blok imtahanını unutmasınlar, buraxılışdan sonra isə çalışma tempini azaltmaq əvəzinə, qalan vaxtdan maksimum səmərə ilə istifadə etsinlər. Çünki yüksək nəticə bir imtahanda nə qədər yaxşı olduğunuzla deyil, qarşınıza qoyduğunuz məqsədə nə qədər ardıcıl və düzgün addımlarla irəlilədiyinizlə müəyyənləşir".