Azedu.az

“Universitet mənim üçün yalnız diplom alacağım yer deyil” - Prezident təqaüdçüsü

Ali təhsil

16 Oktyabr 2026, 10:27
“Universitet mənim üçün yalnız diplom alacağım yer deyil” - Prezident təqaüdçüsü

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir.

Onlardan biri də qəbul imtahanında 682,4 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına qəbul olunan Könül Yusubludur. 

AzEdu.az Könül Yusublu ilə əlaqə saxlayaraq Prezident təqaüdünə layiq görülməsi ilə bağlı təəssüratlarını və gələcək hədəflərini öyrənib.

Mənim üçün universitet sadəcə diplom əldə edəcəyim bir yer deyil, həm də gələcək həyatım üçün bilik, təcrübə və dünyagörüşü qazanacağım bir mühitdir:

"Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə çox sevindim və eyni zamanda böyük qürur hissi keçirdim. Bu uğur uzun müddət ərzində göstərdiyim zəhmətin gözəl nəticələrindən biridir. Əlbəttə, yüksək nəticə əldə etmək üçün əlimdən gələni edir və özümə inanırdım. Lakin Prezident təqaüdçüsü olmaq yenə də mənim üçün xüsusi bir hissdir.

Artıq universitet həyatına uyğunlaşmağa başlamışam və bu yeni mərhələ mənim üçün olduqca maraqlıdır. Bakı Ali Neft Məktəbində təhsil almaq həm yeni biliklər qazanmaq, həm də şəxsi keyfiyyətlərimi inkişaf etdirmək baxımından mənə geniş imkanlar yaradır. Məktəblə müqayisədə universitetdə daha çox müstəqillik və şəxsi məsuliyyət tələb olunur.

Tələbə yalnız dərsdə öyrəndikləri ilə kifayətlənməməli, mövzuları özü də araşdırmalı, vaxtını düzgün planlaşdırmalı və öyrəndiyi bilikləri praktikada tətbiq etməyə çalışmalıdır. İlk vaxtlar yeni mühitə və fərqli tədris sisteminə alışmaq müəyyən qədər çətin olsa da, bunu inkişafımın bir hissəsi kimi qəbul edirəm. Mənim üçün universitet sadəcə diplom əldə edəcəyim bir yer deyil, həm də gələcək həyatım üçün bilik, təcrübə və dünyagörüşü qazanacağım bir mühitdir".

Kimyaya olan marağım bu ixtisası seçməyimdə mühüm rol oynayıb:

"Hazırda əsas məqsədim Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisası üzrə keyfiyyətli təhsil almaq, fundamental biliklərimi möhkəmləndirmək və özümü həm akademik, həm də şəxsi baxımdan inkişaf etdirməkdir. Kimyaya olan marağım bu ixtisası seçməyimdə mühüm rol oynayıb. Məni xüsusilə elmi biliklərin real problemlərin həllində necə tətbiq oluna bilməsi maraqlandırır.

Gələcəkdə beynəlxalq təcrübə qazanmaq, elmi və innovativ layihələrdə iştirak etmək, həmçinin müasir texnologiyalarla bağlı biliklərimi artırmaq istəyirəm. Bununla yanaşı, sənaye sahəsində ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadə və daha dayanıqlı istehsal proseslərinin inkişafı kimi istiqamətlər də diqqətimi çəkir".

Abituriyentlər özlərini başqaları ilə müqayisə etməkdənsə, öz inkişaflarına diqqət yetirsinlər:

"Abituriyentlərə ilk növbədə özlərinə inanmağı, məqsədlərini müəyyənləşdirməyi və hazırlıq prosesində davamlı olmağı tövsiyə edərdim. Məncə, uğurun əsas şərtlərindən biri yalnız çox çalışmaq deyil, həm də düzgün və sistemli çalışmaqdır. Mövzuları vaxtında öyrənmək, mütəmadi təkrar etmək, sınaq imtahanlarında iştirak etmək və səhvlərin səbəblərini təhlil etmək hazırlıq prosesində xüsusi əhəmiyyət daşıyır.

Digər bir məqam isə vaxtı düzgün idarə etmək və istirahəti də unutmamaqdır. İmtahana hazırlıq uzunmüddətli prosesdir və bu müddətdə həm fiziki, həm də mənəvi sağlamlığı qorumaq önəmlidir. Ən əsası isə abituriyentlər özlərini başqaları ilə müqayisə etməkdənsə, öz inkişaflarına diqqət yetirsinlər. Hər kəsin yolu fərqlidir və ardıcıl zəhmət, düzgün strategiya və özünə inam insanı məqsədinə yaxınlaşdırır".

TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr
Son xəbərlərDaha çox