İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən ilk təhsil müəssisəsi olan Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Atakişiyeva Nəzrin Seyfəddin qızı tələbə adını qazanıb.
Belə ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
AzEdu.az bu münasibətlə Nəzrin Atakişiyeva ilə həmsöhbət olaraq təəssüratlarını öyrənib.
“Birinci sinifdə Kəlbəcər rayonunda Əli Əliyev adına 1-2 nömrəli tam orta məktəbdə təhsil almağa başlamışam. 26 avqust 2025-ci ildə isə ailəlikcə Kəlbəcərə köçdük. Həmin vaxt məktəbin adı dəyişdirilərək Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi oldu. Mən də həmin məktəbin ilk və yeganə məzunu oldum.
Bu, mənim üçün həm çox fərqli, həm də duyğusal bir hiss idi.
Bir tərəfdən sinif yoldaşlarımla birlikdə təhsil ala bilməmək, tək oxumaq müəyyən qədər çətin idi. Digər tərəfdən isə doğma vətənim Kəlbəcərdə fəaliyyət göstərən məktəbin ilk məzunu olmaq mənə böyük qürur hissi verirdi. Həm kövrəlirdim, həm də sevinirdim. Son zəng tədbirində Elm və Təhsil naziri də iştirak etmişdi. Bu da mənim üçün çox yaddaqalan oldu. Müəllimlərim və ailəm bütün bu müddətdə mənə çox böyük dəstək göstərdilər.
Bu gün, yəni Kəlbəcərə köçməyimizin bir ili tamam olduğu gündə tələbə adını qazanmağım mənim üçün xüsusi bir sevincdir. Buraxılış imtahanında 151, qəbul imtahanının ikinci mərhələsində isə 209 bal toplamışam. Ümumilikdə 360,4 balla Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olmuşam.
Qəbul olduğumu özüm öyrənmişdim. Nəticəni görəndə çox sevindim və ilk sevincimi ailəmlə, atam və anamla bölüşdüm. Əslində, qəbul olacağıma inanırdım və çox şükür ki, gözləntilərim doğruldu.
Filologiya ixtisasını öz istəyimlə seçmişəm. Ailəm məni bu istiqamətə məcbur etməyib. Filologiyanın fərqli və maraqlı sahə olduğunu düşünürəm. Burada yeni biliklər əldə etmək, fərqli tədris metodlarını öyrənmək mənə maraqlıdır.
Müəllimlərimin də bu seçimimdə böyük təsiri olub. Mən sinif yoldaşlarımdan ayrı düşdüyüm üçün müəyyən çətinliklər yaşasam da, müəllimlərim və valideynlərim mənə hər zaman dəstək oldular. Məni tək qoymadılar və əlimdən gələnin ən yaxşısını etməyim üçün çox çalışdılar.
İmtahana hazırlıq prosesində dərslərimi planlı şəkildə oxuyurdum. Günün birinci hissəsini məktəb dərslərinə, daha sonra isə hazırlıq məşğələlərinə ayırırdım. Beləliklə, həm məktəb dərslərimi, həm də qəbul imtahanına hazırlığımı paralel şəkildə davam etdirirdim.
Valideynlərim də məni çox dəstəkləyirdilər. Xüsusilə atam müəllim olmağımı istəyirdi. Amma onlar üçün əsas məsələ mənim yaxşı universitetdə təhsil almağım idi".
Gələcəkdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi doğma Kəlbəcərdə fəaliyyət göstərmək istəyirəm:
“Mənim üçün ən böyük arzulardan biri həm Kəlbəcərin ilk məzunu olmaq, həm də gələcəkdə həmin məktəbdə müəllim kimi fəaliyyət göstərməkdir. Öz doğma vətənimdə uşaqlara dərs demək mənim üçün çox qürurverici olardı.
Magistratura təhsili ilə bağlı da planlarım var. Bakalavr təhsilimi başa vurduqdan sonra magistratura təhsili almaq istəyirəm. Əgər imkan olsa, magistratura təhsilimi də Qarabağda, doğma bölgəmə yaxın bir yerdə almağı düşünərəm. Əsas istəyim doğma torpağımda təhsilimi davam etdirməkdir.
Mənim kimi doğma torpağında oxumaq istəyən gənclərə demək istəyirəm ki, öz vətənində təhsil almaq çox fərqli və qürurverici hissdir. Valideynlərimizin illər boyu ayrı düşdüyü, həsrətini çəkdiyi torpaqlarda bu gün bizim təhsil almağımız böyük xoşbəxtlikdir. Mən valideynlərimin böyüyüb-başa çatdığı doğma torpaqda təhsil alıram və düşünürəm ki, bu, onların da arzularının bir növ reallaşmasıdır.
Abituriyentlərə isə tövsiyəm odur ki, dərslərinə ciddi yanaşsınlar, amma bütün vaxtlarını yalnız dərsə həsr etməsinlər. Ailəyə, dostlara və istirahətə də vaxt ayırmaq lazımdır. Əsas məsələ hər şeyi düzgün planlaşdırmaqdır. Təbii ki, dərsə daha çox diqqət ayrılmalıdır.
Mən də bundan sonra təhsilimi davam etdirib özümü inkişaf etdirmək istəyirəm. Ən böyük arzularımdan biri isə gələcəkdə doğma Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərməkdir.
Sonda Elm və Təhsil Nazirinə təşəkkürümü bildirirəm. Son zəng tədbirimizdə iştirak etməsi bizim üçün çox sevindirici oldu. Mənə bu günə qədər dəstək olan müəllimlərimə, ailəmə və sizin kimi bu hekayəyə diqqət göstərən hər kəsə təşəkkür edirəm".