Azedu.az

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub- FOTOLAR

Şəki-Zaqatala

5 Oktyabr 2026, 22:36
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub- FOTOLAR

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunub.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şəki şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) rayon-şəhər komitələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov, Şəki rayon prokuroru Anar Nəsibov, YAP Şəki Təşkilatının sədri Daşqın Mikayılov, İdarənin struktur bölmə rəhbərləri, ETİHİ-nin rayon-şəhər komitələrinin sədrləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Mərkəzin foyesində Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzininin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin və dünayadan köçmüş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da çıxışında müəllim peşəsinin yüksək dəyərlərindən, müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan bəhs edib, müəllim əməyinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb və təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Təltif olunan təhsil işçiləri göstərilən diqqət və yüksək dəyərə görə təşəkkürlərini ifadə edib, bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını bildiriblər.

Daha sonra təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup təhsil işçisinə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə verilmiş “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və ETİHİ tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla davam edib.

Ukraynadan ağlasığmaz əməliyyat - 2 min rus əsgəri ö*ldürürldü
Son xəbərlərDaha çox