Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, kitabxanaçı və katibə-makinaçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Test imtahanı Şəki şəhər 11 nömrəli tam orta məktəbdə mərkəzləşdirilmiş qaydada və elektron formada təşkil olunub. İmtahanda qeyd olunan vəzifələr üzrə ümumilikdə 210 namizəd iştirak edib.
Namizədlərə iddia etdikləri vəzifə üzrə 30, qanunvericilik üzrə 15, informasiya-kommunikasiya texnologiyaları üzrə isə 15 sual olmaqla, ümumilikdə 60 sual təqdim olunub. Sualların cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt verilib.
Qeyd edək ki, 17 sentyabr saat 15:00-da təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, çağırışaqədərki hazırlıq rəhbəri, psixoloq və laborant vəzifələri üzrə test imtahanlarının keçirilməsi nəzərdə tutulub.