16-17 sentyabr 2026-cı il tarixlərində inzibati-təsərrüfat və tədris-köməkçi heyətin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak edən namizədlər topladıqları balla //ref.az/2dgTgw keçidinə daxil olaraq şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə tanış ola bilərlər.
İmtahandan uğurla keçən namizədlər topladıqları bala əsasən vakant vəzifələr üzrə sıralanaraq yerləşdiriləcəklər.
Eyni bal toplayan namizədlər arasında üstünlük əvvəlcə müharibə iştirakçıları və onların ailə üzvlərinə, daha sonra təhsil səviyyəsi yüksək, iş stajı çox və müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə veriləcək.
Yaxın günlərdə namizədlərin topladıqları ballara əsasən sıralamadakı yerləri və vəzifələr üzrə tələb olunan sənədlər sektor əməkdaşları tərəfindən yenidən yoxlanılacaq və bundan sonra vakant vəzifələr üzrə təyinatlar həyata keçiriləcək.
Müsabiqədən uğurla keçən, lakin vakant vəzifəyə yerləşdirilməyən namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılacaqlar.
Bildirilib ki, şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu müvafiq tələblərə uyğunluğu yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçirilir.
Nəticələrin açıqlanmasından etibarən üç iş günü ərzində müsabiqənin nəticələrindən narazı qalan namizədlər müvafiq rayon təhsil sektoruna müraciət edərək apellyasiya şikayəti verə bilərlər.