Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ETİHİ Şəki Şəhər Komitəsinin dəstəyi, Təhsil Oyunları Platformasının təşkilatçılığı, “Mide Azərbaycan”ın tərəfdaşlığı ilə “Halva, halva deməklə…” adlı ilk intellektual quiz yarışı keçirilib.
AzEdu.az-a bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışda təhsil işçilərindən, eləcə də müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclərdən ibarət komandalar iştirak ediblər.12 komandanın mübarizə apardığı yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın nəticələrinə əsasən, müəllimlərdən ibarət “Maestro” komandası I yerə, Şəki şəhər 8 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərindən ibarət “Ares” komandası II yerə, Şəki şəhər 18 nömrəli tam orta məktəbinin “Çələbi Xan” komandası isə III yerə layiq görülüb.
Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.Bilik yarışının keçirilməsində məqsəd təhsil işçilərinin və gənclərin intellektual dünyagörüşünü inkişaf etdirmək, müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclər arasında sosial əlaqələri və əməkdaşlığı gücləndirmək, eləcə də asudə vaxtın səmərəli təşkilinə dəstək göstərmək olub.