“Sərbəst fəaliyyət zamanı uşağın seçim etməməsi hər zaman maraqsızlıqdan irəli gəlmir. Bəzən səbəb mühitin əlçatan olmaması, seçim imkanlarının məhdudluğu və ya pedaqoji yanaşma ilə bağlı olur”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutu tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə keçirilən “Sərbəst fəaliyyət və fəaliyyətlərarası keçidlər” mövzusunda vebinarda çıxış edən Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova və Bakı şəhəri 349 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülnar Əliyeva qeyd ediblər.
Bildirilib ki, sərbəst fəaliyyətin düzgün təhlili zamanı üç əsas istiqamət- uşaq, təlim mühiti və tərbiyəçi-müəllimin fəaliyyəti birlikdə qiymətləndirilməlidir.
Qeyd olunub ki, uşağın hansı fəaliyyəti seçməsi, təşəbbüsünün prosesə necə təsir göstərməsi və fəaliyyətini necə davam etdirməsi mühüm göstəricilərdir. Eyni zamanda, uşaqların sərbəst seçim edə bilməsi üçün mühitdə kifayət qədər alternativlərin, vaxtın və əlçatan materialların olması vacibdir.
Çıxış zamanı tərbiyəçi-müəllimin uşağın təşəbbüsünə münasibətinin əhəmiyyəti də vurğulanıb. Diqqətə çatdırılıb ki, müəllim uşağa nə zaman və hansı üsulla dəstək göstərəcəyini düzgün müəyyənləşdirməli, açıq suallar vermək və əlavə materiallar təqdim etməklə onun araşdırma prosesini stimullaşdırmalıdır.
Vurğulanıb ki, sərbəst fəaliyyət zamanı müşahidə olunan davranışları yalnız uşağın fərdi xüsusiyyətləri ilə əlaqələndirmək düzgün deyil. Bu zaman mühitin təşkili, təqdim olunan imkanlar və tərbiyəçi-müəllimin pedaqoji yanaşması da nəzərə alınmalıdır.