Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 6 nömrəli uşaq-gənclər inkişaf mərkəzində (UGİM) “Sağlam həyat tərzi” dərnəyi üzvlərinin iştirakıyla “Təbiətin izi ilə” adlı master-klass təşkil olunub.
AzEdu.az xəbər verir ki, master-klassın əsas məqsədi məktəblilərin ekoloji dünyagörüşünü zənginləşdirmək, onların yaradıcı və praktik bacarıqlarını inkişaf etdirmək, uşaqlarda komanda işi və əməkdaşlıq vərdişlərini formalaşdırmaq, təşəbbüskarlıq və məsuliyyət hissini gücləndirməkdən ibarəkdir.
Master-klass çərçivəsində mərkəzin dərnək üzvləri müxtəlif praktik fəaliyyətlərə cəlb olunublar. Komanda şəklində həyata keçirilən fəaliyyətlər zamanı məktəblilər aralarında əmək bölgüsü aparıb, fikir və təcrübə mübadiləsi edib, birgə qərarvermə və nəticəyə nail olmaq bacarıqlarını praktik şəkildə tətbiq ediblər.
Uşaqlara uğurlar arzulayan BŞTİ-nin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Qurbanova bu cür praktikyönümlü məşğələlərin uşaqların asudə vaxtının səmərəli təşkili və yaradıcı potensialının üzə çıxarılması ilə yanaşı, onlarda ünsiyyət, əməkdaşlıq, problem həlli və təqdimetmə kimi bacarıqların inkişafına imkan yaratdığını qeyd edib. Sektor müdiri bildirib ki, uşaqların real fəaliyyət prosesinə cəlb olunması onlarda gələcək peşə seçimi və əmək bazarına hazırlıq baxımından zəruri olan ilkin praktik bacarıqların formalaşmasına töhfə verir.