Azedu.az

DP təqaüdçüsü Oksford Universitetində müəllim oldu

AzEdu Təhsil Platforması

22 Oktyabr 2026, 12:51
DP təqaüdçüsü Oksford Universitetində müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Birləşmiş Krallığın Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətinə daxil edilib. Hazırda universitetdə beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçümüz akademik fəaliyyətini tədris sahəsində də davam etdirəcək.

AzEdu.az xəbər verir ki, beynəlxalq münasibətlər, diplomatiya və qlobal idarəetmə sahələrini əhatə edən bu proqram müxtəlif ölkələrdən diplomatları, dövlət idarəçiliyi və beynəlxalq siyasət sahəsi üzrə mütəxəssisləri bir araya gətirir. Proqramın məzunları arasında dövlət idarəçiliyində yüksək vəzifələr tutan şəxslər – nazirlər, dövlət rəhbərləri, eləcə də beynəlxalq təşkilatlarda fəaliyyət göstərən mütəxəssislər yer alır.

Təqaüdçümüz müəllim heyətinin üzvü kimi qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində iştirak edəcək, magistrantların proqramın baza akademik istiqamətləri üzrə bilik və bacarıqlarının inkişafına töhfə verəcək. Beləliklə, o, doktorantura təhsilini davam etdirməklə yanaşı, dünyanın aparıcı ali təhsil müəssisələrindən birində tədris təcrübəsi də qazanacaq.

Bununla yanaşı, Nuranə Məmmədova Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin olunması, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.

Qeyd edək ki, təqaüdçümüz magistratura təhsilini də Dövlət Proqramının dəstəyi ilə “Diplomatik tədqiqatlar” ixtisası üzrə Oksford Universitetində alıb.

Dövlət Proqramı çərçivəsində qazandığı bilik və beynəlxalq təcrübə Nuranə Məmmədovanın gələcəkdə ölkəmizə qayıdaraq Azərbaycanın elm, ali təhsil və beynəlxalq münasibətlər sahələrinin inkişafına töhfə verməsi üçün mühüm imkanlar yaradır.

Rusiya şəhərləri bombalanır - Yaralılar var
Son xəbərlərDaha çox