Azedu.az

“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyi keçirilib

AzEdu Təhsil Platforması

Təhsil Nazirliyi

23 Oktyabr 2026, 08:47
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyi keçirilib

Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra layihənin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nəticələri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində göstərilən təşəbbüsləri əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qızlar məktəbinin 125 illiyi və “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib. O, qızların təhsilinin cəmiyyətin tərəqqisinin, milli inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biri olduğunu vurğulayaraq müasir dövrdə rəqəmsal texnologiyalar və əmək bazarının yeni tələbləri fonunda qızların elm, mühəndislik, informasiya texnologiyaları, hüquq və digər perspektivli sahələrə marağının dəstəklənməsinin vacibliyini qeyd edib.

Komitə sədri qızların təhsilinə və gələcək inkişafına dəstəyin genişləndirilməsi üçün dövlət qurumlarını, ali təhsil müəssisələrini, sahibkarları, şirkətləri və uğur qazanmış qadınları əməkdaşlığa dəvət edib. O, mentorluq, təcrübə və peşəkar inkişaf imkanlarının yaradılmasının gənc qızların potensialını reallaşdırmasına, gələcək karyeralarına inamının artmasına və ölkənin inkişafına töhfə verməsinə şərait yaradacağını bildirib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilinə yatırılan investisiyaların yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət etdiyini bildirib. Nazir vurğulayıb ki, qızların təhsili ölkənin intellektual potensialının gücləndirilməsi, gələcək nəsillərin daha savadlı, müstəqil və məsuliyyətli vətəndaşlar kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Emin Əmrullayev həmçinin qadınların dövlət və özəl sektorda, eləcə də cəmiyyətin müxtəlif sahələrində qərarların qəbulunda iştirakının genişləndirilməsinin dayanıqlı inkişafın və daha sağlam cəmiyyətin formalaşmasının vacib amillərindən biri olduğunu diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı roldan bəhs edib. O, dövlət, təhsil və özəl sektor arasında əməkdaşlığın təşəbbüsün davamlı inkişafına töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edənlər layihənin qızların potensialının üzə çıxarılmasına, onların peşəkar inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə verdiyi töhfələri vurğulayıblar. Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları layihənin onların şəxsi inkişafına, müxtəlif təlim və inkişaf proqramlarında iştirakına yaratdığı imkanlardan bəhs ediblər.

Yubiley tədbiri bədii hissəsi ilə yekunlaşıb.

Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi
Son xəbərlərDaha çox