Millət vəkili Anar İsgəndərovun kolleclərin ləğv edilməsi ilə bağlı səsləndirdiyi fikir orta ixtisas təhsilinin gələcəyini yenidən gündəmə gətirib.
Kolleclərin mövcud vəziyyəti, əmək bazarının tələblərinə uyğunluğu və bu təhsil müəssisələrinin fəaliyyətinin davam etdirilməsinin nə dərəcədə məqsədəuyğun olması müzakirə mövzusuna çevrilib.
Kolleclərin ləğvi peşə və orta ixtisas təhsili arasında hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, orta ixtisas təhsili müəssisələri ilə bağlı çox ciddi problemlərimiz var və bu sahədə dərin islahatlara ehtiyac duyulur:

Hazırda Nazirlər Kabinetinin subbakalavrların bakalavriat səviyyəsinə qəbulunu tənzimləyən müvafiq qərarı mövcuddur. Əgər həmin qərar qüvvədən düşərsə, inanıram ki, kolleclərə qəbul olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. Mövcud vəziyyəti nəzərə alsaq, bu say hazırkı səviyyənin 30-40 faizinə qədər enə bilər. Bunun əsas səbəbləri arasında kollec məzunlarının iş tapmaqda çətinlik çəkməsi, təhsilin keyfiyyətinin arzuolunan səviyyədə olmaması və digər amillər var”.
Təbii ki, kollecləri tamamilə ləğv etmək mümkün deyil, müəyyən sayda kollec fəaliyyətini davam etdirəcək:
Kolleclərin fəaliyyətində baş verəcək dəyişikliklərin əmək bazarının mütəxəssis tələbatına ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki hazırda işəgötürənlər orta ixtisas təhsili müəssisələrinin məzunlarına o qədər də üstünlük vermirlər. Bakıdakı 1 və 2 nömrəli baza tibb kollecləri, eləcə də regionlardakı tibb kollecləri istisna olmaqla, digər kolleclərin məzunlarının işlə təmin olunma göstəriciləri yüksək deyil.
Bununla yanaşı, bəzi kolleclər müvafiq ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir. Məsələn, Azərbaycan Dövlət Dəniz Akademiyasının tabeliyindəki kollec və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Neft-Sənaye Kollecinin məzunları əmək bazarında öz ixtisaslarına uyğun iş tapa bilirlər. Lakin digər kolleclərin məzunlarının böyük əksəriyyəti müvafiq sahələrdə iş tapmaqda çətinlik çəkir.
Bu baxımdan hesab edirəm ki, həmin şəxslər peşə təhsili istiqamətinə yönəlsələr, onların əmək bazarında iş tapmaq imkanları daha geniş ola bilər”.