Azedu.az

Kolleclərdə dərslər başlayıb, qəbul hələ bitməyib - Tələbələr geri qalır

Kolleclər

28 Sentyabr 2026, 14:01
Kolleclərdə dərslər başlayıb, qəbul hələ bitməyib - Tələbələr geri qalır

Kolleclərdə dərslərin başlamasından təxminən iki həftə sonra boş qalan plan yerlərinə ixtisas seçimi aparılıb və seçim prosesi 27 sentyabrda başa çatıb. Bu isə həmin ixtisaslara qəbul olunan tələbələrin tədrisə digər tələbələrdən gec başlaması deməkdir.

Gec qəbul olunan tələbələr həm dərslərə, həm də kollektivə adaptasiya zamanı çətinliklərlə üzləşə bilərmi? 

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Məzahir Məmmədli danışıb. 

O qeyd edib ki, tədris başlayandan iki həftə sonra tələbənin kollecdə təhsilə cəlb olunması həm proqramın mənimsənilməsində, həm də sosiallaşmasında ciddi çətinliklər yaradacaq:

189799

"Artıq Azərbaycan cəmiyyətinə məlumdur ki, kollecləri daha çox ali təhsil müəssisələrinə qəbul üçün yüksək nəticə göstərə bilməyən tələbələr seçirlər. Bunu nəzərə alsaq, sentyabrın 15-dən tədris başlayandan iki həftə sonra boş qalan plan yerlərinə qəbul aparılması həmin tələbələr üçün müəyyən problemlər yarada bilər. Çünki onlar artıq iki həftə ərzində tədris proqramından geri qalırlar. Bu, həm proqramın mənimsənilməsinə, həm də sosiallaşmalarına mənfi təsir göstərə, müəyyən narahatlıq və gərginlik yarada bilər.

Mən düşünürəm ki, Azərbaycan qəbul sistemində müəyyən dəyişikliklər edilməyənə qədər həm ali təhsil müəssisələrində, həm də kolleclərdə belə gecikmiş qəbul halları ilə qarşılaşacağıq. Təsəvvür edin ki, ali təhsil müəssisələrində hazırda 3 faizlik boşluq yaranıbsa, tədrisin ilk üç ayından sonra daha çox sayda plan yerinin boş qaldığını görə bilərik.

Bu vəziyyətin səbəblərindən biri Dövlət İmtahan Mərkəzinin nəticələri tam dəqiqləşdirmədən boş qalan plan yerlərini elan etməsidir. Məsələn, özəl liseylərin məzunlarının bir hissəsi yüksək nəticə göstərərək Azərbaycan universitetlərinə qəbul olur, lakin sonradan xaricdə təhsil almağa üstünlük verirlər. Bu halda həmin tələbələr qəbul olduqları yerlərdən imtina edir və nəticədə plan yerləri boş qalır. Eyni zamanda, onların qəbulda iştirakı özəl liseylərin reytinq göstəricilərinə də təsir edir".

Qəbul qaydalarındakı boşluqlar aradan qaldırılmayana qədər həm kolleclərdə, həm də universitetlərdə plan yerlərinin boş qalması davam edəcək:

"Kolleclərdə də oxşar vəziyyəti müşahidə edirik. Bəzi tələbələr ali təhsil müəssisəsinə qəbul ola bilmədikdən sonra kollecdə iki və ya iki il yarım təhsil almaqdansa, növbəti qəbul imtahanına hazırlaşmağa üstünlük verirlər. Bu səbəbdən kolleclərdə də boş yerlər yaranır.

Ümumilikdə, qəbul qaydalarında müəyyən boşluqlar var. Bu məsələlər aradan qaldırılmayana qədər həm kolleclərdə, həm də ali təhsil müəssisələrində plan yerlərinin tam dolmaması ilə bağlı problemləri müşahidə edəcəyik. Magistratura səviyyəsində də bunu görmək mümkündür: ötən il təxminən 3200, bu il isə 1000-ə qədər boş yer qalıb və hətta dövlət sifarişli yerlər də tam dolmayıb.

Düşünürəm ki, bütün bunlar qəbul siyasətində müəyyən dəyişikliklərə ehtiyac olduğunu göstərir. Müvafiq dəyişiklik və əlavələr edilməli, növbəti illərdə belə problemlər yaşanmamalıdır".

Ərdoğandan Əliyevə kritik zəng - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox